Qərb Azərbaycandan asılı duruma düşür: Bakı Qafqazda “qırmızı cizgiləri” təkbaşına təyin edir

ABŞ-la yanaşı, Cənubi Qafqaza yerləşməyə can atan Avropa Birliyi də Azərbaycanla qarşılıqlı münasibətləri yeni və daha perspektivli mərhələyə keçirtməyə çalışır... Bu baxımdan, Azərbaycanın həm regional, həm də qlobal önəminin ciddi şəkildə artdığı artıq qətiyyən şübhə doğurmur...

ABŞ və Qərbin Cənubi Qafqaza yanaşma tərzinin tədricən dəyişməkdə olduğu müşahidə edilir. Böyük ehtimalla Qərb siyasi dairələri son vaxtlar bu regionun strateji əhəmiyyətini və inkişaf perspektivlərini daha praqmatik istiqamətlər üzrə dəyərləndirməyə başlayıb. Ona görə də, ABŞ və Qərbin Cənubi Qafqaz siyasətinin artıq yeni geostrateji hədəflər üzərindən formalaşmaqda olduğu açıq-aşkar nəzərə çarpır. Və belə anlaşılır ki, indi Qərb siyasi dairələrinin bu regionla bağlı geopolitik planları da müəyyən dəyişikliklərə uğramaqdadır.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazın siyasi iradə mərkəzi rolunda hazırda məhz Azərbaycan çıxış edir. Bu baxımdan, son vaxtlar ABŞ və Qərbin Azərbaycana diqqətinin də ciddi şəkildə artması qətiyyən təsadüfi deyil. Halbuki, Qərb siyasi dairələri ənənəvi olaraq, Azərbaycana münasibətdə həmişə ermənipərəst mövqedən çıxış etməyə, qərəzli ittihamlar irəli sürməyə üsütnlük verirdilər. Ancaq son dövrlərdə bu qərəzli mövqedə nisbi yumşalma da müşahidə edilməyə başlayıb. Və bu, yaxın gələcəkdə Azərbaycanın Qərb siyasi dairələri ilə münasibətləri daha pozitiv mərhələyə keçirmək imkanlarını artırır.

Maraqlıdır ki, bir müddət öncəyə qədər ermənipərəst mövqeni əsas prioritet kimi ön planda saxlayan Qərb siyasi dairələri, xüsusilə də, həm ABŞ, həm də Avropa Birliyi rəsmi Bakı ilə pozitiv təmasların intensivləşdirilməsinə önəm verməyə başlayıb. Hətta Avropa Birliyi əsas prioritetlər razılaşdırılıb, qəbul edildikdən sonra Azərbaycanla yeni strateji tərəfdaşlıq sazişi üzrə danışıqları bərpa etməyə hazır olduğunu da bəyan edib. Və Avropa Komissiyasının Xarici Fəaliyyət Xidməti, yeni sənədlərin Avropa Birliyi üçün Azərbaycanla tərəfdaşlığın yenilənməsinə və möhkəmləndirilməsinə imkan açacağını da vurğulayıb.

Halbuki, ötən ilin sonlarında Avropa Birliyi və Ermənistan arasında imzalanmış "strateji tərəfdaşlıq gündəliyi" Azərbaycanın əleyhinə formalaşdırılmış məzmunla diqqəti çəkirdi. Hətta rəsmi Bakı bu quruma həmin sənədlə bağlı ciddi etirazlarını da dəfələrlə bildirib. Ancaq nə qədər qəribə də olsa, Avropa Birliyi Azərbaycanın Xarici İşlər Nazirliyinin narahatlıqlarına cavab verməkdən yayınmağa üstünlük verib.

Bununla belə, Brüsseldə onu da anlayırlar ki, Avropa Birliyinin Cənubi Qafqazda regional əlaqəlilik hədəfləri, eləcə də, Orta Dəhliz və TRIPP layihələrində hər hansı formada iştirak şansı Azərbaycanın razılığı olmadan qətiyyən reallaşa bilməz. Ona görə də, Avropa Birliyi Ermənistanla imzalanmış və Azərbaycan əleyhinə olan sənədin dərc olunmasını hələlik təxirə salmaq məcburiyyəndə qalıb. Və indi əsas regional fəaliyyətini məhz rəsmi Bakı ilə münasibətlərin daha pozitiv istiqamətə yönəldilməsinə, bunun nəticəsi olaraq da Azərbaycanla yeni strateji tərəfdaşlıq barədə sazişin imzalanmasına nail olmağa yönəldib.   

