Erməni Apostol Kilsəsi və diaspor: Paşinyana qarşı yeni cəbhə- ÖZƏL 

Ermənistanda hakimiyyət və Erməni Apostol Kilsəsi (EAK) arasında gərginlik pik həddə çatıb. Baş nazir Nikol Paşinyanın kilsə rəhbərliyini "agentura şəbəkəsi" adlandırması və mülkiyyət hüquqlarını məhdudlaşdıran qanun layihəsi hazırlaması II Qaregini radikal addım atmağa vadar edib. Təqiblərdən və həbslərdən ehtiyat edən Katolikos fevralın 16-19-da yepiskopların toplantısını Ermənistanda deyil, Avstriyada keçirməyə qərar verib. Paşinyana sadiq ruhanilər bu toplantını qanunsuz elan edərək yeni nizamnamə və Katolikosun devrilməsini hədəfləyən "Koordinasiya Şurası" yaradıblar. Ekspertlər hesab edir ki, bu qarşıdurma ölkədə dini parçalanmaya və kilsənin xaricdə "sürgün hökuməti" modelində fəaliyyət göstərməsinə yol aça bilər.
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib: 
" Ermənistanda bu gün baş verən hadisələr qarşıdakı seçkilərlə, eyni zamanda, qarşıdakı dövrdə siyasi idarəçilikdə nüfuz qazanmaqla birbaşa əlaqəlidir. Erməni Apostol Kilsəsi isə Ermənistan cəmiyyətində hər zaman əsas sütunlardan biri hesab olunub. Bu qurum uzun illər ideoloji baxımdan xalqa istiqamət verən, cəmiyyəti öz ətrafında birləşdirən əsas güclərdən biri olub. Xüsusilə Azərbaycana qarşı revanşist düşüncələrin formalaşmasında, işğalçı narrativlərinin yayılmasında kilsə mühüm rol oynayıb. Həmçinin kilsə Ermənistanla diaspor arasında ideoloji körpü funksiyasını yerinə yetirib.
Əvvəlki hakimiyyətlər bu səbəbdən kilsəni dəstəkləyirdi. Lakin Paşinyanın hakimiyyətə gəlişindən və xüsusilə hərbi məğlubiyyətdən sonra Ermənistanın siyasi strategiyasında ciddi dəyişikliklər baş verdi və bu dəyişikliklər dövlət-kilsə münasibətlərinə də təsir etdi. Əvvəllər revanşist qüvvələr və köhnə hakimiyyət daha çox Rusiya ilə bağlı idisə, Paşinyanın qərbyönlü siyasəti bütün istiqamətlərdə özünü göstərməyə başladı.
Paşinyan hakimiyyəti Qərbə inteqrasiya edən, Avropa meyilli bir dövlət modeli formalaşdırmağa çalışır. Onun əməkdaşlıq etdiyi beynəlxalq qurumların və strukturların da daha çox Avropa yönümlü olması bunu açıq şəkildə göstərir. Bu kontekstdə Erməni Apostol Kilsəsinin mərkəzi fəaliyyətinin və toplantılarının Rusiyadan kənar ərazilərdə keçirilməsi təsadüfi deyil. Bu addımlar həm alternativ siyasi xəttin nümayişi, həm də Qərbdən dəstək almaq cəhdi kimi qiymətləndirilə bilər. Eyni zamanda, Rusiyaya da mesaj verilir ki, Ermənistanın əvvəlki strateji mövqeyi artıq dəyişib.
Digər tərəfdən Paşinyan ölkə daxilində dövlət qurumlarını, ictimai mərkəzləri və sosial strukturları daha çox dövlət nəzarətinə almağa çalışır. Bu prosesə qarşı isə əsasən dindar kütlə və revanşist qüvvələr etiraz edir, buna görə də Paşinyana qarşı yeni siyasi cəbhə formalaşdırmağa cəhd göstərirlər.
Erməni diasporunun bu məsələdə rolu xüsusilə önəmlidir. Kilsə ilə diaspor arasında güclü əlaqələr mövcuddur və bu əlaqələr vasitəsilə həm maliyyə, həm də siyasi təsir mexanizmləri işlək vəziyyətdədir. Əgər kilsənin əmlakı müsadirə edilər və dövlət nəzarətinə keçərsə, bu, diasporadan Ermənistana yönələn maliyyə axınlarına ciddi təsir göstərə bilər. Bu baxımdan da N.Paşinyana qarşı diaspor təzyiqlərinin güclənməsi ehtimalı da artır.
Ümumiyyətlə, diaspora hər zaman Ermənistanın xaricdəki ən güclü dayaqlarından biri olub və verdiyi maliyyə və siyasi dəstək ölkədaxili resurslardan daha təsirli olub. Məhz buna görə də hazırkı vəziyyət olduqca həssasdır və diasporun hansı addımlar atacağı qeyri-müəyyən olaraq qalır.
Ermənistandakı bu proses din uğrunda deyil, siyasi hakimiyyət uğrunda aparılan mübarizədir. Kilsə dövlətə təsir imkanlarını qorumağa çalışır, Nikol Paşinyan isə kilsəni zəiflətməklə dövləti gücləndirməyi hədəfləyir. Lakin kilsə cəmiyyətin əsas birləşdirici sütunlarından biri olduğu üçün bu mübarizə sosial və siyasi baxımdan ciddi nəticələr doğura bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31