Zəngəzur dəhlizi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
17:51 SiyasətAzərbaycanın ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına qoşulması təkcə diplomatik jest deyil, həm də regional proseslərə ciddi təsir göstərə biləcək strateji addım kimi qiymətləndirilir.
Bu yöndə çoxsaylı suallar da meydana çıxıb. Bakı-Vaşinqton xəttində yeni mərhələ Zəngəzur dəhlizi məsələsini yenidən beynəlxalq gündəmə daşıya bilərmi? ABŞ-nin sülh təşəbbüsü çərçivəsində Cənubi Qafqazda kommunikasiyaların açılması prioritetə çevriləcəkmi? Ən əsası, Azərbaycan Sülh Şurası platformasından istifadə edərək Zəngəzur dəhlizi ilə bağlı mövqeyini qlobal masaya çıxara biləcəkmi?
Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a açıqlamasında deyib ki, Sülh Şurası hələlik real institusional çərçivəsi formalaşmamış, daha çox ideya səviyyəsində mövcud olan bir təşəbbüsdür:
"Azərbaycanın bu təşəbbüsə münasibət bildirməsi isə mahiyyət etibarilə hansısa siyasi bloklaşmaya qoşulmaqdan daha çox diplomatik differensiasiyanı qorumaq məqsədi daşıyır. Çünki Azərbaycan xarici siyasətinin əsas xətti ideoloji mövqelənmədən deyil, praqmatik maraqlardan qaynaqlanır. Bu kontekstdə beynəlxalq diplomatik şaxələndirmə, xüsusilə Azərbaycanın ölçüsü və geosiyasi mövqeyi nəzərə alındıqda həyati əhəmiyyət daşıyır.
Böyük güclər arasında sərt bloklaşmaların dərinləşdiyi bir mərhələdə Azərbaycanın müxtəlif təşəbbüslərə açıq qalması manevr imkanlarını genişləndirir və strateji elastikliyi təmin edir.
Zəngəzur məsələsi də eyni məntiq çərçivəsində dəyərləndirilməlidir. Dəhlizin hüquqi və texniki çərçivəsi qədər onun real işləkliyini müəyyən edən əsas faktor regional və qlobal güclərin bu məsələyə yanaşması olacaq. Başqa sözlə, Zəngəzur dəhlizinin taleyi təkcə Azərbaycan-Ermənistan münasibətləri ilə məhdudlaşmır. Bu məsələ Rusiya, Türkiyə, İran və qismən Qərb aktorlarının regional balans hesabları ilə birbaşa əlaqəlidir. Bu baxımdan Azərbaycan üçün əsas hədəf Zəngəzur dəhlizini geosiyasi qarşıdurma obyektinə deyil, regional iqtisadi inteqrasiyanın funksional elementinə çevirməkdir. Məhz bu yanaşma Azərbaycanın uzunmüddətli maraqları ilə daha çox uzlaşır və mövcud praqmatik xarici siyasət xəttinin davamı kimi çıxış edir".