Sanksiyalardan kənar marşrut: İsrail niyə Azərbaycanı seçir? – ÖZƏL
16:11 Siyasət"BESA Strateji Araşdırmalar Mərkəzinin təhlili, əslində, regionda formalaşan yeni geosiyasi reallığın konturlarını açıq şəkildə ortaya qoyur. İsrailin yenilənən regional doktrinasında Azərbaycanın mərkəzi yer tutması təsadüfi deyil və bu, hansısa taktiki yaxınlaşmadan daha çox, uzunmüddətli strateji hesablamaların nəticəsidir."
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. B.Quliyev qeyd edib ki, Azərbaycan İsrail üçün sadəcə etibarlı siyasi tərəfdaş yox, mürəkkəb geosiyasi xəritədə riskləri azaldan, alternativləri çoxaldan rasional mərkəzdir. İran üzərindən keçən Şimal-Cənub dəhlizi uzun illər regional logistikanın əsas marşrutlarından biri kimi təqdim edilsə də, sanksiyalar, təhlükəsizlik riskləri və proqnozlaşdırıla bilməyən siyasi davranışlar bu xəttin dayanıqlığını ciddi sual altına qoyur. Məhz bu nöqtədə Azərbaycan üzərindən formalaşan marşrut İsrail üçün real geosiyasi alternativə çevrilir.
"Hesab edirəm ki, ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanın artan siyasi və hərbi çəkisi, regionda oyun qaydalarını dəyişmək qabiliyyəti İsrailin strateji planlamasında Azərbaycanın rolunu daha da gücləndirib. Azərbaycan bu gün təkcə tranzit ölkə deyil, sabitlik ixrac edən, təhlükəsizliyi təmin edən və tərəfdaşları üçün proqnozlaşdırılan davranış modeli təqdim edən dövlətdir. İsrailin Mərkəzi Asiya bazarlarına, xüsusilə Qazaxıstan kimi ölkələrə çıxışında Azərbaycanın "qapı ölkə" funksiyası məhz bu etimad üzərində qurulub", - deyə ekspert əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan bu prosesdə heç bir qonşusuna qarşı yönəlmiş siyasət yürütmür. Azərbaycan balanslı qonşuluq siyasətinə sadiq qalaraq regionda qarşıdurma deyil, sabitlik və əməkdaşlıq mühiti formalaşdırmağa çalışır. İsrail-Azərbaycan əməkdaşlığı da məhz bu çərçivədə iqtisadi, texnoloji və logistik imkanların qarşılıqlı fayda əsasında genişləndirilməsi fonunda inkişaf edir.
"Düşünürəm ki, Azərbaycan üzərindən qurulan xətt İsrail üçün İran marşrutuna alternativ geosiyasi imkan kimi görünə bilər, lakin bu alternativ qarşıdurma yox, seçim azadlığı yaradır. Azərbaycan həm qonşuluq, həm də tərəfdaşlıq siyasətinə sadiq bir ölkədir. Azərbaycan bu modeldə mərkəzi rol oynamaqla bir daha sübut edir ki, regionun gələcəyi bloklaşma və təzyiq mexanizmlərində deyil, ağıllı balans, etibarlı tərəfdaşlıq və davamlı sabitlik strategiyasındadır", - deyə B. Quliyev sonda bildirib.
Lamiyə Cəbrayılova