Qonşuluq prinsiplərinə zidd bəyanat: İran niyə hələ də Azərbaycanı hədəf alır? – ÖZƏL
14:02 Siyasətİranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən İrana hücum olacağı təqdirdə, müharibənin sərhədləri aşacağını bildirib.
"İran Xarici İşlər Naziri Vahid Cəlalzadənin verdiyi bu açıqlama şübhəsiz ki, həddini aşmaqdır. Xüsusilə də belə bir bəyanatın Bakıda səsləndirilməsi qətiyyən qəbulolunan deyil. Belə çıxır ki, İrana qarşı mümkün hücum olacağı təqdirdə, İran sərhədləri aşaraq qarşı tərəfə cavab verəcəyini nəzərdə tutur. Bu isə heç də xoş qarşılanan bir məsələ deyil".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, İran kimdən hücum gözləyirsə, təhdid dilində məhz həmin ölkələrlə danışmalıdır. Azərbaycan isə heç bir halda İrana hücum etmək niyyətində deyil və bu proseslərdə iştirak etmir. Bundan əvvəl də İrana qarşı zərbələr endirilərkən Azərbaycan dövləti öz mövqeyini açıq şəkildə bəyan edib və bu mövqe qonşuluq münasibətlərinə uyğun olub. Heç bir zaman Azərbaycan bu proseslərin içində yer almayıb və açıq şəkildə bildirib ki, belə bir niyyəti yoxdur. Buna baxmayaraq, İranın xarici işlər nazirinin qonaq gəldiyi Azərbaycanda bu cür açıqlama verməsi qonşuluq münasibətlərinə ziddir. İran rəsmisi yaxşı olardı ki, belə bir söz işlədərkən - yəni "müharibə sərhədləri aşacaq" deyərkən - konkret olaraq İrana hücum edən ölkələri nəzərdə tutsun və desin ki, İranı vuran ölkələrə cavab zərbəsi endiriləcək. Bu halda müəyyən qədər başa düşülən olardı. Amma bu cür bəyanatın Azərbaycanda səsləndirilməsi qəbuledilən deyil. Görünür, İran tərəfi regionda təklənməsinə və vəziyyətin gərgin olmasına baxmayaraq, yenə də ətrafında gərgin proseslər yaratmaq xəttindən əl çəkmək istəmir. Son dövrlər ABŞ-İsrail xəttində İran məsələsi ilə bağlı aktivləşmə də bunu göstərir.
"İran yenə də öz niyyətindən geri çəkilmək istəmir və qonşu ölkələrə qarşı aqressiv siyasi xətt nümayiş etdirir. Halbuki 12 günlük müharibə kimin kim olduğunu açıq şəkildə ortaya qoydu. Faktiki olaraq göstərdi ki, İran rəsmilərinin dediyi kimi, Azərbaycandan İrana heç bir təhlükə gözlənilmir. Əksinə, müəyyən məqamlarda Ermənistan tərəfdən risklərin olduğu barədə məlumatlar yayılmışdı. Çünki həmin dövrdə Ermənistanla ABŞ arasında hərbi əməkdaşlıq çərçivəsində müəyyən razılaşmalar mövcud idi və Ermənistandan İran tərəfindən bəzi izləmələrin aparıldığı barədə informasiyalar dolaşırdı. Belə görünür ki, İran hələ də dostlarını və düşmənlərini düzgün müəyyənləşdirə bilmir. Bu yanaşma siyasətdən nə qədər kənarlaşarsa, nəticədə bir o qədər özünə zərər verəcək", - deyə ekspert əlavə edib.
Siyasi şərhçi bildirib ki, Azərbaycan isə heç bir halda bu cür təhdidlərə boyun əyəcək ölkə deyil. İstər siyasi, istər hərbi, istərsə də diplomatik baxımdan regionda öz sözünü deyən, tam müstəqil siyasət aparan bir dövlətdir. Heç kəsin bizimlə bu tərzdə danışmasına və ya hansısa formada təzyiq göstərməsinə ehtiyac yoxdur və buna yol da verilməyəcək.
Lamiyə Cəbrayılova