Qüdrətli dövlətin qüdrətli gəncləri
13:28 Siyasət2 fevral - Azərbaycan Gəncləri Günüdür. Hər il gənclərimiz Ulu Öndər Heydər Əliyevin onlara böyük hədiyyəsi olan bu günün təsis edilməsini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi sonsuz ruh yüksəkliyi ilə qeyd edirlər. Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Gəncləşən, müasirləşən ölkəmizdə gələcəyimizi etibar etdiyimiz yeni nəslin nümayəndələri diqqət və qayğı ilə əhatə olunublar. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlətin gənclər siyasəti azərbaycançılıq ideologiyasının tərkib hissəsidir. Bu baxımdan "Gənclər günü"nün əlamətdar hadisə kimi qeyd olunması, həyata keçirilən islahatlar Prezident İlham Əliyevin sərəncamı ilə 2007-ci ilin "Gənclər ili" kimi qeyd olunması, idarəetmə strukturlarında gənclərə üstünlük verilməsi kimi amillər gənclərə inam və diqqətin bariz nümunəsidir. Müstəqil Azərbaycanın inkişafında böyük potensiala malik, yenilməz qüvvə kimi fəallıq göstərən gəncliyin cəmiyyətdəki rolu artır. Gənclərin hərtərəfli hazırlıqlı mütəxəssis, vətəndaş kimi yetişməsi, təhsil alması, fiziki cəhətdən sağlam böyüməsi, gələcəyini təmin etməsi, öz istəyinə uyğun həyat yolunu seçməsi üçün ölkəmizdə hər cür şərait mövcuddur.
Prezident İlham Əliyevin gənclərə qayğısı da bu məntiqə əsaslanır. "Azərbaycanı ən qüdrətli ölkəyə çevirək" çağırışına uyğun aparılan islahatlarda yeni nəslin nümayəndələrinin fəallığı hər sahədə hiss olunur. Qeyd edilməlidir ki, gənclərin təhsili, asudə vaxtlarının səmərəli, maraqlı və məzmunlu təşkili, milli ədət və ənənələrə bağlılıq ruhunun gücləndirilməsi, dünyəvi və bəşəri irsə yiyələnmələri üçün önəmli islahatların aparılması, dünya standartlarına uyğun layihələrin həyata keçirilməsi ənənəvi hal alıb. Azərbaycanda keçirilən, gənclər arasında məşğulluğun və savadlılığın artırılması kimi mühüm əhəmiyyətli problemlərə həsr olunmuş beynəlxalq simpozium və konfranslar da ölkə gəncliynin daha gözəl sabahı üçün nəzərdə tutulan tədbirlərdir. Azərbaycan regionda yeganə dövlətdir ki, müharibə şəraitində yaşasa da iqtisadi və sosial inkişafı ilə bir çox dünya dövlətlərini üstələyib.
Çoxsaylı təhsil ocaqlarının inşası, bərpası və yenidənqulması sahəsində də öndə gedən ölkəmizdə yeniyetmələrin, gənclərin sağlamlığı üçün ən müasir avadanlıqlarla təmin olunmuş müasir olimpiya kompleksləri istifadə verilib. Beləliklə yeni nəslin idmana marağı artırılıb ki, ba da ölkəmizi beynəlxalq alımdə təbliğ etmək üçün əlverişli şərait yaradır. Azərbaycan gənclərinin dünyanın ən tanınmış ali məktəblərində dövlətin dəstəyi ilə təhsil almaları, ixtisaslı kadrlar kimi ölkə iqtisadiyyatının qüdrətlənməsində fəaliyyət göstərməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin davamıdır. Hələ sovetlər birliyində 1000-dən artıq azərbaycanlı gənci ittifaq respublikalarındakı ali təhsil müəssisələrinə göndərməklə Azərbaycanın ölkə sərhədlərindən kənarda tanınması və təbliği üçün zəmin yaradan ulu öndərin ənənəsi bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi həmin kadrlar ölkəmizin inkişafının qüdrətlənməsində təcrübəli mütəxəssislər kimi çalışırlar. Gənclərin Azərbaycandan kənarda təhsil almalarını təmin edən Dövlət Proqramının həyata keçirilməsi beynəlxalq səviyyədə formalaşan Azərbaycan gəncliyinin dünya birliyinə inteqrasiyasının sürətlənməsini təmin edən başlıca amildir.
Azərbaycan vətəndaşları arasında çoxluq təşkil edən, inkişaf perspektivləri böyük olan gənclər onlara göstərilən belə yüksək diqqət və qayğı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını təhsildə, ictimai həyatda göstərdikləri fəallıqla bildirir, möhtərəm Prezidentimizin daxili və xarici siyasətini birlik və həmrəylikləri ilə dəstəkləyirlər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev gəncləri "Azərbaycanın milli sərvəti" adlandırır. İqtisadi qüdrəti, milli-mənəvi dəyərlərə sadiqliyi, ordu quruculuğu və digər sahələrdə aparılan islahatlarda gənclərin fəallığı təsdiqləyir ki, gələcəyimizi etibar edəcəyimiz bugünkü gənclik onlara göstərilən etimadı doğruldur. Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında qeyd olunduğu kimi artıq təşkilatlanmış, mütəşəkkil gənclər ordusu vahid məqsəd uğrunda birləşir, gələcəyə istiqamətlənmiş dövlət siyasətinin aparıcı qüvvəsi kimi tək ölkəmizdə yox Azərbaycandan kənarda da siyasi, ictimai fəallığını artırır. Prezident İlham Əliyevin müxtəlif sahələrdə uğurla çalışan gənclər və tələbə gənclər təşkilatı nümayəndələri ilə mütəmadi görüşü, Gənclər Fondunun yaradılması müasir gəncliyin dövlətçilik prinsipləri əsasında, vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin artırılması, ixtisaslı mütəxəssislərin hazırlanması üçün əlavə islahat və layihələrin tətbiqini sürətləndirir. Gənclərin cəmiyyətin ictimai-siyasi, iqtisadi- sosial və mədəni həyatında fəallığının artırılması üçün yeni imkanlar yaradır. Gənclər arasında işsizlik probleminin aradan qaldırılması, yaşayış sahələri ilə təmin olunması üçün ipoteka kreditlərinin ayrılması, Azərbaycanın indiki dinamik inkişafına uyğun, ən müasir texnologiyaları idarə edəcək mütəxəssis, kadr hazırlığına diqqətin artırılması kimi mühüm amillərə əsas prioritet kimi xüsusi diqqət göstərilir.
Təsadüfi deyil ki, ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli mənlik şüurunun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Belə tədbirlər respublikamızın bütün bölgələrini əhatə edir. Bölgələrdə fəaliyyət göstərən ictimai təşkilatlar və dövlət orqanları bu işdə daha fəallıq göstərirlər. Heç şübhəsiz ki, həyata keçirilən maarifləndirmə işləri gənclərin vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynayır. Bunun bariz nümunəsini 44 günlük Vətən müharibəsində gördük. Məhz vətənprvər gənclərimizin qanı, canı bahasına torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olundu. Prezident İlham Əliyev haqlı olaraq qeyd edib: "Biz bu vəziyyətlə barışmadıq və mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi". Bu gün də ölkədə vətənpərvər gənclər yetişir, şübhə yoxdur ki, həmin gənclərin sayəsində dövlətimizin qüdrəti günü-gündən artmaqdadır.
Alim Hüseynli