Professor: Hadisənin ilk saatlarında Azərbaycan Tibb Universitetinin klinikasına 108 ağır yaralı və 29 meyit gətirilmişdi
17:55 Siyasət20 yanvar faciəsindən əvvəl ölkəmizdə gərgin vəziyyət yaranmışdı. Ermənilər Qarabağı Ermənistana birləşdirmək istəyirdilər. Sovet hakimiyyəti də onları dəstəkləyirdi. Məlumdur ki, müxtəlif dövrlərdə Azərbaycan xalqının soyqırımına məruz qalmasında Rusiya imperiyası böyük rol oynayıb və ermənilərin əli ilə qırğınlar törədilib. Bakıda ermənilərin Qarabağın Ermənistana birləşdirilməsi xülyalarına qarşı dinc mitinqlər keçirilirdi. Silahsız idik, ov tüfəngləri də əlimizdən alınmışdı. Erməniləri isə silahlandırırdılar. Azadlıq meydanında keçirilən mitinqlərə mən də qoşulurdum. Əslən Xocalıdan idim və aksiyalarda əlimdə üzərində "Xocalı sizinlədir" yazısı olan lövhə tutaraq iştirak edirdim. Heç kimə hücum etmirdik, hakimiyyətə müraciət edib, bu vəziyyətin qarşısını almağa səsləyirdik. Sovet hakimiyyəti isə ermənilərlə birləşərək bu durumdan faydalandı. Guya, biz silahla kiməsə hücum etmişik, guya hakimiyyətə qarşı çıxırıq. Məhz belə dövrdə - 1990-cı ilin yanvarında onlar tək Bakıda deyil, Neftçala və Lənkəranda da qətliamlar törətdilər.
Bunu AZƏRTAC-a müsahibəsində Birinci Qarabağ müharibəsi veteranı, Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru Mübariz Allahverdiyev deyib.
O, həmin məşum gecəni xatırlayaraq bildirib ki, yanvarın 19-da da müxtəlif ərazilərdə etiraz aksiyaları davam edirdi:"Həmin gün işıqlar söndürüldü, Azərbaycan Televiziyasının enerji bloku partladıldı, verilişlərin yayımı dayandırıldı. Hər yerlə əlaqəmiz kəsilmişdi. Mən Bakının mərkəzində deyil, Əhmədli qəsəbəsində yaşayırdım. Biz də öz ərazimizə yaxın yerdə, Ukrayna dairəsi tərəfdə aksiya edirdik. Hadisə gecəsi mənə tanışlarımdan biri zəng edərək gərginliyin artdığını, sovet ordusunun ağır texnika ilə Bakıya hücum etdiyini dedi. O günlərdə içərisində ermənilərin çox olduğu və amansızlığı ilə tanınan sovet ordusunun "Alfa" qrupu Bakıda və digər rayonlarda ağılasığmaz vəhşilik törətdilər. Nəqliyyat olmadığından gecə ilə piyada Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına gəldim. Yolda şahid olduqlarım məni dəhşətə gətirdi. Rəşid Behbudov küçəsindən Bakıxanov küçəsinə qalxan yerdə içərisində sərnişinlər olan avtobus gülləbaran edilmişdi. Azərbaycan Tibb Universitetinin klinikasında isə gördüklərim məni bir başqa cür sarsıtdı. Xeyli yaralı və şəhid var idi. Hadisənin ilk saatlarının olmasına baxmayaraq, təkcə klinikaya 108 ağır yaralı və 29 meyit gətirilmişdi. Yaralıları xilas edə bilməsəydik, ölənlərin sayı artacaqdı. Tələbə yataqxanalarına müraciət etdik ki, yaralılara tibb yardım üçün kömək və qan lazımdır".
Mübariz Allahverdiyev vurğulayıb ki, o zaman Mixail Qorbaçov prezident, Dmitri Yazov müdafiə naziri idi. Yazovun rəhbərliyi ilə 20 mindən çox qoşun paytaxt və digər rayonlarda dinc əhalinin üzərinə yeridilmişdi. "Sonradan məlum oldu ki, hadisə nəticəsində 150 nəfər həyatını itirib. Lakin bizim fədakar cərrahlar və vətənpərvər gənclər olmasa idi, ölənlərin sayı həddən ziyadə çox olacaqdı. Yadımdadır, Azərbaycan Tibb Universitetinin tələbə qızları ağ xalatda əl-ələ tutub Səməd Vurğun küçəsinə çıxmışdılar. Onlar yaralılar üçün köməyə gəlirdilər. Əlisilahlı sovet ordusunun əsgərləri onların qarşısını kəssələr də, həmin qızlar dəstək üçün gedə bilmişdilər. Qısacası, "nifrət" silahı sovet ordusunu tərksilah etmişdi...
