“Metsamor” ya partlayacaq, ya söküləcək
12:31 SiyasətTürkiyədən cəmi 16 kilometr, Azərbaycandan isə 120 kilometr məsafədə yerləşən AES güvənli əldə olmalıdır və Rusiya bu baxımdan etibarlı deyil
Mütəxəssislərin fikrincə, 1976-cı ildə köhnəlmiş texnologiya əsasında inşa edilən və seysmik zonada yerləşən "Metsamor" Atom Elektrik Stansiyası (AES) ətraf mühit və insan sağlamlığı üçün ciddi risk mənbəyidir. Stansiya Çernobılda istifadə olunan analoji texnologiya ilə tikilib və reaktoru ikinci qoruyucu təhlükəsizlik örtüyü olmadan fəaliyyət göstərir. Bu amil "Metsamor"u regionun ekoloji təhlükəsizliyi baxımından davamlı təhdidə çevirir.
Mümkün qəza halında fəsadların təkcə Ermənistanla məhdudlaşmayacağı, bütün Cənubi Qafqazı və hətta Yaxın Şərq ölkələrini əhatə edəcəyi proqnozlaşdırılır. Təsadüfi deyil ki, AES Türkiyə sərhədlərindən cəmi 16 kilometr, İran sərhədlərindən 60 kilometr, Azərbaycan və Gürcüstan sərhədlərindən isə 120 kilometr məsafədə yerləşir.
"Metsamor" AES-in birinci və ikinci nüvə reaktorları 1989-cu ildə baş verən Spitak zəlzələsindən sonra dayandırılmışdı. Lakin Ermənistan hökuməti enerji çatışmazlığını əsas gətirərək, beynəlxalq ictimaiyyətin çağırışlarına və kəskin tənqidlərinə baxmayaraq, 1995-ci ildə ikinci reaktorun fəaliyyətini bərpa etdi. Hazırda isə istismar müddəti başa çatan stansiya müvafiq təhlükəsizlik standartlarına tam əməl olunmadan, hətta daha yüksək güclə işlədilir.
Bu kontekstdə diqqətçəkən məqamlardan biri də ABŞ-nin məsələ ilə bağlı mövqeyidir. Belə ki, 2025-ci ilin avqustunda Ağ Evdə ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana təşəkkürünü əks etdirən maraqlı paylaşım etmişdi. Tramp bildirmişdi ki, ABŞ administrasiyası Ermənistan üçün nüvə sahəsində "gözəl bir müqavilə" hazırlayır. Söhbət birbaşa yeni AES tikintisindən deyil, daha çox texniki dəstək, kiçik modul reaktorlar (SMR) və təhlükəsizlik sahəsində əməkdaşlıqdan gedir. Bununla belə, bu açıqlama Vaşinqtonun Ermənistanın nüvə sektoruna artan marağının açıq siqnalı kimi qiymətləndirilir.
Xatırladaq ki, ABŞ ilə Ermənistan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında da nüvə enerjisi sahəsində əməkdaşlıq nəzərdə tutulur. Rəsmi açıqlamalara görə, amerikalılar "Metsamor" AES-də elektrik enerjisi istehsalının gələcəkdə kiçik modul reaktorlarla əvəzlənəcəyini vəd ediblər. Ermənistanın Rusiyanın "enerji asılılığından" xilas olmaq üçün "Metsamor"dan ABŞ-nin xeyrinə imtina edə biləcəyi barədə iddialar yeni deyil. Məlumata görə, Vaşinqtonun bu istiqamətdəki marağı təkcə yeni texnologiyaların tətbiqi ilə məhdudlaşmır, həm də regionda geosiyasi məqsədlər daşıyır.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov "Yeni Müsavat"a açıqlamasında bildirib ki, "Metsamor" AES Rusiyanın nəzarəti altındadır və uzun müddətdir ki, təmir olunmur. Onun sözlərinə görə, Cənubi Qafqaz böyük fəlakətlə üz-üzədir: "Ermənistanın nə büdcəsi, nə də əlində olan resurslar imkan verir ki, AES-də mütəmadi təmir işləri aparılsın. Oradakı nüvə qalıqları Rusiya ərazisinə aparılıb basdırılır. ABŞ bütün bunları nəzərə alıb, təhlükəsizlik baxımından belə bir açıqlama verdi ki, biz həmin AES-lə bağlı öz təkliflərimizi verə və yardımçı ola bilərik. Güman edirəm ki, "Tramp yolu" layihəsi həllini tapdıqdan sonra ABŞ ilə Ermənistan arasında əməkdaşlıq daha da güclənəcək.
Lakin unutmayaq ki, hazırda Ermənistanda Rusiyanın 102-ci bazası var. Qarabağ klanı Paşinyana müxalif mövqedədir. Onlar uzun müddət Rusiyanın adamları kimi hakimiyyətdə olublar. Onlar bəzi məqamlarda bir çox əngəl törədə bilirlər. Paşinyan da baxmayaraq ki, açıq şəkildə qərbyönümlü siyasət yürüdür, hələ də Rusiyadan asılılıq var. Ermənistanın böyük şirkət və müəssisələrini Rusiya uzun müddətli müqavilə ilə alıb. Paşinyan isə bunların qaytarılması istiqamətində müəyyən addımlar atır. İndiki Ermənistan hakimiyyəti dərk edir ki, "Metsamor" AES də Rusiyanın nəzarətindən çıxarıla və təhlükəsiz vəziyyətə gətirilə bilər. Bu məsələdə ABŞ-nin yardımçı olmağına daha çox üstünlük verilir. Hesab edirəm ki, gələcəkdə Ermənistanda hakimiyyətdə hər hansısa bir dəyişiklik olmasa, hissə-hissə bu istiqamətdə addımlar atılacaq. Çünki AES-i Rusiyanın nəzarətində saxlamaq region və bəşəriyyət üçün böyük təhlükədir. Ermənistan bunu çox gözəl başa düşür. Ona görə də sülh müqaviləsi imzalandıqdan sonra ABŞ ilə Ermənistan arasında ciddi iş birliyi olacaq".
Ekspert bildirir ki, Nikol Paşinyan Ermənistanda Rusiyanın nəzarətində olan obyekt və müəssisələrin inteqrasiyasını tədricən ABŞ-yə yönəldib: "AES hazırda tam şəkildə Rusiyanın nəzarəti altındadır. Bu nəzarətin Rusiyadan çıxması bütün regionun xeyrinə olar. Bu AES böyük təhlükədir. Onu vaxtaşırı təmir etməsələr, nəzarətə götürməsələr, ikinci Çernobıl baş verər. "Metsamor" güvənli əldə olmalıdır. Rusiya isə bu baxımdan etibarlı deyil. Bunu Ermənistanda hər kəs başa düşür. ABŞ-nin maliyyə imkanları böyükdür. Güman edirəm ki, bu ölkə Rusiyaya dəymiş ziyanı ödəyib və qoyduğu pulu özünə geri qaytarıb AES-ə nəzarəti götürə bilər. Eyni zamanda Ermənistan tam şəkildə Rusiyadan imtina edə bilər. Hər bir halda bu, Ermənistanın özündən asılıdır. Hazırkı Ermənistan hakimiyyəti o istiqamətdə addımlar atır. Lakin hakimiyyət dəyişikliyi olarsa, ruspərəst qüvvələr vəziyyəti dəyişə və razılaşma pozula bilər".