Trampın “Putin ərazisi” etirafı: Hüquqi reallıq, yoxsa böyük dövlətlərin nüfuz savaşı? – ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinqdə Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə toxunaraq, bu münaqişənin həllini özünün böyük uğuru kimi təqdim edib. O, Putinin belə bu nəticəyə təəccübləndiyini iddia edərək, regionu "Putinin ərazisi" kimi xarakterizə edib. Ekspertlər hesab edirlər ki, bu ifadə beynəlxalq hüquqdan daha çox, Trampın regiondakı faktiki Rusiya təsirini qəbul edən "realist" geosiyasi yanaşmasını əks etdirir. Bu açıqlama Qafqaz dövlətləri üçün güc balansını düzgün hesablamaq baxımından mühüm siqnal sayılır.

ABŞ prezidentinin açıqlaması reallığı nə dərəcədə əks etdirir? Trampın regionu "Putinin ərazisi" adlandırması, ABŞ-nin Cənubi Qafqazda Rusiyanın dominantlığını de-fakto qəbul etməsi deməkdirmi? 

"Donald Tramp belə bir açıqlama verib və Cənubi Qafqazı faktiki olaraq Putinin təsir dairəsi kimi xarakterizə edib, regionda sülh prosesinin baş tutmasını da Putinin təcrübəsi və roluyla əlaqələndirib. Görünür, bu, Trampın Putinə yönəlik müəyyən bir jestidir. Eyni zamanda Putin də Trampı tərifləyir, onun haqqında müsbət fikirlər səsləndirir və bu yolla Trampın gözündə mövqeyini möhkəmləndirməyə çalışır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, reallıq ondan ibarətdir ki, de-fakto Rusiya hələ də Türkiyə və Cənubi Qafqaz üzərində təsir imkanlarını qoruyur və bu regionu öz nüfuz dairəsi hesab edir. Trampın bu faktı etiraf etməsi əslində mövcud reallığın ifadəsindən başqa bir şey deyil. Formal olaraq beynəlxalq hüquq mövcuddur, suveren dövlətlərin suveren bərabərliyi prinsipi var. Lakin böyük dövlətlərin dünyaya baxışı fərqlidir. Onlar dünyanı real siyasət prizmasından qiymətləndirir və təsir dairələri üzrə bölüşdürürlər. Bu nüfuz zonalarının mövcudluğunu Rusiya, ABŞ və Çin kimi böyük güclər hamıdan yaxşı anlayır. Bu baxımdan burada təəccüblü bir məqam yoxdur. Lakin son dövrlərdə Cənubi Qafqazda baş verən proseslər, Tramp amilinin meydana çıxması, ABŞ ilə Azərbaycan, eləcə də ABŞ ilə Ermənistan arasında əməkdaşlığın dərinləşməsi de-fakto Rusiyanın regiondakı üstünlüyünün tədricən zəiflədilməsinə xidmət edir.

Ekspert qeyd edib ki, eyni zamanda Rusiyanın Cənubi Qafqaz və Türkiyəyə qarşı davamlı təzyiqləri, eləcə də ona bağlı təbliğatçıların Azərbaycana yönəlik təhdid xarakterli çıxışları ondan qaynaqlanır ki, Moskva hələ də regionu və keçmiş sovet respublikalarını özünün de-fakto nüfuz dairəsi hesab edir. Tramp sadəcə bu reallığı dilə gətirib. Lakin bir faktın etiraf olunması onun dəyişməz olduğu anlamına gəlmir.
Biz də bilirik ki, Rusiyanın təsir mexanizmləri, o cümlədən "beşinci kolon" mövcuddur və bu təsirlərlə mübarizə aparılır. Əsas məqsəd məhz bu de-fakto vəziyyəti dəyişməkdir. Azərbaycan da bu istiqamətdə ardıcıl addımlar atır, mövcud reallığı transformasiya etməyə çalışır. Bu prosesdə Trampın da region ölkələrinə müəyyən dəstək göstərdiyi müşahidə olunur. Məsələnin mahiyyəti, əslində, bundan ibarətdir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31