Yeni çağırışlar, yeni məsuliyyətlər: Azərbaycan gəncliyinə mesaj - ÖZƏL

"Azərbaycan Gənclər Günü ərəfəsində gənclərimizə çağırış edərək bildirmək istəyirəm ki, ölkəmizi və xalqımızı dünyada layiqincə təmsil etmək üçün öz üzərlərində daim çalışmalı, özlərini hərtərəfli şəkildə yetişdirməlidirlər. Bu gün Azərbaycan artıq qlobal oyunçuya çevrilmiş, dünyada adı sayılan və seçilən bir dövlətdir. Təbii ki, belə bir dövlətin vətəndaşı və xüsusən də gənci olmaq əlavə məsuliyyət deməkdir."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Bu baxımdan hesab edirəm ki, indiki gənclərimiz 20-25, hətta 30 il əvvəlki gənclərdən fərqli olaraq yeni çağırışlara uyğun şəkildə formalaşmalıdırlar. Məsələn, biz 90-cı illərin, 80-ci illərin sonlarının, 2000-ci illərin əvvəllərinin gəncləri idik və bizim üzləşdiyimiz çağırışlar tamam fərqli idi. O dövrdə biz Azərbaycan adlı dövləti dünyaya tanıtmağa çalışırdıq, işğal altında olan torpaqlarımızın dərdini beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirdik, qaçqın çadırlarından, məcburi köçkünlərin ağır həyat şəraitindən danışırdıq. Yəni bizim mübarizəmiz və gündəmimiz tamamilə başqa idi.

Bu gün isə, şükürlər olsun ki, Azərbaycan bütün həmin məsələləri artıq geridə qoyub. Prezident İlham Əliyevin şəxsi səyləri və Azərbaycan xalqının ona göstərdiyi etimad nəticəsində ölkəmiz bu problemləri uğurla həll edib. Demək istədiyim odur ki, artıq həmin çağırışlar yoxdur. Bu günün əsas çağırışı qlobal oyunçuya çevrilmiş Azərbaycanın bu mövqeyini qoruyub saxlamasına və daha da möhkəmləndirməsinə töhfə verməkdir.

Bunu kim etməlidir? Əlbəttə ki, gələcək nəsil, yetişməkdə olan gənclərimiz. Məhz buna görə düşünürəm ki, 2 Fevral - Azərbaycan Gənclər Günü ərəfəsində gənclərimizə əsas çağırışımız belə olmalıdır: özünüzü yaxşı yetişdirin, milli və vətənpərvər ruhda formalaşın. Xüsusilə də Azərbaycanın dövlət dili, milli maraqları, milli mədəniyyəti, mənəviyyatı və əxlaqı məsələlərində heç bir güzəştə getməyin.

Unutmayın ki, ölkə xaricində olduğunuz zaman siz Azərbaycanı təmsil edirsiniz. Sizin hər bir davranışınız, hərəkətiniz, dediyiniz söz və atdığınız addım Azərbaycanın adına yazılır. Ona görə də çalışın ki, hər zaman ölkəmizi layiqincə təmsil edəsiniz."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31