"Suriya ssenarisi" təhlükəsi- İran xaosa sürüklənərsə Azərbaycan nə ilə üzləşə bilər?- ÖZƏL 

İranda ötən ilin sonundan başlayan etiraz dalğası şiddətlənir. ABŞ Prezidenti Donald Trampın nümayişçilərə dəstək vədi və "zorakılıq olarsa, köməyə gələcəyik" bəyanatı rəsmi Tehran tərəfindən sərt qarşılanıb. 
Ekspertlər İranın süqutunu nəzərdə tutan "V" (Viran) planının Azərbaycan üçün yarada biləcəyi 3 əsas təhlükəni vurğulayırlar: Cənub sərhədləri boyunca nəzarətsiz zonaların yaranması, silahlı qrupların, terror və qaçaqmalçılıq riskinin kəskin artması- ABŞ, İsrail, Rusiya və Çin kimi güclərin bölgədə möhkəmlənməsi ilə Azərbaycanın birbaşa təzyiq zonasına çevrilməsi və balanslı siyasətinin çətinləşməsi, Cənubi Azərbaycandakı hərəkatların nəzarətdən çıxaraq Bakını istəmədiyi münaqişələrin mərkəzinə çəkmə ehtimalı.
Sadalanan təhlükələrin reallığı nə dərəcədə inandırıcıdır? İranın daxili sabitliyinin pozulması Azərbaycanın sərhəd təhlükəsizliyi sisteminə necə təsir edə bilər?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 
"İranda hadisələr hələ də həssas nöqtədədir. İndiki məqamda bu etirazların nə ilə nəticələnəcəyini demək çox çətindir. Ona görə ki, bundan əvvəl də İranda dəfələrlə müxtəlif səpkidə, müxtəlif miqyasda etirazların şahidi olmuşuq, amma bu etirazların heç biri nə rejim dəyişikliyi ilə nəticələnib, nə də rejim öz qərarlarından imtina edib və ya sərt mövqeyindən geri çəkilib. Yəni hər hansı yumşalmaların da şahidi olmamışıq.
Ancaq budəfəki etirazların əvvəlkilərdən bir fərqi ondan ibarətdir ki, əvvəlki etirazlar böyük ölçüdə siyasi xarakter daşıyırdı və birbaşa rejim əleyhinə yönəlirdi. Birmənalı olaraq "rejimə ölüm" və s. kimi şüarlar səsləndirilirdi. Bu da etirazların daha çox hansı mərkəzlərdən körükləndiyinin göstəricisi kimi dəyərləndirilə bilər.
Budəfəki etirazlar isə siyasi xarakterli olmadı. Onlar tamamilə iqtisadi mahiyyət daşıyır: ölkədə baş verən iqtisadi tənəzzül, realın ciddi şəkildə dəyərdən düşməsi, iqtisadiyyatın çökməsinin sürətlənməsi xalqın ayağa qalxmasına səbəb oldu. Çünki indiyədək xalqa müəyyən vədlər verilmişdi. Xüsusən Pezeşkianın hakimiyyətə gəlməsi ilə insanlar islahatçı fiqur kimi ondan nələrisə dəyişəcəyini gözləyirdilər. Amma onun addımlarının uğursuz olması, Sepah tərəfindən Pezeşkian hakimiyyətinin atmaq istədiyi addımların qarşısının alınması artıq xalqın son səbr kasasının daşması ilə nəticələndi və bu gün İranda baş verənləri görürük.
Bəs, əgər İran rejim dəyişikliyi ilə üzləşərsə, xüsusən xarici qüvvələrin təsiri fonunda daxili etirazların nəticəsi olaraq rejim devrilərsə, bundan sonra nə baş verə bilər? Azərbaycana bunun təsiri necə ola bilər? Burada iki versiyanı dəyərləndirməliyik.
Birinci versiya odur ki, rejim dəyişəndən sonra ölkədə kütləvi pərakəndəlik, mərkəzdənqaçma meyilləri yarana, İran xaosa sürüklənə bilər. İkinci versiyada isə rejim devrildikdən dərhal sonra fərqli bir fiqur, yeni bir siyasi anlaşma formalaşar, bütün qüvvələr mərkəzdə birləşdirilərək pərakəndəliyin və mümkün qarşıdurmaların qarşısı alınar. Bu halda İranın vahidliyi, unitar quruluşu qorunar və ölkə vətəndaş müharibəsindən yayına bilər.
Əgər ikinci versiya reallaşsa, yəni rejim devrilsə, lakin dərhal idarəetməni toplayan yeni bir qüvvə formalaşsa, bu halda nə Azərbaycan, nə də İran üçün ciddi problem gözlənilməz. Amma əgər bu baş verməsə və rejim devrildikdən sonra ölkədə xaos yaranarsa, qüvvələr parçalanarsa, vətəndaş müharibəsi və ya etnik qruplar arasında toqquşmalar baş verərsə, o zaman yeni "Suriya modeli"nin şahidi ola bilərik ki, bu da zamanla Azərbaycanın sərhədlərində problemlərin yaranmasına səbəb ola bilər.
Bu problemlər necə baş verə bilər? Birincisi, İranda yaşayan milyonlarla soydaşımız Azərbaycana son ümid kimi baxır. Onların kütləvi köçü başlaya bilər. 10 milyonluq bir ölkəyə 30-40 milyonluq toplumdan müəyyən bir hissənin belə köç etməsi iqtisadi vəziyyəti çətinləşdirə bilər. Digər tərəfdən, müəyyən qrupların əli ilə terror və ya müxtəlif təxribatların törədilməsi ehtimalı var. Azərbaycanın İran xaosuna cəlb edilməsi məqsədilə sərhədboyu təxribatlar təşkil oluna bilər. Bunların hamısı xarici siyasətdə yeni çağırışlar yarada bilər. Eyni zamanda, İranda xaosun yaranması o demək olacaq ki, ABŞ, Çin, Rusiya kimi güc mərkəzləri prosesə daxil olacaq və hər biri bu xaosdan pay almağa çalışacaq. Bu vəziyyətdə Azərbaycan həmin dövlətlərlə münasibətlərində müəyyən gərginliklərlə üzləşə bilər.
Ancaq bütün bunlar hələ ehtimaldır. Rejimin devrilməsi nə qədər realdır, bunu yaxın günlər göstərəcək. Donald Trampın Latın Amerikasına fokuslanmışkən İrana da diqqət ayırıb-ayırmayacağı hələ sual altındadır.
Bununla belə, hesab edirəm ki, Azərbaycan hakimiyyəti həm Rusiya, həm Çin, həm də ABŞ üçün etibarlı tərəfdaş obrazı formalaşdıra bilib. Hər üç mərkəz anlayacaq ki, Azərbaycan onların əleyhinə təxribatlarda yer almayacaq. Azərbaycandan  təhlükə gözləyən bu üç dövlət Azərbaycanla düşmən münasibətlər qurmaq istəməyəcək.
Belə olan halda sərhədlərdə yarana biləcək risklər daha çox başıpozuq silahlı dəstələrin törədə biləcəyi lokal təxribatlarla məhdudlaşacaq. Bunun qarşısını almaq üçün isə Azərbaycanın Dövlət Sərhəd Xidməti və digər təhlükəsizlik qurumları kifayət qədər hazırlıqlıdır və mümkün risklərin qarşısını alacaq". 
Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31