Qafqazda taktiki razılaşmalar dövrü: Trampın Rusiya ilə hesabı nədir?-L ÖZƏ
14:04 SiyasətABŞ Prezidenti Donald Tramp Azərbaycan-Ermənistan sülh prosesini özünün uğuru kimi təqdim edərək regionu "Putinin ərazisi" adlandırıb. Ekspertlər bu fikri Qafqazda real güc balansını və Rusiyanın təsirini qəbul edən geosiyasi mesaj kimi dəyərləndirirlər.
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Tramp ABŞ-ın geopolitik maraqlarına beynəlxalq hüququn norma və tələbləri baxımından deyil, müasir dövrün geosiyasi reallıqları, qlobal qarşıdurmanın əks qütblərində mövqe tutmuş tərəflərin güc və imkanları, habelə ABŞ-ın həyati mənafeləri naminə, onlarla sövdələşmələrin vəd etdiyi mənfəət prizmasından yanaşır. Venesuela ətrafında baş verənlərə onun beynəlxalq hüquq deyil, öz əxlaq və dünyagörüşü konteksindən yanaşması barədə məlum bəyanatı bunu bir daha sübut etdi. ABŞ-ın beynəlxalq aləmdə oynadığı rola onun "hər şeydən üstün ABŞ-dır" kimi açıqlaması göstərir ki, ABŞ Avropa və NATO-dakı müttəfiqlərinin maraqları naminə əvvəllər olduğu kimi xərcləri öz üzərinə götürmək niyyətində deyil, bu mövqe isə artıq ABŞ-Avropa, ABŞ-NATO münasibətlərində ciddi problemlər yaradıb, elə buna görədir ki, Tramp Bayden iqtidarından fərqli olaraq Ukraynanın Rusiyaya qarşı apardığı müharibədə rəsmi Kiyevə əvvəllər olduğu kimi güzəştli şərtlərlə hərbi və maliyyə dəstəyi verməkdən imtina edib. "Avropanın təhlükəsizliyi ilk növbədə Avropanın öz işidir" deyərək Ukraynadakı müharibənin maliyyə yükünü NATO üzrə müttəfiqlərinin üzərinə yükləyib, Qrelandiyaya açıq iddialarını ortalığa qoymaqla ABŞ və AB-nin aparıcı dövlətləri ilə münasibətlərdə gərginliyə səbəb olub, Avropadakı müttəfiqlərindən fərqli olaraq Ukraynaya ABŞ hərbi kontingentini göndərməyəcəyini bəyan edib. Bu isə AB-nin bəzi ölkələrində, məsələn Fransada NATO-dan kənar ümumavropa qoşunlarının yaradılması barədə təkliflərin meydana çıxmasına səbəb olub.
Tramp Çini ABŞ-ın əsas rəqibi kimi qəbul edərək Rusiya və Çin arasında əməkdaşlıq divarında çat yaratmağa, Ukraynaya təzyiqləri gücləndirmək, ona ərazi məsələlərində Rusiyaya güzəştə getməyə sövq etmək yolu ilə Putin ilə Avropanın, Cənub Şərqi Asiyanın nüfuz dairələrinə bölünməsi məsələləri ətrafında sövdələşməyə gəlməyə səy göstərir. Arktika ətrafında da, tərəflərin qarşılıqlı maraq və mənfəət prinsipləri gözlənilməklə bəzi məsələlər ətrafında əməkdaşlıq etmə imkanları ekspertlər tərəfindən yüksək qiymətləndirilir.
Tramp Latın Amerikasının ABŞ-ın nüfuz dairəsi kimi tanınması müqabilində istisna deyil ki, Cənubi Qafqaza təsir imkanlarının saxlanılması kimi məsələlər ətrafında Rusiya ilə razılığa gələ bilsin, lakin bu razılıqlar strateji deyil, daha çox taktiki anlamlı gedişlər ola bilər, zira Cənubi Qafqaz regionu ətrafında gələcək geopolitik durum, ilk əvvəl yaxın bir neçə ildə bu ölklərin region və dünya birliyi ilə qura biləcəyi münasibətlərdən, Ukrayna problemi və Avropa təhlükəsizlik məsələləri ətrafında geosiyasi qütbləşmənin əks cinahlarında durmuş tərəflərin münasibətlərindən, İran probleminin həll edilməsi ilə bağlı Yaxın Şərqin geopolitik durumunda baş verə biləcək dəyişikliklərdən, ABŞ-ın özündə bu ilin noyabrında konqresə keçiriləcək seçkilərin nəticələrindən, Ermənistanda parlament seçkilərindən sonra ölkə daxilində siyasi qüvvələr arasında münasibətlərin xarakterindən və bir sıra digər məsələlərdən asılı olacaq. Etiraf etmək lazımdır ki, Rusiya Tramp yolunun özünün arxa bağçası saydığı Cənubi Qafqazın geopolitik durumunda doğura biləcəyi təfərrüatlara seyirci qalmayacaq, Çinin "bir kəmər, bir yol layihəsi"nə Trampın baxışları isə rəsmi Pekini Rusiya, habelə İranla daha sıx əməkdaşlıq qurmağa sövq edəcək. Azərbaycan bütün hallarda geopolitik qarşıdurmanın mərkəzində olacaq, belə ki, beynəlxalq tranzit əhəmiyyətli yüklər bütün hallarda onun ərazisindən keçdiyindən (söhbət dəhlizlərdən gedir) onun ətrafında tərəflər öz həyati maraqlarından çıxış edərək gedişlər edəcəklər, rəsmi Bakının bu gedişlərin perspektivləri ilə bağlı vəziyyətlərdən asılı olaraq manipulyasiyalar etmək imkanı həmişə olacaq".
Zeynəb Mustafazadə