Kreml İrəvana qarşı “hibrid savaş”a başlayıb: Rusiya Qərbi Ermənistan üzərindən “vurur”
16:03 SiyasətKremlin sərt və təhdidkar ritorikası Rusiyanın postsovet məkanında, eləcə də, Cənubi Qafqazda öz təsir dairəsinin ciddi şəkildə daralmasını qətiyyən sakitliklə qəbul etmək niyyətində olmadığını biruzə verir... Çünki Rusiyanın geopolitik itkilərinə paralel olaraq, Qərbin geostrateji yerləşmə mexanizmlərinin bu regionda sürətlə artması Kremlin Cənubi Qafqaz dövlətlərinə birbaşa təsir imkanlarını xeyli məhdudlaşdırır...
Cənubi Qafqazda yeni "geopolitik xəritə"nin konturları tədricən təyin olunmağa başlayıb. Belə ki, bu regionda artıq heç nə əvvəlki kimi olmayacaq. Hər halda, Rusiyanın Cənubi Qafqazda region dövlətlərinin maraqlarını risk altında buraxan hegemoniyası sona çatmaq üzrədir. Azərbaycan Kreml üçün artıq böyük ölçüdə əlçatmaz kimi görünür. Gürcüstan hələlik Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlığa üstünlük verməklə, Rusiya təsirini balanslaşdırmağa çalışır. Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma kursu götürmüş Ermənistan "sülh optimizmi"nə köklənib. Və bütün bunlara Kremlin son vaxtlar ön plana keçən xüsusi təhdidkar reaksiyası isə Rusiyanın Cənubi Qafqazdakı yeni geopolitik şərtlərdən ciddi narahat olduğunu göstərir.
Onu da qeyd etmək lazımdır ki, Ermənistan Xarici Kəşfiyyat Xidmətinin 2025-ci il üzrə illik hesabatında, 2026-cı ildə Azərbaycanla hərbi eskalasiyanın gözlənilmədiyinin xüsusi olaraq, vurğulanması əslində, Cənubi Qafqazda yaranmaqda olan yeni geopolitik reallığın açıq göstəricisidir. Çünki Ermənistan xarici kəşfiyyat servisinin bu qiymətləndirməsi qətiyyən təsadüfi deyil. Və böyük ehtimalla bir neçə önəmli strateji faktorun üst-üstə düşməsi nəticəsində belə pozitiv qənaətə gəlinib.
Məsələ ondadır ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə iki ölkə arasında bütün maddələrinin əvvəlcədən razılaşdırıldığı sülh sazişinin paraflanması Azərbaycan-Ermənistan münasibətlərində uzun illər davam edən hərbi qarşıdurmanın təkrarlanma ehtimalını ciddi şəkildə zəiflədib. Belə ki, Ermənistan hazırda ilk dəfə olaraq, yalnız genişmiqyaslı müharibəni deyil, hətta lokal sərhəd insidentlərini də az ehtimallı hesab edir. Və bu, rəsmi İrəvanın təhlükəsizlik baxımından, artıq Azərbaycana qarşı klassik "müharibə və işğal" doktrinasından uzaqlaşmağa başladığını göstərir.
Cənubi Qafqazda sülh və sabitlik üçün digər önəmli məqam isə regional nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı pozitiv prosesin intensivləşməsidir. Ona görə də, Ermənistanın xarici kəşfiyyat xidməti bu regionda nəqliyyat və iqtisadi blokadaların aradan qalxmasının mümkünlüyünü real perspektiv kimi təqdim edir. Bu isə dolayısı ilə onu göstərir ki, rəsmi İrəvan artıq regional inteqrasiya proseslərini geopolitik risk deyil, məhz iqtisadi və siyasi sabitliyə ən real təminat faktoru kimi qəbul etməyin mümkünlüyünü artıq anlamağa başlayıb.
Ancaq maraqlıdır ki, məhz eyni hesabatda Ermənistanın Rusiyanın patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində dondurulmuş fəaliyyətinin 2026-cı ildə "yenidən aktivləşdirilməsi"nin real olmadığı da xüsusi vurğulanır. Bu, Ermənistanın Rusiya mərkəzli təhlükəsizlik sistemindən faktiki olaraq, uzaqlaşmaqda israrlı olmasının rəsmi təsdiqi kimi qəbul oluna bilər. Və məhz bu önəmli faktor Ermənistan-Rusiya ziddiyyətlərinin əsas qaynağı hesab edilir.
