Hazırda ən böyük müharibə zəkaların müharibəsidir- ÖZƏL
13:06 SiyasətKeçən ilin sonlarında açıqlamalarımda artıq qızılın qiymətində inflyasiya amili yoxdur və bundan sonra əsas amil geosiyasi vəziyyət, dolların vəziyyəti, o cümlədən faiz endirimləri ilə bağlı gedişat olacaq fikirlərini vurğulamışdım. Geosiyasi vəziyyətdə kəskin dalğalanmalar, bu həm də Yeni Düzənə gedən yolda sürətin artması deməkdir, qızılın qiymətində kəskin dalğalanma və dəyişikliklərə səbəb olacaq!
- Avropa İttifaqı ilə Hindistan arasında 20 il danışıqları gedən Sərbəst Ticarət Razılaşmasının imzalanmasını məhz ABŞ öz hərəkətləri ilə sürətləndirdi. Bu amil 2 məsələni daha da aktuallaşdırdı: 1) Avropa İttifaqı ilə Hindistan arasındakı marşrutlarda yerləşən İran ABŞ üçün daha da əhəmiyyətli oldu. 2) Cənub-Şimal beynəlxalq marşrutu öz əhəmiyyətini artırdı. Marşrut və dəhlizlərdə dəyişikliklər istisna deyil;
- Qlobal maliyyə bazarları ən böyük volatillik (qiymət dəyişikliklərini) may ayında yaşayacaq!
- ABŞ-nin Qrenlandiya məsələsində ortaq məxrəcə gəlməkdən başqa çarəsi yoxdur. Əksinə, ABŞ Avropa dövlətləri və korporativ sektorunun ABŞ-nin borc qiymətli kağızlarını yeniləməsi üçün danışıqları intensivləşdirəcək. Keçən il vurğuladığım bir fikri təkrar etmək istərdim: "ABŞ öz hərəkətləri ilə Avropanı ayıltdı və Avropa beyin mərkəzləri Avropanın yenidən güclənməsi üçün alternativ yollar tapacaqlar"!
- Hər bir regionun aparıcı lider ölkəsi müəyyən olunur və həmin regionda iqtisadi siyasət həmin lider ölkə üzərindən aparılacaq. Bu həm də həmin ölkəyə toxunulmazlıq qazandıracaq. Məsələn, Orta Asiyada iki dövlət (Qazaxıstan və Özbəkistan) arasındakı mübarizəni Özbəkistan udmaq üzrə olsa da, Qazaxıstan yeni islahatlar aparmaqla təşəbbüsü əlində saxlamağa çalışır. Lakin, uzunmüddətli iqtisadi dayanıqlıq kriteriyaları Özbəkistanın lehinədir;
- Çinin İrana hərbi yardımla bağlı addımları və mesajlarından sonra hazırda Çində baş verənlər və əlavə olaraq Avropa İttifaqı - Hindistan ticarət razılaşması Çin üçün ciddi mesaj və həyəcan siqnalıdır;
- Davosda investisiya yayılımı və var-dövlət paylaşımı mesajları təsadüfən verilmədi;
- Yeni Dünya Düzəni ilə bağlı ən yanlış fikir və təhlillər ondan ibarətdir ki, bu təhlillər mövcud iqtisadi şərait və vəziyyətin müəyyən dəyişiklikləri nəzərindən aparılır. Gedişat və ehtimallar belə olmadığını göstərir!
Nəticə: Hazırda ən böyük müharibə zəkaların müharibəsidir. İstər süni olsun, istər təbii! Dövlətlərin taleyini onların müasir gedişatı oxuyub düzgün nəticə və çıxış yolları tapıb-tapmamalarından asılı olacaq. Əsas məsələ, super zəkanı bu nəticə və çıxış yollarının düzgün və qarşılıqlı uduşlu olmasına inandırmaqdır! Qarşılıqlı uduşların nə olduğunu artıq hər kəs bilməkdədir!!!
Elman Sadıqov
İqtisadçı ekspert