"Artsax olub və olacaq" sayıqlaması: Ermənistan sülhə, yoxsa utopiyaya inanır? – ÖZƏL
8 Yanvar 13:36 SiyasətQarabağdan qaçan separatçı Hovannes Gevorqyan növbəti dəfə mifik iddialarla çıxış edərək "artsax"ın mövcudluğunu davam etdirdiyini iddia edib. O, həmçinin hazırda Bakıda həbsdə olan Ruben Vardanyanın uydurma fikirlərini "ümid mənbəyi" kimi qələmə verməyə çalışıb.
Son dövrlər İrəvanda separatçı qalıqların bu növ revanşist çağırışları və ermənilərin Qarabağa "qayıdış" mövzusunu manipulyasiya etmək cəhdləri xeyli intensivləşib. Ekspertlər bunu daxili auditoriyaya hesablanmış əsassız siyasi gedişlər kimi qiymətləndirirlər.
"30 ilə yaxın müddətdə Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazilərini işğal altında saxlayıb. Bu dövrdə Qarabağda fəaliyyət göstərən separatçı qüvvələr Azərbaycan qanunlarına tabe olmayıb, açıq şəkildə separatçılıqla məşğul olublar. Eyni zamanda həmin separatçılara beynəlxalq dəstək də mövcud idi".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, bu dəstək əsasən Qərb ölkələrindən göstərilən maliyyə və siyasi yardımlar şəklində olub. Birləşmiş Millətlər Təşkilatının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnaməsinə baxmayaraq, işğalçı qüvvələr uzun illər bu tələblərə məhəl qoymayıblar. Nəhayət, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Prezidentinin apardığı ardıcıl və məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmizin əraziləri işğaldan azad olundu. Azərbaycan həm de-fakto, həm də de-yure öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Artıq "Qarabağ problemi" adlı bir məsələ mövcud deyil. Hazırda Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni hazırlanıb. Azərbaycan tərəfi Ermənistanla həm siyasi, həm də iqtisadi münasibətlərin normallaşdırılması və genişləndirilməsi istiqamətində konkret addımlar atır. Prezidentin siyasi iradəsi nəticəsində regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması prosesi başlayıb. Bu çərçivədə Qazaxıstan və Rusiya taxılının Ermənistana tranziti həyata keçirilir, eyni zamanda Azərbaycan yanacağı Ermənistana satılır. Yəni iki ölkə arasında həm siyasi müstəvidə, həm də iqtisadi və nəqliyyat infrastrukturu sahəsində real əməkdaşlıq prosesi gedir.
Ekspert qeyd edib ki, bütün bunlara baxmayaraq, Ermənistanda bəzi avantürist dairələr fəaliyyətlərini davam etdirirlər. Paşinyan hakimiyyəti dövründə bu separatçı və revanşist qüvvələrə qarşı kifayət qədər sərt mövqe nümayiş etdirilmir. Bu isə ondan irəli gəlir ki, Ermənistanda separatçı fəaliyyətlərə hələ də açıq və qəti qadağa qoyulmayıb. Əgər bu cür separatçı qruplar yenidən Azərbaycan əraziləri ilə bağlı iddialı bəyanatlar verirsə, ofislər yaradırsa və fəaliyyət göstərirsə, bu, Ermənistan ərazisindən Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər. Bu cür hallar gələcəkdə Ermənistan-Azərbaycan sülh sazişinin imzalanmasına ciddi maneə yarada və prosesə kölgə sala bilər. Sülh sazişinin mətni artıq hazırlanıb və bildiyiniz kimi, avqustun 8-də ABŞ-də bu mətn təsdiqlənib. Belə bir şəraitdə separatçı fəaliyyətlərin yenidən canlanması həm mövcud razılaşmalara, həm də sülh sazişinin yekun imzalanmasına birbaşa təhlükə yaradır.
"Ümumilikdə Ermənistan dövləti öz ərazisindən Azərbaycanın daxili işlərinə qarşı istifadə edilməsinə yol verməməlidir. Separatçı və avantürist qrupların kim tərəfindən dəstəklənməsindən asılı olmayaraq, əgər onlar Ermənistan ərazisində ofislər açır, maliyyələşdirilir və açıq şəkildə Azərbaycan əleyhinə bəyanatlar verirlərsə, bu, dövlətlərarası münasibətlər baxımından qəbuledilməzdir və dərhal qarşısı alınmalıdır. Başqa bir dövlətin daxili işlərinə müdaxilə yol verilməzdir və bu cür fəaliyyətlər Ermənistan hakimiyyəti tərəfindən birbaşa dayandırılmalıdır", - deyə siyasi şərhçi vurğulayıb.
A. Məsiyev əlavə edib ki, Rusiya məsələsinə gəldikdə isə, ümumilikdə Rusiya Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında maraqlı olmalıdır. Çünki Rusiyanın cənub istiqamətinin açıq qalması birbaşa Cənubi Qafqaz ölkələrindən, xüsusilə də Azərbaycandan asılıdır. Bildiyiniz kimi, Rusiya-Ukrayna münaqişəsi fonunda Rusiyanın Avropa ilə əlaqələri ciddi şəkildə məhdudlaşıb. Bu səbəbdən Rusiyanın cənub cinahının açıq qalması üçün Cənubi Qafqazda sülh və sabitlik həyati əhəmiyyət daşıyır. Xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin tam işlək vəziyyətə gətirilməsi Rusiyanın strateji planlarının əsas tərkib hissəsidir. Şimal-Cənub dəhlizi vasitəsilə Rusiya İran körfəzinə, oradan isə Hind okeanına çıxış əldə edir və bu da onun qlobal ticarət və nəqliyyat imkanlarını genişləndirir. Bu baxımdan Cənubi Qafqazda sabitlik Rusiyanın da maraq dairəsindədir.
Ekspert bildirib ki, Ermənistanda hələ də avantürist və revanşist qüvvələr mövcuddur. "Dənizdən-dənizə böyük Ermənistan" kimi utopik ideyalarla yaşayan dairələr var. Hətta Ermənistan Konstitusiyasında belə Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəalar qalmaqdadır və indiyədək dəyişdirilməyib. Belə olan halda Azərbaycan da bu reallıqları nəzərə alaraq öz milli maraqlarına uyğun siyasət yürütməlidir.
Lamiyə Cəbrayılova