Yaralılar çox idi. Onları palatalardan savayı, dəhlizə, pilləkənlərə də yerləşdirmişdilər. Ağır yaralılara ilk növbədə yardım edilirdi. Digərlərinə isə ilk tibbi yardım göstərilirdi ki, qanitirmədən dünyasını dəyişməsinlər. Tələbələrin, gənclərin qanverməsi nəticəsində birbaşa qanköçürmə oldu və ölənlərin sayının artmasının qarşısı alındı. Azərbaycan Tibb Universitetinin cərrahları hadisədən xəbər tutan kimi gecə ilə xəstəxanalara gəlmişdilər. İşıq sistemi tamamilə sıradan çıxarıldığından cərrahlar yaralıları şam, çıraq işığında əməliyyat edirdilər. Onlar da həmin gecənin qəhrəmanlarıdırlar. Təcili yardım maşınları da çatmırdı. Hətta Azərbaycan Tibb Universitetinin bir təcili yardım maşınını da yaralını xəstəxanaya gətirərkən gülləbabran etmişdilər. Tələbələr yaralılara ilk yardım göstərilməsində, onların yaralarının sarınmasında, ağır vəziyyətdə olanların seçilib əməliyyat otağına aparılmasında, hətta cərrahi əməliyyat olunmasında iştirak edirdilər. Mən də bir tibb işçisi kimi yaralılara ilk yardım göstərənlər sırasında idim. Həlak olanların əksəriyyəti qanaxmadan dünyasını dəyişmişdi. Ən ağır vəziyyətdə olanlar baş-beyin travmaları alanlar idi. İlk növbədə onlara yardım edilirdi. O gecə nəinki küçədə, öz evlərində olanlar da narahat idilər. Evlərə də atəş açılırdı, mənzillərin pəncərələrindən alovlar qalxırdı. Küçələrdə meyitlər qalmışdı, onları da hissə-hissə xəstəxanalara gətirirdilər.
O gecə Azərbaycan Tibb Universitetinin tələbələrindən bir neçəsi də şəhid oldular. Həmin tələbələrdən biri Stomatologiya fakültəsində təhsil alan Elçin idi. Onun ailəsi Salyanda yaşayırdı, cənazəsini aparıb ailəsinə təhvil verdik və dəfnində iştirak etdik".
Professor diqqətə çatdırıb ki, həmin dövrdə stres, qorxu, həyəcan keçirənlər də az olmadı. Yaşlılar, stres keçirənlər ağır vəziyyətdə terapevtik xəstəxanalara, nevroloji şöbələrə çatdırılırdılar. Onların üzərində uzunmüddətli müalicə aparıldı. "Qan təzyiqi yüksələnlər, insult keçirənlər az deyildi. Həmin xəstələr arasında həyatını itirənlər də var idi.
Şəhidlərin dəfn günü yanvarın 22-nə təsadüf etdi. Sovet ordusunun qaniçənləri hələ də küçələrdə idilər. Kimsə hərəkət edən kimi, üstünə şığıyırdılar. Elə bilirdilər ki, silahsız əhali nəsə edə bilər. Qətliamı da törədən də onlar idi, qorxan da. Yanvarın 22-də Azərbaycan xalqı şəhidlərini izdihamla yola saldı. Azadlıq meydanında mərasim təşkil edildi. İnsan selinin əlindən tərpənmək olmurdu. Ah-nalə ərşə qalxmışdı. Şəhər küçələrində qərənfillərdən az qala təpələr yaranmışdı. Dağüstü parkda şəhidlər adlarına layiq şəkildə dəfn olundular. Sovet İttifaqı Kommunist Partiyasının üzvü olanlar biletlərini cırıb atdılar. Onlar bəyan etdilər ki, xalqı qırğına verən partiyaya üzv olmaq istəmirlər".
Mübariz Allahverdiyev qeyd edib ki, 20 yanvar qətliamında həlak olanlar şəhid olsalar da, özlərindən sonra bir qəhrəmanlıq izi qoyublar: "O gecə baş verənlər, itirilən canlar unudulmayacaq dərəcədə yaddaşımıza, ruhumuza hopub. Həmin gün çox ağır oldu, məşəqqət yükünü bütün Azərbaycan xalqı daşıdı. Şəhidlərin yolu gələcək nəsillər üçün nümunəyə çevrildi. Uzun illər işğalda qalan torpaqlarımızı azad edən, suverenliyimizi bərpa edən gənclər də məhz bu cür qəhrəmanlardan ilham aldılar. Azərbaycan xalqı Zəfər xəbərini alan kimi Şəhidlər xiyabanına axışıb, öz qəhrəmanlarını müjdələdi. Xalqımız, dövlətimiz var olduqca müstəqilliyimizin memarları unudulmayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!".