Azərbaycanda seçici siyahısının dəqiqləşdirilməsinə başlanılıb - RƏSMİ
13:11 SiyasətSeçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 2026-cı il yanvar ayının əvvəllərindən etibarən başlanan ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesi davam edir.
Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
Bildirilib ki, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada seçici siyahıları ilkin mərhələdə hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilir və fevralın 5-dək dairə seçki komissiyalarına verilir.
Dairə seçki komissiyaları isə öz növbəsində seçki dairələri üzrə seçici siyahılarını dəqiqləşdirdikdən sonra əlaqədar qurumlardan daxil olan məlumatlarla bir daha təhlil edərək siyahıları aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.
Bundan sonra Mərkəzi Seçki Komissiyası seçicilərin daxil olduğu məlumat bazasını toplayır, orada olan mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram təminatı vasitəsi ilə bir daha dürüstləşdirir, müxtəlif parametrlər üzrə texniki təftiş edir və may ayının sonunadək Komissiyanın bununla bağlı iclasında prosesə yekun vurur.
Seçki qanunvericiliyinin tələblərinə əsasən dəqiqləşdirmə prosesi baş çatdıqdan sonra seçici siyahıları Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilir.