Elçin Xalidbəyli: "ABŞ-nin texnoloji imkanları mina təmizləmə prosesini sürətləndirəcək" – ÖZƏL

"Hazırda Azərbaycanın əsas problemlərindən biri də ölkədə minalarla çirkləndirilmiş ərazilərin mövcudluğudur. Ermənistan son 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarına milyonlarla mina basdırıb və üstəlik, həmin ərazilərin mina xəritələrini Azərbaycana demək olar ki, təqdim etməyib. Çünki rəsmi İrəvanın Azərbaycana verdiyi mina xəritələrinin böyük əksəriyyəti reallığı əks etdirmir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, bu səbəbdən də Azərbaycanda Ermənistanın mina terroru faktiki olaraq davam edir. Təbii ki, rəsmi Bakı bu son dərəcə ciddi problemi həll etməyə çalışır. Bu məqsədlə minaların təmizlənməsi sahəsində həm təcrübəyə, həm də müasir texnoloji imkanlara malik olan dövlətlərlə əməkdaşlığını genişləndirir. Belə ölkələr sırasında təbii ki, ABŞ də yer alır. ABŞ ilə Azərbaycanın son vaxtlar münasibətləri müsbət istiqamətdə inkişaf edir. Hazırda iki işçi qrup fəaliyyət göstərir və onların hazırladığı sənədin yaxın vaxtlarda imzalanacağı gözlənilir. Bundan sonra Azərbaycan və ABŞ strateji tərəfdaşlıq münasibətlərinə malik olacaqlar. Yəni Azərbaycan ABŞ-nin strateji tərəfdaşıdır və eyni zamanda ABŞ də Cənubi Qafqazdakı maraqları baxımından Azərbaycana böyük önəm verir və əməkdaşlığa ciddi əhəmiyyət göstərir. Belə bir münasibətlərin mövcud olduğu şəraitdə rəsmi Bakının ABŞ-nin bütün istiqamətlər üzrə potensialından faydalanmaq istəyi tamamilə haqlı və məqsədəuyğundur. ABŞ-nin minaların təmizlənməsi sahəsində də böyük təcrübəsi və bu istiqamətdə ən müasir texnologiyalara malik olması xüsusi önəm daşıyır.

"Azərbaycan ABŞ ilə əməkdaşlığı genişləndirərək minaların təmizlənməsi məsələsində də birgə fəaliyyətə üstünlük verir. Böyük ehtimalla, əgər hər iki tərəf bu sahədə lazımi əməkdaşlıq razılaşmalarına nail olarsa, ABŞ-nin Azərbaycanın Ermənistan tərəfindən minalarla çirkləndirilmiş ərazilərinin təmizlənməsində mühüm uğurlar əldə etməsi mümkün olacaq. Bu, həm ərazilərin daha dəqiq, həm də mümkün qədər qısa müddətdə təmizlənməsi üçün geniş imkanlar aça bilər. Bütün bunları nəzərə alaraq demək olar ki, ABŞ-Azərbaycan əməkdaşlığı Azərbaycanın mina terroru probleminin həllində mühüm rol oynaya bilər. Bu da təbii ki, Cənubi Qafqazda böyük maraqları olan ABŞ üçün də əhəmiyyət daşıyır və ehtimal etmək olar ki, yaxın vaxtlarda bu məsələ daha intensiv və sürətli şəkildə həll edilməyə başlanacaq", - deyə ekspert əlavə edib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31