Ukrayna cəbhəsində uğursuzluq, regionda təhdid dili -ÖZƏL
17:20 SiyasətRusiyanın siyasi dairələrindən postsovet ölkələrinə qarşı ərazi iddiaları və təhdidlər kəskinləşir. Aleksandr Duqin və Vladimir Solovyov kimi Kremlin əsas təbliğatçıları Azərbaycan, Ermənistan, Gürcüstan və Mərkəzi Asiya ölkələrinin müstəqilliyini hədəf alaraq, Moskvanın bu dövlətlərin suverenliyi ilə barışmamalı olduğunu bəyan ediblər. Ekspertlər hesab edir ki, bu çıxışlar fərdi rəy deyil, Kremlin Ukrayna müharibəsi fonunda həyata keçirdiyi məqsədyönlü şantaj və imperiya ambisiyalarının göstəricisidir. Rusiya XİN-in rəsmi açıqlamalarına rəğmən, ardıcıl təkrarlanan bu hədələr region ölkələrinə qarşı yeni təxribat dalğasının anonsu kimi qiymətləndirilir.
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
"Aleksandr Duqin rəsmi şəxs deyil, Vladimir Solovyov isə jurnalistdir. Ancaq hər iki şəxs Rusiya siyasi sistemində önəmli fiqurlar sayılır və Kremlə yaxın mövqelərdən çıxış edirlər. Rəsmi şəkildə olmasa da, bu şəxslər tez-tez Kremlin mövqeyini ifadə edirlər. Hətta Duqinin fikirləri və təklifləri ilə Putinin razılaşdığı, addımlarını bu ideoloji xətt üzərində qurduğu ilə bağlı yanaşmalar da mövcuddur. Bu baxımdan Duqin bəzən Rusiya dövlətinin ideoloqu kimi də qiymətləndirilir. Bu şəxslər bu cür bəyanat və çıxışlarla ictimai rəyi, həmçinin xarici reaksiyaları ölçməyə çalışırlar. Bir çox hallarda Rəsmi Moskva özünün daha radikal tezislərini məhz bu fiqurlar vasitəsilə dövriyyəyə buraxır.
Belə fikirlərin gündəmə gəlməsini mən ilk növbədə Rusiyanın Ukrayna müharibəsindəki uğursuzluğu ilə əlaqələndirirəm. Daha doğrusu, Rusiya Ukrayna məsələsini sürətlə həll etməli idi, lakin bu müharibədən qələbə ilə çıxa bilmir. Uzun müddətdir davam edən döyüşlər fonunda imperiya mifinin sarsılması, böyük dövlət imicinin sual altına düşməsi Kremlin ciddi narahatlığına səbəb olur. Bu vəziyyətdə Rusiya öz təzyiq coğrafiyasını genişləndirməyə çalışır.
Azərbaycan müstəqil və balanslı siyasət yürüdür. Ermənistan Qərbə doğru meyl edir, Gürcüstan Rusiyaya qarşı daha məsafəli mövqe tutur, Mərkəzi Asiya ölkələri isə alternativ tərəfdaşlıqları artırırlar. Bu proseslər Moskvanın təsir dairəsinin daraldığını göstərir. Rusiya isə bu mərhələdə qorxu yaratmaq, psixoloji-siyasi şantaj vasitəsilə nəzarət və təsirini saxlamağa çalışır.
Bu təhlükələr realdırmı? Mən düşünmürəm ki, realdır. Çünki Rusiyanın resursları ciddi şəkildə zəifləyib və yeni cəbhə açmaq gücü yoxdur. Bu, daha çox informasiya müharibəsidir. Məqsəd həmin ölkələrdə sabitliyi sarsıtmaq, etnik, siyasi və iqtisadi təzyiq mexanizmləri ilə gərginlik mühiti yaratmaqdır. Lakin bu siyasətin effekt verəcəyini düşünmürəm. Azərbaycan bu cür emosional bəyanatlara emosional cavab verməməlidir. Cavab diplomatik və hüquqi müstəvidə verilə bilər. Azərbaycan kifayət qədər güclü dövlətdir: dövlət institutları möhkəmdir, ordusu güclüdür, beynəlxalq mövqeləri sabitdir. Bu mərhələdə Rusiya səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasına xüsusi ehtiyac görmürəm. Amma əgər bu cür ritorika və davranışlar davam edərsə, ikitərəfli münasibətlər üçün təhlükəli situasiyalar yaranarsa, səfirin çağırılması, nota verilməsi də mümkündür. Eyni zamanda Rusiya daxilindəki bu şəxslərin çıxışlarının iki ölkə arasında münasibətlərə zərər vurduğu rəsmi şəkildə onların diqqətinə çatdırıla bilər"
Zeynəb Mustafazadə