Humanitar minatəmizləmə: Regionda təhlükəsizlik və əməkdaşlıq -ÖZƏL
16:54 SiyasətAzərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon ilə görüşərək ölkədə mina probleminin aradan qaldırılması istiqamətindəki humanitar minatəmizləmə fəaliyyətini müzakirə edib. Görüşdə ABŞ tərəfinin dəstək imkanları və digər əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan-ABŞ humanitar minatəmizləmə sahəsində əməkdaşlığın regiondakı təhlükəsizlik və geosiyasi təsirlərinə necə təsir edə bilər? Bu əməkdaşlıq Azərbaycanın mina problemini qısa və uzun müddətdə həll etməsinə nə qədər yardımçı ola bilər?
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Aydın məsələdir ki, Azərbaycanın mina təmizləməsində həm beynəlxalq təcrübəyə, həm də yardıma ehtiyacı var. Belə ki, bu minaların təmizlənməsi illərlə vaxt ala bilər. Ona görə də həm texniki sahədə, həm də qlobal təcrübəyə - xüsusilə ABŞ və digər inkişaf etmiş ölkələrin təcrübəsinə ehtiyac var. Bu da minaların təhlükəsiz şəkildə, itki vermədən, ətraf mühiti korlamadan və sürətli şəkildə təmizlənməsinə imkan verəcək.
Digər tərəfdən, əlbəttə ki, bu minaların təmizlənməsi həm maddi, həm də texniki vəsait tələb edir ki, Azərbaycan tərəfi bu prosesi sürətləndirə bilsin. Kütləvi şəkildə milyardlarla dollar və texniki avadanlıqdan söhbət gedir. Düşünürəm ki, bunları nəzərə alsaq, Azərbaycana bu əməkdaşlıq fayda verə bilər. Dünya ölkələrində mina ilə bağlı, xüsusilə piyada əleyhinə minalarla bağlı beynəlxalq təşkilatlar çox böyük vəsaitlər ayırırlar. Ancaq Azərbaycan bunu təkbaşına edir və çox az yardım alır. Ola bilsin ki, bu prosesdən sonra beynəlxalq təşkilatların marağı Azərbaycana yönəlsin və Azərbaycanın minalardan təmizlənməsi ilə bağlı onlardan dəstək alına bilsin.
Mina məsələsi Azərbaycanın ən böyük problemlərindən biridir və Ermənistanla qarşılıqlı münasibətlərin həllində çətinlik yaradan məsələlərdən biri olmuşdur. Bu məsələnin həlli münasibətlərin normallaşmasına, regional təhlükəsizliyə və sülhə töhfə verə bilər".
Zeynəb Mustafazadə