İranın "adekvat cavab" ritorikası: Region ölkələri hədəfdədir? – ÖZƏL
17:07 SiyasətTürkiyə XİN rəhbəri Hakan Fidan ABŞ-ni İrana qarşı "ifrat təzyiq" siyasətindən çəkinməyə çağırıb. Nazir bildirib ki, Tehranın küncə sıxışdırılması regionda nəzarətdən çıxan gərginliyə və təhlükəli ssenarilərə yol aça bilər. İranda rejim dəyişikliyinin baş verəcəyinə inanmadığını deyən Fidan, ölkənin Venesuela tipli uzunmüddətli böhrana sürüklənməsinin bütün region üçün risk olduğunu vurğulayıb.
İranın "küncə sıxışdırılması" Tehranın nüvə proqramını sürətləndirməsinə və ya regional proksi müharibələrini alovlandırmasına səbəb ola bilərmi? İranın iqtisadi çöküşü qonşu ölkələr üçün nə dərəcədə real təhdiddir?
"Faktiki olaraq İran bu gün küncə sıxılmış vəziyyətdədir. Uzun illər proksi qüvvələri vasitəsilə Yaxın Şərqdə sabitliyi və təhlükəsizliyi ciddi şəkildə təhdid edən İranın, hazırda region üçün bu cür imkanlarının demək olar ki, sıfıra endiyi görünür".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, ABŞ və İsrailin başlada biləcəyi növbəti müharibə dalğası, İranın qonşu dövlətlərin hər birinə ayrıca müharibə elan etmədən belə, onların təhlükəsizliyini ciddi şəkildə təhdid etməsinə yol aça bilər. Çünki demək olar ki, bütün qonşu ölkələri sionist rejimin tərəfdaşı və ya ABŞ-nin iş ortağı adlandıran İran, hər birinə qarşı potensial təhdid formalaşdırır. Bu günlərdə ölkəmizdə səfərdə olan İranın xarici işlər naziri müavinin "İran vurularsa, bütün region ölkələrinə adekvat cavab veriləcək" mesajı da bu təhdidin nə dərəcədə real olduğunu göstərir.
Belə bir addım atıla bilərmi?
Nəzəri baxımdan mümkündür. Amma mən hesab edirəm ki, İran da fərqindədir: onun atacağı belə bir addım, İrana qarşı yalnız bir istiqamətdən deyil, bütün istiqamətlərdən əks zərbələrin yaranmasına səbəb olacaq.
Ona görə də düşünürəm ki, İran uzunmüddətli təhdid ritorikasından istifadə edəcək. Lakin İrana müdaxilə qaçılmazdır və bu gün Yaxın Şərqdəki hərəkətlilikdən çıxış edərək demək olar ki, bu müdaxilə çox yaxın zamanda baş verə bilər.
Lamiyə Cəbrayılova