Gürcüstan Qərbdən uzaqlaşırmı? Vaşinqton niyə Tbilisiyə soyuqdur -ÖZƏL
16:03 SiyasətGürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Cənubi Qafqaz səfəri çərçivəsində Tiflisə baş çəkməməsinə münasibət bildirib. Kobaxidze qeyd edib ki, bu səfər birbaşa "TRIPP marşrutu" (Zəngəzur dəhlizi) layihəsi ilə bağlıdır, bu səbəbdən Vaşinqtonun əsas diqqət mərkəzində Ermənistan və Azərbaycanın olması təbiidir.
Qeyd edək ki, rəsmi Tiflis ABŞ-dəki administrasiya dəyişikliyindən (Trampın qələbəsindən) sonra münasibətlərin tam bərpasını gözləsə də, hələ ki, Vaşinqtondan gözlənilən "strateji istilik" hiss olunmur.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" İndiki Gürcüstan iqtidarının hakimiyyətinin ilk günlərindən atdığı addımlar ABŞ-da, ümumiyyətlə, kollektiv Qərbdə çox ciddi narazılığa səbəb olmuşdu. Bu, mətbuatdan da hamıya bəlli idi. Sonradan ABŞ-da iqtidar dəyişikliyi baş versə də, yəni respublikaçılar Donald Tramp simasında hakimiyyətə gəlsələr də, ABŞ-ın maraqları mahiyyət etibarilə birdir və ümumidir. Donald Tramp da heç də şəxsi mənafelərindən və ya fərdi mövqeyindən çıxış etmir. Bir çox məsələdə olduğu kimi, Gürcüstan siyasətində də ABŞ öz dövlət maraqlarından çıxış edir və məsələyə bu prizmadan yanaşır. İndiki Gürcüstan hakimiyyətinə qədər olan iqtidarlar isə bir çox hallarda birmənalı şəkildə ABŞ və Qərb mərkəzli siyasət yürüdürdülər. Elə məsələlər var idi ki, hətta Gürcüstanın maraqlarını ikinci plana atmağa hazır idilər, nəinki ABŞ və Qərbin maraqlarını geri plana keçirsinlər.
Bu yanaşma ondan irəli gəlirdi ki, əvvəlki Gürcüstan hakimiyyətləri iqtisadi canlanmaya nail olmaq, hərbi-siyasi dividendlər əldə etmək üçün Qərblə, xüsusilə də ABŞ-la münasibətlərə xüsusi önəm verirdilər. Onlar hesab edirdilər ki, ABŞ qlobal gücdür, güclü iqtisadiyyata, dollara malikdir, hərbi və digər sahələrdə, ümumiyyətlə, texnoloji inkişafın ən yüksək mərhələsindədir və bu amillər Gürcüstana müəyyən qazanc gətirə bilərdi. İndiki Gürcüstan hakimiyyəti isə bu siyasi kursu birmənalı şəkildə dəyişdi. Hazırkı hakimiyyət bütün məsələlərin başında Gürcüstanın maraqlarını ön plana çəkdi. Onlar əvvəlki iqtidarlardan fərqli olaraq Rusiya təhlükəsini real təhlükə kimi qiymətləndirərək Rusiya ilə balans siyasəti formalaşdırmaq yolunu seçdilər. Bu isə təbii olaraq Gürcüstanı Qərb mərkəzli siyasətdən müəyyən qədər uzaqlaşdırdı və bu vəziyyət ABŞ da daxil olmaqla Qərb dövlətlərinin xoşuna gəlmədi. Nəticədə ABŞ-Gürcüstan münasibətlərində ciddi soyuqluqlar müşahidə olunur. Kobaxidze qeyd etdiyi kimi, səfərin əsas məğzi TRIPP ilə bağlı ola bilər. Lakin bu, Vensin Cənubi Qafqaz səfərinin yalnız bu mövzu ilə məhdudlaşacağı anlamına gəlmir. Səfər çərçivəsində regional iqtisadi, siyasi və hərbi məsələlər də müzakirə olunacaq. ABŞ regionda öz maraqlarını təmin etmək və möhkəmləndirmək üçün çoxşaxəli mövzuları gündəmə gətirəcək. Gürcüstan Cənubi Qafqaz ölkəsi olduğu üçün Vaşinqtonun bu ölkənin mövqeyi ilə maraqlanması və oradakı təsir imkanlarını artırmaq istəyi təbiidir.
Ancaq reallıq ondan ibarətdir ki, ABŞ hazırkı Gürcüstan hakimiyyətini dövlət olaraq ciddi tərəfdaş kimi qəbul etmir. Bunun əsas səbəbi Gürcüstanın siyasi və xarici siyasət kursunun ABŞ-ın mövqeləri ilə üst-üstə düşməməsidir. Məhz buna görə də Vaşinqton bu hakimiyyətlə aktiv əməkdaşlıq etmək istəmir.
Bununla belə, Gürcüstanın tam şəkildə geri plana atıldığını düşünmürəm. Çünki Gürcüstan tranzit imkanları və strateji mövqeyi baxımından ABŞ üçün əhəmiyyətli ölkə olaraq qalır. Ölkədə separatizm faktorunun mövcudluğu və bu separatizmin Rusiya tərəfindən dəstəklənməsi Gürcüstanı ABŞ üçün siyasi baxımdan da mühüm aktora çevirir. Gürcüstan potensial olaraq Rusiyaya qarşı mühüm regional mərkəz rolunu oynaya biləcək ölkədir. Bu baxımdan ABŞ-ın Gürcüstandan imtina etdiyini demək doğru olmaz. Daha çox müşahidə olunan tendensiya ondan ibarətdir ki, ABŞ və digər Qərb dövlətləri hazırkı Gürcüstan hakimiyyətinin daxili reytinqinə zərbə vurmağa çalışırlar. İqtisadi, siyasi və diplomatik təzyiqlər vasitəsilə hakimiyyəti çətin vəziyyət qarşısında qoymaq və onu müəyyən mənada ram etmək niyyəti güdülür. Bu təzyiqlər davam etdikcə Gürcüstanda iqtisadi və təhlükəsizlik vəziyyəti sual altına düşə bilər ki, bu da cəmiyyətin narazılığının artmasına və nəticə etibarilə hazırkı hakimiyyət kursunun demokratik seçkilər yolu ilə sona çatmasına gətirib çıxara bilər".
Zeynəb Mustafazadə