Sanksiyalar, silahlı qruplar və humanitar böhran: ABŞ-Venesuela qarşıdurmasının regional nəticələri- ÖZƏL 

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges bildirib ki, ABŞ-ın təzyiqlərinə boyun əymədiyinə görə ölkənin qanuni prezidenti Nikolas Maduro qaçırılma təhlükəsi ilə üzləşib. Onun sözlərinə görə, Karakas bütün ölkələrlə iqtisadi, ticarət və enerji sahələrində əməkdaşlığa açıqdır, lakin heç bir təcavüzə təslim olmayacaq. Rodriges vurğulayıb ki, ABŞ əvvəlcə Venesuela ilə ticarətdən imtina edib, daha sonra isə aqressiv mövqe tutub.
ABŞ-Venesuela münasibətlərində gərginliyin bu mərhələyə çatması regional təhlükəsizlik baxımından hansı riskləri yaradır Venesuelanın "bazarı şaxələndirmə" və yeni tərəfdaşlar axtarışı siyasəti ölkəni beynəlxalq təzyiqlərdən real şəkildə qoruya bilərmi?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib: 
" ABŞ-Venesuela münasibətlərindəki gərginlik regionda ciddi təhlükəsizlik riskləri yaradır. Ən önəmlisi, qonşu ölkələrlə sərhəd zonalarında qeyri-sabitlik artımıdır. Kolumbiya ilə sərhəddə miqrant axını və qeyri-qanuni silahlı qrupların fəaliyyəti uzun müddətdir problemdir, bu gərginlik daha da kəskinləşərsə, transsərhəd cinayətkarlıq və narkotrafik güclənə bilər. Braziliya sərhədində oxşar risklər mövcuddur, çünki humanitar böhran dərinləşdikcə qaçqın dalğası region ölkələrinin sosial-iqtisadi yükünü artırar. Guyana ilə Essequibo bölgəsi üzərindəki ərazi mübahisəsi isə ən həssas nöqtədir: əvvəlki illərdə hərbi gərginlik yüksək səviyyəyə çatmışdı, lakin son hadisələr bu təhdidi müvəqqəti olaraq azalda bilər, çünki daxili qeyri-müəyyənlik xarici ekspansiya imkanlarını məhdudlaşdırır. Bununla belə, keçid dövründə silahlı qüvvələrin parçalanması və ya qeyri-nizami qrupların ortaya çıxması regionda yeni qarşıdurma ocaqları yarada bilər. Ümumilikdə, Cənubi Amerikanın sabitliyi üçün ən böyük təhlükə humanitar böhranın yayılması və potensial olaraq silahlı qruplaşmaların transsərhəd fəaliyyətidir ki, bu da regional əməkdaşlığı zəiflədə bilər.
Venesuelanın bazarları şaxələndirmə siyasəti - Çin, Rusiya, İran, Hindistan və Türkiyə kimi tərəfdaşlarla əlaqələri genişləndirmək qismən iqtisadi dayanıqlıq təmin edib. Neft ixracını alternativ bazarlara yönəltmək sanksiyaların təsirini yumşaldıb, xüsusilə enerji və maliyyə sahələrində müəyyən müstəqillik yaradıb. Lakin bu strategiya beynəlxalq təzyiqlərdən tam qorunma təmin etmir. Bu tərəfdaşlar öz maraqlarına uyğun hərəkət edir və qlobal güc balansında dominant mövqedə olan aktorların qərarları qarşısında məhdud imkanlara malikdirlər. Diversifikasiya iqtisadi sıxıntıları uzada bilər, lakin siyasi və hərbi təzyiqlərə qarşı effektiv qalxan yaratmır, çünki beynəlxalq sistemdə əsas qərarvericilərin təsiri həlledicidir. Nəticədə, bu siyasət qısa müddətdə faydalı olsa da, uzunmüddətli müstəqillik üçün yetərli deyil və ölkəni daha geniş geosiyasi risklərə açıq qoyur". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31