Davos: Azərbaycan yeni dünya düzənində öz siyasi xəttini müəyyənləşdirir- ÖZƏL
15:38 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Davosda "Euronews"a müsahibəsində regiondakı yeni reallıqlar və qlobal siyasi mənzərə barədə mühüm ismarıclar verib.
Azərbaycanın 16 ölkəyə (onlardan 10-u Aİ üzvüdür) qaz ixrac etdiyini deyən lider, ölkənin Avropanın enerji təhlükəsizliyində əsas oyunçuya çevrildiyini bildirib.
Avropa Parlamenti ilə münasibətlərdə Prezident bu qurumun tənqidlərinə artıq reaksiya vermədiklərini, kənar qərəzli qrupların təsirində olan parlamentlə əməkdaşlığı dayandırdıqlarını, əsas tərəfdaş kimi Avropa Komissiyasını gördüklərini vurğulayıb.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Prezidentin Davosdan verdiyi mesajlar əslində qurulmaqda olan yeni dünya düzəninə Azərbaycanın necə hazırlaşdığının göstəricisidir. Gəlin, bu mesajlara diqqətlə baxaq.
Prezident açıq şəkildə bildirir ki, Azərbaycan Avropa Parlamenti və ona bənzər qərəzli qurumlarla münasibətləri dayandırıb. Eyni zamanda vurğulayır ki, Avropa Komissiyası ilə əməkdaşlıq davam etdirilir. Hər iki qurum Avropa mərkəzli strukturdur, hər ikisi Avropa İttifaqını təmsil edir. Yəni ümumi Avropanı ifadə edən təsisatlardır. Amma diqqət yetirsək görərik ki, prezident bu qurumlardan biri ilə münasibətlərin kəsildiyini, digəri ilə isə əməkdaşlığın davam etdiyini xüsusilə qeyd edir. Bu da onu göstərir ki, Azərbaycan yeni dünya nizamında özünü müstəqil və suveren dövlət kimi aparır və qərarlarını kim olmasından asılı olmayaraq yalnız öz milli maraqlarına uyğun şəkildə verir.
Avropa Parlamenti Azərbaycanın xarici siyasətinə və milli maraqlarına qarşı aqressiv və qərəzli mövqe nümayiş etdirdiyi üçün onunla məsafə saxlanılır. Azərbaycan öz maraqlarını qoruyur. Avropa Komissiyası isə eyni coğrafiyanı, eyni dövlətləri təmsil etsə də, onunla münasibətlərdə əməkdaşlıq mühiti mövcuddur. Bu yanaşma onu deməyə əsas verir ki, Azərbaycan Qərb dünyası ilə münasibətlərində də yeni kurs, yeni siyasi xətt formalaşdırır. Necə ki, Şərq ölkələri, ABŞ və ərəb dünyası ilə münasibətlərdə praqmatik siyasət aparılır, eyni yanaşma Qərb istiqamətində də tətbiq olunacaq.
Bu yeni yanaşmanın mahiyyəti ondan ibarətdir ki, Azərbaycan artıq işğaldan əvvəlki və işğaldan sonrakı dövlət prizması ilə hər kəsə baxacaq. İşğal dövründə Azərbaycanın yaşadığı ədalətsizliklər, üzləşdiyi çətinliklər və Qərb mərkəzli anti-Azərbaycan addımlara qarşı müəyyən qədər səbir nümayiş etdirilirdi.
Bu gün isə Azərbaycan belə bir məcburiyyət qarşısında deyil. Bundan sonra kimdən xoş niyyət gələrsə, ona adekvat şəkildə cavab veriləcək, kim qərəz nümayiş etdirərsə, ona da yerində və lazımi cavab veriləcək.
Prezidentin enerji məsələləri ilə bağlı səsləndirdiyi fikirlər də tam reallığa əsaslanır. Bu gün Avropa ciddi enerji asılılığı yaşayır. Uzun illər bu asılılıq əsasən Rusiya üzərindən təmin olunurdu. Mövcud geosiyasi vəziyyət fonunda Avropa öz əsas enerji mənbəyini itirməkdədir və bu, alternativ mənbələrə ehtiyacı artırır.
İran enerji baxımından potensial alternativ ola bilərdi, lakin sanksiyalar, siyasi ziddiyyətlər və qarşılıqlı etimadsızlıq bu variantı faktiki olaraq mümkünsüz edir. Belə bir şəraitdə Avropa enerji təhlükəsizliyi baxımından Azərbaycanı və Azərbaycan üzərindən Mərkəzi Asiya ölkələrini daha təhlükəsiz seçim kimi görür.
Azərbaycan burada iki mühüm üstünlüyə malikdir: həm öz enerji potensialı, həm də Mərkəzi Asiyadan gələcək enerji resurslarının Rusiya və İran üzərindən keçməsinin çətin və riskli olması fonunda ən əlverişli tranzit mərkəz rolunu oynayır. Bu da Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaşlardan birinə çevirir. Məhz bu amil Azərbaycanın Avropa dövlətləri ilə münasibətlərində çoxşaxəli layihələr həyata keçirməsinə, əlavə iqtisadi gəlirlər əldə etməsinə imkan yaradır. Eyni zamanda bu, Azərbaycanın Avropa Parlamenti kimi bəzi qurumların ikili standartlarına qarşı yeni müdafiə mexanizmləri formalaşdırmasına şərait yaradır.Nəticə etibarilə Azərbaycan daha çəkili, daha hörmətli və real tərəfdaş kimi qəbul olunan bir dövlətə çevrilir".
Zeynəb Mustafazadə