Təbii ki, Avropa Birliyinin Azərbaycana yönəlik mövqeyində yeni hədəflərin müəyyən olunmasında ABŞ-ın rəsmi Bakı ilə yaxınlaşmasının da ciddi təsirləri olmamış deyil. Belə ki, Azərbaycan, Ermənistan və ABŞ arasında TRİPP layihəsinin ortaq reallaşdırılması ilə bağlı üçtərəfli saziş imzalanıb. Bu sazişin nəticələri yaxın gələcəkdə bütövlükdə Cənubi Qafqazı qlobal səviyyədə strateji regiona çevirə bilər. Və Avropa Birliyi də bu layihədən kənarda qalmamaq, hansısa formada iştirak şansı qazanmaq üçün Ermənistanla yanaşı, Azərbaycanla da münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə can atır.

Halbuki, cəmisi bir il öncəyə qədər - Bayden administrasiyası dönəmində ABŞ-ın da Azərbaycana yönəlik siyasəti qərəzli idi və ermənipərəst mövqe ilə yüklənmişdi. Ancaq Tramp administrasiyasının hakimiyyətə gəlişi ABŞ-ın Cənubi Qafqaz siyasəti ilə yanaşı, Azərbaycana münasibətini də ciddi şəkildə dəyişmiş oldu. Və indi Ağ Evlə rəsmi Bakı arasında ABŞ-Azərbaycan strateji tərəfdaşlıq sənədinin imzalanmasına hazırlıq üzrə təmaslar intensivləşib.

ABŞ-ın önəmli araşdırma mərkəzlərindən birinin eksperti Paolo fon Şirah da hesab edir ki, Azərbaycanla ABŞ arasında münasibətlər hazırda kifayət qədər yaxşıdır, ancaq bu, həmişə belə olmayıb. Çünki Azərbaycanın Qarabağ regionundakı münaqişə onilliklər boyu ABŞ-da ermənipərəst narrativlər üzərindən təqdim olunub. Və təəssüf ki, uzun illər ərzində Ağ Ev Azərbaycana qarşı açıq-aşkar qərəzli mövqe nümayiş etdirib.

Amerikalı ekspertin fikrincə, indi artıq situasiya ciddi şəkildə dəyişməyə başlayıb. Belə ki, rəsmi Bakı ölkədaxili resurslar hesabına Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etmək üçün lazım olan hər şeyi etdi. Nəticədə bu, ABŞ-da Azərbaycana münasibətdə fərqli siyasi atmosfer və yeni yanaşma tərzi formalaşdıran önəmli pozitiv faktora çevrildi. Üstəlik, ötən ilin avqustunda TRIPP layihəsi ilə bağlı üçtərəfli sazişin imzalanması Avropadan Orta Asiyaya qədər uzanacaq yeni strateji logistik sistemin yaradılma planlarının önünü açmış oldu.

Məsələ ondadır ki, bu logistik sistem yaxın gələcəkdə Albaniyadan Yunanıstana, oradan isə Türkiyə üzərindən şimala doğru uzana bilər. Daha sonra Ermənistan və Azərbaycanı Xəzər dənizi vasitəsilə Türkmənistan, Qazaxıstan və digər Orta Asiya ölkələr ilə birləşdiriləcək. Beləliklə, bu, Avropanı Mərkəzi Asiya və Yaxın Şərqlə birləşdirən strateji iqtisadi-ticari marşruta çevriləcək, Azərbaycan isə yeni nəqliyyat-logistika habının məhz mərkəzində yer alacaq. Və bu isə sülh, inkişaf, investisiyalar, eləcə də Şərqlə Qərb arasında iqtisadi-ticari əlaqələrin dərinləşməsi üçün geniş imkanların yaranması deməkdir.

Bütün bunları nəzərə aldıqda, ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və ABŞ prezidentləri arasında keçirilmiş görüşdən sonra iki ölkə arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etməsi bütövlükdə Cənubi Qafqazın gələcək taleyini dəyişə biləcək faktora çevrilib. Ona görə də, ABŞ-la yanaşı, Cənubi Qafqaza yerləşməyə can atan Avropa Birliyi də Azərbaycanla qarşılıqlı münasibətləri yeni və daha perspektivli mərhələyə keçirtməyə çalışır. Və bu baxımdan, Cənubi Qafqazda "qırmızı cizgiləri" təkbaşına təyin edən Azərbaycanın həm regional, həm də qlobal önəminin ciddi şəkildə artmaqda olduğu artıq qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31