Əkbər Qoşalı: "Qarabağ idarəetmə modeli bürokratik zəncirləri qıran yeni dövlət fəlsəfəsidir" – ÖZƏL
6 Yanvar 17:50 Siyasət"İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelinə dair fikirləri, əslində, adıkeçən bölgələrlə yanaşı, Azərbaycanın ümumi idarəçilik fəlsəfəsinə yönəlik strateji baxışın ifadəsidir. Bu modelin digər bölgələrimizdə də tətbiqi zərurəti tam gerçəklik kimi dəyərləndirilməyi haqq edir - yəni o, artıq konseptual baxımdan sınaq mərhələsini uğurla keçmiş sayıla bilər".
Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, söhbət burada sadəcə struktur dəyişikliyindən getmir; əlbəttə, söhbət idarəetmə məntiqinin dəyişməsindən gedir. Qarabağ və Şərqi Zəngəzur modeli çeviklik, operativ qərarvermə, səlahiyyətlərin konkretləşdirilməsi və nəticəyə əsaslanan yanaşma üzərində qurulub. Bu təcrübə göstərir ki, az məmurla işləyən sistem mərkəzi idarəetməni zəiflətmir, əksinə, onu daha rasional və funksional hala gətirir. Mərkəz strategiyanı müəyyən edir, icra isə necə deyərlər, gərəksiz bürokratik zəncirlər olmadan həyata keçirilir. Bu modelin digər bölgələrə ötürülməsi mərkəzi idarəetmədə keyfiyyət dəyişikliyi yarada bilər: mərkəz daha çox nəzarətçi və strateji koordinator rolunda çıxış edər, yerli icra isə məsul tərəfdaş funksiyası daşıyar. Bax, bu, həm idarəetmədə məsuliyyətin şəffaf bölüşdürülməsinə, həm də ictimai nəzarətin güclənməsinə zəmin yaradar.
Ekspert qeyd edib ki, az məmurlu, çevik idarəetmə yanaşması korrupsiya və məmur özbaşınalığına qarşı ən təsirli mexanizmlərdən biridir. Çünki korrupsiya əsasən səlahiyyətlərin şişirdildiyi, qərarların uzadıldığı və məsuliyyətin yayındığı mühitdə formalaşır. Səlahiyyət dairəsi dəqiq müəyyən olunmuş, qərarvermə müddəti qısa, hesabatlılıq isə birbaşa olduqda məmur özbaşınalığı üçün manevr sahəsi daralır.
Prezidentin vurğuladığı kimi, Zəfərdən sonrakı yüksək ictimai motivasiya isə bu modelin sosial dayağını gücləndirən əsas faktordur. Artıq daha tələbkar olan cəmiyyət dövlət idarəçiliyində intizam, dürüstlük və çeviklik gözləyir. Bu kontekstdə yeni idarəetmə modeli yalnız inzibati islahat sayılmamalı - həm də ictimai sifarişə cavab verən dövlət davranışı kimi qəbul görməlidir.
"Nəticə etibarilə, Qarabağ və Şərqi Zəngəzurda formalaşan idarəetmə modeli Azərbaycanın Zəfərsonrası dönəmi üçün çağdaş, məsuliyyətli dövlət idarəçiliyinin gerçək prototipidir; bəli, onun ölkə miqyasında tətbiqi həm mümkün, həm də zəruridir," - deyə yazar sonda əlavə edib.
Dövlətimiz zaval görməsin!
Lamiyə Cəbrayılova