Helsinki Komissiyasının brifinqi Gürcüstanla bağlı yalanlarla dolu olacaq – ÖZƏL
10:24 SiyasətOlaylar.az xəbər verir ki, "Gürcü Arzusu" Partiyasının baş katibi Kaxa Kaladze ABŞ Helsinki Komissiyasının Gürcüstandakı vəziyyətlə bağlı keçirəcəyi brifinqdə beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlmiş, yalanlarla zəngin mesajların səslənəcəyini bildirib.
Onun sözlərinə görə, tədbirdə çıxış edəcək Laura Tornton və Co Uilsonun Gürcüstana münasibəti və əvvəlki bəyanatları bunu açıq göstərir:
"Onların mövqeyini bilirik. Yenə də yalanlara əsaslanan baxışlar və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdləri olacaq. Son aylarda və illərdə eşitdiyimiz eyni mesajlar səslənəcək", - deyə Kaladze vurğulayıb.
Qeyd edək ki, Helsinki Komissiyası "Gürcü Arzusunun artan repressiyaları" mövzusunda brifinqi yanvarın 28-də Tbilisi vaxtı ilə saat 23:00-da keçirəcək. Komissiyanın bəyanatında bildirilir ki, 2024-cü ilin oktyabrından sonra hakim partiya insan haqları baxımından Gürcüstanı müstəqillikdən sonrakı ən ağır böhranla üz-üzə qoyub və 20-dən çox yeni qanun qəbul edərək dövlətin səlahiyyətlərini genişləndirib, məhkəmə müstəqilliyini zəiflədib.