Sovet mirasından qopuş: MDB platformasında nələr dəyişir? – ÖZƏL
17:06 SiyasətMoldova Xarici İşlər Nazirliyi Müstəqil Dövlətlər Birliyindən (MDB) tam ayrılmaq üçün təşkilatın yaradılma sazişi və nizamnaməsinin ləğvi (denonsasiyası) prosesinə start verib. Uzun müddətdir birlikdə faktiki iştirakını dayandıran rəsmi Kişinyov, bu addımla prosesi rəsmi-hüquqi müstəviyə keçirir. Parlament sənədləri təsdiqlədikdən sonra Moldova hüquqi baxımdan MDB üzvlüyünə tamamilə xitam verəcək.
"SSRİ dövründə 15 respublikanın daxil olduğu bir ittifaq mövcud idi. SSRİ dağıldıqdan sonra isə Müstəqil Dövlətlər Birliyi (MDB) yaradıldı. MDB üzv dövlətlərin həm iqtisadi, həm də siyasi fəaliyyətinin koordinasiya olunduğu bir platforma idi və dövlətlərarası əməkdaşlığın əsas mərkəzlərindən biri sayılırdı".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, zaman-zaman bu birlikdən çıxan respublikalar da olub. Bu, hər bir respublikanın suveren hüququdur: istənilən birlikdə iştirak edə, eyni zamanda istənilən birlikdən çıxa bilər. Bildiyiniz kimi, Ukrayna və Gürcüstan MDB-dən çıxıblar. Ümumilikdə, Moldovanın da bu addımı atmaq istəməsi onun suveren hüququdur və o, MDB-dən rəsmi şəkildə çıxmaq qərarı verə bilər. Moldovanın siyasi kursu Avropa İttifaqına inteqrasiyaya yönəlib. Təbii ki, Moldova Avropa İttifaqına inteqrasiya edəcəksə, bu halda MDB-dən çıxmaq onun hüququ və suveren seçimidir. Müxtəlif dövrlərdə Moldova ilə Rusiya arasında müəyyən konfrontasiyalar da yaşanıb və bu da Moldovanın MDB-dən çıxmaq qərarına təsir edən amillərdən biri kimi qiymətləndirilə bilər. Hər bir dövlətin suveren hüququdur ki, istədiyi birlikdə əməkdaşlıq etsin. Lakin bu əməkdaşlıq üçüncü dövlətlərin əleyhinə hesablanmamalıdır. Yəni istər Moldova ilə Avropa arasında, istər Moldova ilə ABŞ arasında qurulan iqtisadi və siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməməlidir.
"O ki qaldı Azərbaycana, Azərbaycan balanslaşdırıcı siyasət həyata keçirir. Azərbaycan həm şimalla, həm cənubla, həm şərqlə, həm də qərblə iqtisadi və siyasi münasibətlərini tənzimləyir. Azərbaycan MDB-də fəaliyyət göstərməklə yanaşı, Türk Dövlətləri Təşkilatında da aktiv rol oynayır və fəal iştirak edir. Bundan əlavə, Azərbaycan iqtisadi maraqlarını Avropa dövlətləri ilə də genişləndirir. Avropanın ona yaxın dövlətləri ilə strateji əməkdaşlığı var və hazırda Avropanın ondan artıq ölkəsinə qaz satışı həyata keçirir. Bu da Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin göstəricisidir. Azərbaycan heç bir hərbi bloka qoşulmur. Bu baxımdan ölkəmiz Qoşulmama Hərəkatının üzvüdür. Eyni zamanda, istər MDB, istər Türk Dövlətləri Təşkilatı, istərsə də Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusunda, BRICS təşkilatında isə müşahidəçi kimi iştirak edir. Azərbaycan çoxşaxəli və çoxvektorlu siyasət həyata keçirir. Xarici siyasətinin əsas prinsiplərindən biri qonşularla dinc yanaşı yaşamaqdır. Eyni zamanda Azərbaycan üçüncü dövlətlərin əleyhinə yönəlmiş siyasi kurs həyata keçirmir. Bu baxımdan Azərbaycanın fəaliyyəti tam müstəqil və suverendir. Azərbaycan, qeyd etdiyim kimi, qonşularla dinc yanaşı yaşama prinsipinə önəm verir. Rusiya ilə münasibətlərə gəldikdə isə, bildiyiniz kimi, 2022-ci ilin fevral ayında Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında 43 maddədən ibarət dostluq və əməkdaşlıq haqqında Bəyannamə imzalanıb. Bu sənəd Azərbaycan-Rusiya münasibətlərinin bütün sahələr üzrə inkişafını nəzərdə tutur", - deyə ekspert əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan Avropa İttifaqına daxil olan dövlətlərlə iqtisadi münasibətlərini genişləndirir, Amerika Birləşmiş Ştatları ilə əlaqələrini inkişaf etdirir. Yəni Azərbaycanın xarici siyasəti real və balanslaşdırılmış siyasətdir və biz xarici siyasətdə üçüncü dövlətlərin əleyhinə yönəlmiş siyasi kurs həyata keçirmirik. Bu baxımdan Azərbaycana qarşı heç bir qərəzli münasibət ola bilməz. O ki qaldı Moldovaya, Moldovanın da suveren hüququdur ki, istədiyi dövlətlə ittifaqa daxil olsun və həmin ittifaq çərçivəsində fəaliyyətini genişləndirsin.
Lamiyə Cəbrayılova