Yeni Sülh Şurası effektiv olacaq, yoxsa formal layihə kimi qalacaq?- ÖZƏL
16:05 SiyasətDavosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Qəzzanın müharibədən sonrakı bərpası və idarə olunmasını nəzərdə tutan "Sülh Şurasının Nizamnaməsi" imzalanıb. Şura Qəzzanın demilitarizasiyası, yenidən qurulması və beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə nəzarət edəcək. Sənədi imzalayan ölkələr arasında Azərbaycan, Türkiyə, ABŞ, Ermənistan və bir sıra digər dövlətlər yer alır. "Sülh Şurası" Qəzzada keçid dövrünün idarə olunması və investisiyaların cəlbi üçün əsas beynəlxalq platforma kimi nəzərdə tutulur.
ABŞ-ın rəhbərliyi ilə yaradılan "Sülh Şurası" Qəzzada real və davamlı sülhün təmin olunması baxımından nə dərəcədə effektiv mexanizm sayıla bilər? Azərbaycanın bu nizamnaməni imzalayan ölkələr sırasında yer alması onun Yaxın Şərq siyasəti və beynəlxalq imici baxımından hansı siyasi mesajları verir?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" İndiki mərhələdə Sülh Şurasının təsis edilməsinə Qəzzada effektiv nəticə əldə etmək üçün uğurlu yol kimi baxmaq hələ tezdir. Çünki bu şura yeni yaradılıb. Üstəlik, hələ vahid mexanizm mövcud deyil, fəaliyyət proqramı ilə bağlı səlahiyyətli və konkret qərarlar qəbul olunmayıb.
Şuranı formalaşdıran ölkələrin bir çoxu regiondan xeyli uzaqdır və aydındır ki, Donald Tramp bu təşəbbüsü təkcə Qəzza məsələsini həll etmək üçün deyil, həm də özünün və ölkəsinin qlobal maraqlarını təmin etmək məqsədilə irəli sürür. Yəni burada niyyət yalnız Qəzza ilə məhdudlaşmır. Məhz buna görə də Trampın bu şura çərçivəsində gələcək fəaliyyəti Qəzzadan kənar məsələlərə yönələ bilər ki, bu da zamanla bölgəyə diqqətin azalmasına səbəb ola bilər.
Eyni zamanda nəzərə almaq lazımdır ki, İngiltərənin təşəbbüsə qoşulmaması, Rusiyanın iştirakına baxmayaraq maliyyə məsələlərinin hələ də tam həllini tapmaması, Macarıstanın üzvlük haqqını ödəməkdən imtina edərək yalnız formal iştirak edəcəyini bildirməsi və digər oxşar amillər Sülh Şurasının nə dərəcədə uğurlu olacağını proqnozlaşdırmağı çətinləşdirir və bu istiqamətdə ciddi suallar yaradır.
Bununla belə, bir məqamı da unutmamaq lazımdır: şuranın təşəbbüskarı dünyanın ən böyük güclərindən biri olan ABŞ-dir və bu ölkə öz maraqlarına nail olmaq üçün həm Yaxın Şərqdə, həm də dünyanın digər bölgələrində nüfuzunu artırmaq və ya azalan təsir imkanlarını bərpa etmək məqsədilə bu cür addımlar atır. Bu baxımdan gözləmək olar ki, ən azı Donald Trampın hakimiyyət müddəti başa çatanadək bu şuranın fəaliyyət göstərməsi üçün ciddi səylər göstəriləcək. Lakin Trampdan sonrakı dövr üçün vəziyyət sual altındadır. Əgər yeni seçiləcək ABŞ prezidenti Trampın bu yanaşmasını doğru hesab edib davam etdirərsə, digər ölkələr də zamanla anlayacaqlar ki, bu təşəbbüs yalnız Trampın şəxsi siyasəti deyil, ABŞ dövlətinin ümumi mövqeyidir. Bu halda şuraya münasibət də dəyişə bilər. Əks halda, yəni yeni prezident fərqli xətt seçərsə, bu təşəbbüs formal layihə olaraq qalacaq.
Azərbaycanın bu şurada təhlükəsizlik zəmanəti verən ölkələr sırasında yer almasına gəlincə, layihənin uğurlu və ya uğursuz olmasından asılı olmayaraq, ABŞ kimi böyük bir dövlətlə tərəfdaş qismində çıxış etmək Azərbaycan üçün hər zaman müsbət nəticələr vəd edir. Qlobal qarşıdurmaların artdığı bir dövrdə böyük dövlətlərlə əlaqələrin möhkəmləndirilməsi təkcə Azərbaycan üçün deyil, bunu bacaran digər ölkələr üçün də ciddi üstünlükdür. Azərbaycanın Yaxın Şərqə coğrafi yaxınlığı, eyni zamanda bölgənin bir çox dövlətləri ilə dərin iqtisadi və siyasi əlaqələrinin mövcudluğu imkan yaradır ki, şuranın fəaliyyəti faktiki mərhələyə keçəndə, yəni real addımlar atılanda, Azərbaycan sözü keçən və maraqlı tərəflərin əməkdaşlığa can atdığı əsas aktorlardan birinə çevrilsin. Bu isə Azərbaycanın beynəlxalq imicini gücləndirəcək, ölkəmizə müraciətlərin sayını artıracaq və nəticə etibarilə Azərbaycanı həm Cənubi Qafqazın lider dövləti, həm də Yaxın Şərqin siyasi proseslərinə daxil olan mühüm aktor kimi dünya siyasətində daha aydın mövqeyə çıxaracaq".
Zeynəb Mustafazadə