İranın küncə sıxışdırılması nüvə silahlanması və proksi müharibələri sürətləndirə bilər- ÖZƏL 

Türkiyə XİN rəhbəri Hakan Fidan ABŞ-ni İrana qarşı "ifrat təzyiq" siyasətindən çəkinməyə çağıraraq, Tehranın küncə sıxışdırılmasının regionda nəzarətsiz gərginlik və təhlükəli ssenarilər yarada biləcəyini bildirib. O, İranda rejim dəyişikliyinə inanmadığını, ölkənin Venesuela tipli uzunmüddətli böhrana sürüklənməsinin isə bütün region üçün ciddi risk olduğunu vurğulayıb.

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:
"Türkiyənin Yaxın Şərq bölgəsində güclənən siyasəti eyni zamanda sülhün, sabitliyin və təhlükəsizliyin formalaşdırılmasını zəruri edir. Bu baxımdan Türkiyənin xarici işlər naziri Hakan Fidan İrana qarşı ifrat təzyiq siyasətindən çəkinməyin vacibliyini vurğulayaraq bu istiqamətdə çağırış edib. Düşünürəm ki, Türkiyə burada, əlbəttə, öz milli maraqlarını güdür. Çünki İranın uzun illər, təxminən 40 il ərzində formalaşdırdığı idarəetmə rejimi etnik azlıqları qorxu, təlaş və təhdid mexanizmləri ilə daha sərt şəkildə nəzarətdə saxlamağa yönəlib. İranın mümkün dağılması halında isə bölgədə yeni bir kürd dövlətinin yaranması ehtimalı mövcuddur ki, bu da Türkiyə sərhədləri üçün ciddi problemlərə çevrilə bilər. Məhz bu səbəbdən Türkiyənin xarici işlər naziri hesab edir ki, İranın küncə sıxışdırılması Tehranın qarşılıqlı və daha sərt addımlar atmasına gətirib çıxara bilər. Bu isə nüvə proqramının sürətlənməsi, İranın nüvə silahına sahib olması və proksi müharibələrin genişlənməsi riskini artırır.
Şübhəsiz ki, formalaşmaqda olan regional nizam və balansda yeni eskalasiyalara və münaqişə ocaqlarının yaranmasına səbəb ola bilər. Bu proses isə qonşu dövlətlər üçün seçici şəkildə iqtisadi çöküş risklərini də gündəmə gətirə bilər.
Bu baxımdan təhlükəsizliyin qorunması məqsədilə edilən çağırışlar önəmlidir. Lakin qeyd etmək lazımdır ki, İran dövləti artıq uzun müddətdir iqtisadi təzyiqlərə müəyyən mənada öyrəşib, hətta bu vəziyyətə qarşı bir növ immunitet formalaşdırıb və daxili, eləcə də xarici siyasətini məhz bu reallıq üzərində qurur". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31