Aİ-nin qadağası Azərbaycan üçün fürsətə çevrilir: qaz ixracında yeni mərhələ
15:10 Siyasət2027-ci ildən etibarən Avropa İttifaqı (Aİ) Rusiyadan mayeləşdirilmiş və boru kəməri qazının idxalını tam qadağan edib. Qadağa 1 yanvar 2027-də mayeləşdirilmiş qaz, 30 sentyabr 2027-də isə boru kəməri qazı üçün qüvvəyə minəcək. İstisna hallarda, aşağı doldurma səviyyəsi olan ölkələr oktyabrın 31-dək Rusiya qazından istifadə edə biləcək. Qadağanı pozan şirkətlər müqavilə dəyərinin 300%-i qədər cərimələnəcək. Bu addım Aİ-də Rusiya qazının 13%-lik payını bazardan çıxaracaq və Azərbaycanın qazını Avropaya çatdırmaq imkanlarını gücləndirir.
Avropa bazarında Rusiya qazının çıxması və Azərbaycanın ixrac imkanlarının genişlənməsi Azərbaycana iqtisadi cəhətdən hansı üstünlükləri gətirəcək?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
"Avropa bazarından Rusiya qazının çıxması Azərbaycanın iqtisadi mövqeyini gücləndirən bir neçə əsas üstünlük yaradır. Əvvəla, bazarda təklifin azalması fonunda Azərbaycan qazı daha strateji və zəruri mənbəyə çevrilir, bu isə uzunmüddətli və sabit müqavilələr bağlamaq imkanlarını artırır. Qazın qiymətlərinin yüksəlməsi ixrac gəlirlərinin artmasına, dövlət büdcəsinə əlavə valyuta axınına və tədiyə balansının yaxşılaşmasına şərait yaradır. Eyni zamanda, Abşeron yatağının ikinci mərhələsi kimi yeni hasilat layihələri daxili enerji sektoruna investisiyaların cəlb olunmasını sürətləndirir, məşğulluğu artırır və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. TAP və Transbalkan kimi marşrutların əhəmiyyətinin artması ölkənin tranzit və geosiyasi çəkisini də yüksəldir.
Avropada qaz tələbatının artdığı və anbarların doluluq səviyyəsinin aşağı olduğu şəraitdə Azərbaycanın ixrac strategiyasının daha səmərəli qurulması üçün bir neçə istiqamət önə çıxır. Qısa və orta müddətdə həm uzunmüddətli müqavilələri qorumaq, həm də bazar qiymətlərindən yararlanmaq üçün çevik qiymət mexanizmlərinə malik müqavilələrə üstünlük vermək məqsədəuyğundur. İnfrastruktur baxımından TAP-ın genişləndirilməsi və Transbalkan (Transbalkan boru kəməri əvvəllər əsasən Rusiya qazının Ukrayna-Balkan istiqamətində daşınması üçün istifadə olunurdu, amma son illərdə əks axın (reverse flow) rejiminə uyğunlaşdırılıb. Bu da Azərbaycan qazının TAP-Yunanıstan-Bolqarıstan-Rumıniya və digər Balkan ölkələrinə çatdırılması imkanını yaradır)
xətti üzrə texniki imkanların maksimum istifadəsi prioritet olmalıdır. Hasilat tərəfdən yeni yataqların işlənməsi və mövcud layihələrdə hasilatın sabitliyinin təmin edilməsi vacibdir ki, artan tələbat risksiz şəkildə qarşılansın. Bundan əlavə, Avropa ölkələri ilə enerji sahəsində siyasi və texniki əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycanın etibarlı və uzunmüddətli təchizatçı imicini daha da gücləndirərək ixracın davamlılığını təmin edə bilər".
Zeynəb Mustafazadə