ABŞ kürdləri niyə aldatdı: Suriyada baş verənlərin pərdəarxası
07:57 SiyasətSuriyanın şimal-şərqində baş verən proseslər Yaxın Şərqdə son illərin ən mühüm geosiyasi dönüş nöqtələrindən biri kimi qiymətləndirilir.
Musavat.com xəbər verir ki, ABŞ-ın vasitəçiliyi ilə kürd qüvvələri ilə Dəməşq arasında əldə olunan razılaşma, ardınca isə bölgədə yaranan hərbi-siyasi gərginlik göstərir ki, Vaşinqton Suriyada əvvəlki strategiyasını faktiki olaraq dəyişib.
Siyasi şərhçi, Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlunun yazdığına görə, ABŞ hökuməti kürdlərlə Suriya hakimiyyəti arasında saziş imzalatdıraraq prosesi hüquqi-siyasi müstəviyə keçirməyə çalışıb. Razılaşmaya əsasən, Suriyanın şimal-şərqində fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri (SDF) Suriya ordusuna inteqrasiya edilməli, kürdlər isə dövlət daxilində müəyyən siyasi və mədəni statuslar əldə etməli idilər.
Sazişə görə kürd dili rəsmi dövlət dili statusu alıb, kürdlərin milli bayramları, o cümlədən Novruz rəsmi dövlət bayramı elan olunub, kürdlərin kompakt yaşadığı vilayətlərdə dövlət idarəçiliyində əsasən kürd əsilli məmurların təmsil olunması nəzərdə tutulub. Bundan əlavə, SDF-in ayrıca silahlı struktur kimi mövcudluğuna son qoyulmalı və bu qüvvələr mərhələli şəkildə Suriya ordusunun tərkibinə daxil edilməli idi.
Lakin Kənan Rövşənoğlu qeyd edir ki, razılaşmanın imzalanmasından sonra kürd qüvvələri gözlənilmədən etiraz mövqeyi tutdu. Kürdlər əldə etdikləri statusları yetərli saymadı və faktiki muxtariyyət, perspektivdə isə müstəqillik gözləntilərindən imtina etmədi. Məhz bu mərhələdən sonra ABŞ-ın razılığı ilə Suriya ordusu Hasake ətrafına qədər irəlilədi ki, bu da Vaşinqtonun artıq bölgədə əsas tərəfdaş kimi Dəməşqi seçdiyini açıq şəkildə göstərdi.
Hazırda bölgədə dörd günlük atəşkəs elan olunub. Bununla paralel olaraq təhlükəsizlik vəziyyəti daha da mürəkkəbləşib. İŞİD üzvlərinin saxlandığı düşərgələrdən birindən təxminən 1400 nəfərin qaçdığı bildirilir. Eyni zamanda, 24 minə yaxın İŞİD üzvü və onların ailələrinin saxlandığı əl-Hol düşərgəsi Suriya hökumətinin nəzarətinə keçib. Bu faktlar regionda yeni təhlükəsizlik risklərinin yarandığını göstərir.
Kürd dairələrində və onlara yaxın mediada "Amerika bizi aldatdı" fikirləri səsləndirilir. Lakin Kənan Rövşənoğlu bu yanaşmanı yanlış hesab edir. Onun fikrincə, ABŞ mövcud şərtlər daxilində kürdlər üçün mümkün olan ən optimal variantı təklif edib. Problem ondadır ki, kürdlər 2014-2019-cu illərdə, eləcə də 2024-cü ilə qədər ABŞ-ın bölgədə əsas hərbi dayağı olmağa alışmış və Vaşinqtonun onlara muxtariyyət, daha sonra isə müstəqillik verəcəyinə inanmışdılar.
Ekspert vurğulayır ki, ABŞ böyük dövlətdir və məsələlərə emosional yox, yalnız strateji maraqlar prizmasından yanaşır. Məhz buna görə də 2024-cü ilin dekabrında Suriyada bütün siyasi balans dəyişdi. Bu tarixdən sonra ABŞ üçün əsas müttəfiq kürdlər deyil, Suriya hakimiyyəti oldu.
Bunun bir neçə səbəbi var. ABŞ regionda uzunmüddətli sabitlik yaratmaq, Livan və ümumilikdə Yaxın Şərqdə möhkəmlənmək üçün yeni siyasi fiqurlara, o cümlədən Əhməd əş-Şaraa faktoruna yol açmaq niyyətindədir. Digər tərəfdən, Türkiyə Vaşinqtondan kürd məsələsində açıq və konkret addımlar atmağı tələb edirdi və ABŞ bu tələbləri nəzərə almaya bilməzdi.
Bu kontekstdə Tramp administrasiyasının Suriya üzrə xüsusi elçisinin açıqlaması da diqqət çəkir. Elçi açıq şəkildə bildirib ki, artıq kürdlər ABŞ üçün prioritet müttəfiq deyil və onların təhlükəsizlik, idarəçilik məsələlərini bundan sonra Suriya dövləti həll etməlidir.
Kənan Rövşənoğlunun fikrincə, ABŞ əslində kürdlərin Suriya dövlətinə inteqrasiya olunmasını istəyir. Bu, kürd planının tam ləğvi deyil, sadəcə onun indiki mərhələdə dondurulmasıdır. Vaşinqton kürdlərə açıq mesaj verir: bu mərhələdə əldə olunanlarla kifayətlənmək lazımdır.
Kürd qüvvələrinin döyüşməməsi və geri çəkilməsi də bununla bağlıdır. ABŞ hərbi dəstəyini dayandırıb və faktiki olaraq kürdlərin aktiv hərbi əməliyyat aparmasına icazə vermir. Əgər kürdlər razılaşmaya vaxtında və tam şəkildə əməl etsəydilər, keçid prosesi daha yumşaq ola bilərdi. Lakin indiki vəziyyətdə gərginliyin artacağı istisna edilmir.
Ekspert hesab edir ki, bu proses xüsusilə Türkiyə daxilində PKK ilə mümkün barışıq prosesinə ciddi zərbə vuracaq və regionda yeni siyasi-hərbi risklər yaradacaq.