Dehlidən Brüsselə yeni körpü: Rusiya strateji müttəfiqini itirir? – ÖZƏL
14:18 Siyasət"Avropa Birliyi ilə Hindistan arasında yeni sazişlər imzalanıb. Bu sazişlər Hindistan üçün yeni inteqrasiya imkanları yaradır və Avropa Birliyi bazarına çıxışı xeyli asanlaşdırır".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi ekspert Ramiyə Məmmədova deyib. Ekspert bildirib ki, burada, təbii ki, yalnız Avropa Birliyini deyil, ABŞ faktorunu da nəzərə almaq lazımdır. Çünki ABŞ uzun müddətdir Hindistanı Rusiya ilə mövcud tərəfdaşlıq münasibətlərindən uzaqlaşdırmağa çalışırdı. Məlum olduğu kimi, Hindistan enerji baxımından ciddi asılılıq vəziyyətindədir. Ölkənin daxili enerji resursları kifayət etmir və bu səbəbdən Hindistan uzun illərdir Rusiyadan uyğun, daha ucuz qiymətlərlə neft və qaz idxal edir. Rusiya-Hindistan tərəfdaşlığı həm enerji, həm silah sənayesi, həm yaşıl enerji, həm də kənd təsərrüfatı sahələrində geniş və uzunmüddətli xarakter daşıyırdı. Lakin imzalanan yeni sazişlərdən sonra Hindistanın tədricən Rusiyadan uzaqlaşma mərhələsinə keçəcəyi gözlənilir. Bu proses ani və kəskin olmayacaq, mərhələli şəkildə baş verəcək.
Ekspertin sözlərinə görə, nəticədə Rusiya üçün Hindistan artıq strateji tərəfdaşdan daha çox, sadəcə neft və qaz alan bir müştəri rolunda çıxış edəcək. Bu isə şübhəsiz ki, Rusiyanın maraqlarına ziddir. Çünki Rusiya ilə Hindistan arasında indiyədək enerji, silah sənayesi, yaşıl enerji və kənd təsərrüfatı sahələrində geniş ticarət əlaqələri mövcud idi. Yeni geosiyasi şəraitdə isə Rusiya Hindistanı yavaş-yavaş itirməyə başlayacaq. Bunun əsas səbəbi ABŞ-nin Hindistan üçün planlaşdırdığı strateji gələcəkdir. ABŞ Hindistanı Avropa Birliyi ilə yaxın tərəfdaşa çevirməklə onu öz nəzarət dairəsinə daxil etməyə, Rusiyadan uzaqlaşdırmağa və Çinlə rəqabətdə alternativ güc kimi formalaşdırmağa çalışır.
"Avropa Birliyi üçün də Hindistanla münasibətlərin genişlənməsi böyük imkanlar açır. Bu həm enerji sahəsində, həm də ticarət baxımından yeni perspektivlər yaradır. Eyni zamanda ABŞ üçün də Hindistan böyük və perspektivli bazar kimi ön plana çıxır. Qarşılıqlı ticarət əlaqələrinin genişlənməsi, müxtəlif məhsullar üçün yeni bazarların açılması həm Avropa, həm də Amerika üçün strateji əhəmiyyət daşıyır. Bu kontekstdə Rusiyanın bazarı Hindistan üçün əvvəlki qədər cəlbedici görünməyə bilər. Çünki Avropa və ABŞ bazarları Hindistan üçün açılmağa başlayır. ABŞ-nin bu münasibətlərin dərinləşməsi naminə tarif məsələlərinə yenidən baxacağı, Hindistan məhsullarının Qərb bazarlarına çıxışı üçün gömrük rüsumlarını azaltacağı da istisna edilmir. Bu isə Hindistan iqtisadiyyatı və büdcəsi üçün əlavə üstünlüklər yaradır", - deyə siyasi şərhçi əlavə edib.
Ekspertin fikrincə, Hindistanla Avropa Birliyi arasında formalaşan yeni münasibətlər həm iqtisadi, həm də siyasi baxımdan ciddi əhəmiyyət kəsb edir. Asiyanın ən böyük dövlətlərindən biri olan Hindistan tədricən ABŞ və Avropa Birliyinin təsir dairəsinə daxil olur, bu isə müəyyən mənada onun ticarət baxımından Qərbdən asılılığını da artırır. Eyni zamanda bu proses ABŞ və Avropa Birliyinə Asiyada Çinə qarşı balans yaratmaq, regionu nəzarətdə saxlamaq, Rusiyanın təsir imkanlarını zəiflətmək və gələcəkdə ticarət və iqtisadiyyatın həcmini böyütmək imkanı verir. Bu baxımdan imzalanan sazişlər həm iqtisadi, həm də siyasi və strateji mahiyyət daşıyır.
Lamiyə Cəbrayılova