Təbii ki, Ermənistanın bu Qərbə yaxınlaşma kursu Rusiyada ciddi narahatlıq doğurur və Kreml rəsmi İrəvanın atdığı addımlara siyasi-ideoloji məzmunlu aqressiv reaksiya verir. Belə ki, Rusiya digər müstəqil post-sovet dövlətləri ilə yanaşı, artıq Ermənistanı da hədəfə alaraq, təhdid etməyə başlayıb. İmperiya yanaşma tərzinin əsas daşıyıcılarından olan rus siyasi ideoloq Aleksandr Duqinin "suveren Azərbaycan, Ermənistan, Gürcüstan və Orta Asiya dövlətləri mövcud ola bilməz" məzmunlu açıqlaması Kremlin post-sovet məkanına ənənəvi baxışının hələ də dəyişmədiyini növbəti dəfə göstərir. Və bu yanaşma təzri Cənubi Qafqaz və Orta Asiya dövlətlərinin müstəqil geopolitik seçim hüququnu inkar edən rus neoimperialist düşüncə modelinin təzahürüdür.
Bütün bunlara paralel olaraq, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanla bağlı son açıqlamaları isə siyasi-ideoloji ritorikadan daha çox konkret geopolitik təhdidkarlığı əks etdirir. Sergey Lavrovun "Ermənistanın Avropa Birliyi ilə yaxınlaşmasının izsiz ötüşməyəcəyi" barədə fikri Kremlin rəsmi İrəvanı artıq ənənəvi "strateji müttəfiq" deyil, məhz "nəzarətdən çıxmaqda olan tərəfdaş" kimi qəbul etdiyini göstərir. Xüsusilə də, Paşinyan hakimiyyəti və erməni kilsəsi arasında baş verən toqquşmalara Kremlin "təəssüflə" yanaşması qətiyyən təsadüfi deyil. Çünki erməni kilsəsi Rusiyanın Ermənistan daxilində ənənəvi "yumşaq güc alətləri"ndən biri funksiyasını yerinə yetirir. Və indi bu "yumşaq güc alətləri"ndən birinə - erməni kilsəsinə nəzarətin zəifləməsi Kremlin Ermənistana təsir imkanlarının da məhdudlaşması anlamına gəlir.
Eyni zamanda, Sergey Lavrovun "hibrid təhdidlər" mövzusunda səsləndirdiyi iradlar isə Ermənistana yönəlik daha açıq xəbərdarlıq mesajı xarakteri daşıyır. Belə ki, rəsmi İrəvanın Rusiyadan gələn "hibrid təhlükələr"dən danışması Kreml tərəfindən Avropa Birliyinin "ideologiya ixracı" kimi təqdim olunur və bunu Brüsseldən verilən maliyyə dəstəyi ilə əlaqələndirir. Rus diplomatın 15 milyon avroluq Avropa Birliyi tranşını xüsusi olaraq, vurğulaması Rusiyanın birbaşa və açıq şəkildə Ermənistanın daxili siyasi kursuna təzyiq göstərmək məqsədli mesajıdır.
Belə anlaşılır ki, Cənubi Qafqazda regional güc balansının dəyişən konturları artıq Kremldə qətiyyətli müdaxilə ehtiyacı doğuran faktor kimi dəyərləndirilməyə başlayıb. Belə ki, bütün bu proseslər onu göstərir ki, Cənubi Qafqazda klassik "Rusiya mərkəzli təhlükəsizlik modeli" artıq tədricən dağılmaq üzrədir. Üstəlik, rəsmi İrəvanın sülh sazişinə yönəlməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılmağa başlaması və Ermənistanın KTMT-dan uzaqlaşmağa cəhd göstərməsi bu regionda Azərbaycan üçün daha stabil və proqnozlaşdırılan təhlükəsizlik mühiti formalaşdırır.
Digər tərəfdən, Kremlin sərt və təhdidkar ritorikası Rusiyanın post-sovet məkanında öz təsir dairəsinin ciddi şəkildə daralmasını qətiyyən sakitliklə qəbul etmək niyyətində olmadığını da biruzə verir. Ancaq buna baxmayaraq, Kremlin Cənubi Qafqazdakı problemləri yalnız real geopolitik güc potensialının önəmli səviyyədə azalması ilə yekunlaşmır. Çünki Rusiyanın itkilərinə paralel olaraq, Qərbin regionda artan geostrateji yerləşmə mexanizmləri də Kremlin Cənubi Qafqaz dövlətlərinə təsir imkanlarını xeyli məhdudlaşdırır.
Göründüyü kimi, nəticə etibarilə, rəsmi İrəvanın "sülh optimizmi" yalnız Azərbaycan ilə münasibətlərin normallaşmasına bağlı deyil. Yəni, bu, həm də Rusiyanın regiondakı hegemoniyasından Ermənistanın mərhələli şəkildə uzaqlaşdırılması prosesinin tərkib hissəsidir. Və bu baxımdan, 2026-cı ildə Cənubi Qafqazda əsas qarşıdurma xəttinin, artıq Azərbaycan-Ermənistan deyil, daha çox məhz Rusiya ilə Qərb arasında Ermənistan üzərindən geopolitik rəqabət istiqamətində qurula biləcəyi qətiyyən istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert