Gənclər siyasəti mahiyyət və keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyub- ÖZƏL
12:34 Siyasət"Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında, eləcə də sosial-iqtisadi və digər sahələrdə fəal iştirak edir, intellektual potensialı və kreativliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsinə mühüm töhfələr verir". "Olaylar" xəbər verir ki, bunu YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev deyib: "Azərbaycan gəncləri ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, milli-mənəvi irsimizin təbliğində fəallıq göstərirlər. Bütün bu nailiyyətlər gənclər üçün yaradılan geniş imkanların, müasir təhsil sisteminin və özünü təsdiq üçün formalaşdırılmış əlverişli mühitin nəticəsidir. Bu uğurların əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
S.Əliyev qeyd edib ki, hazırda ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyub: "Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi gənclər siyasətinə sadiqliyini qəbul etdiyi qərarlarla ardıcıl şəkildə nümayiş etdirir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, xaricdə təhsili, sosial müdafiəyə ehtiyacı olan gənclərin problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait dövlətin bu sahəyə göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.
Vətən müharibəsi Azərbaycan gəncliyi üçün ən həlledici sınaqlardan biri oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda qəhrəmancasına döyüşən gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Gənclərimiz yalnız döyüş meydanında deyil, arxa cəbhədə də fəallıq göstərərək ölkəmizlə bağlı həqiqətlərin və Ermənistanın törətdiyi vandalizm aktlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayırlar.