Venesueladan sonra növbə kimdədir? – Avtoritar liderlərin "Maduro qorxusu" – ÖZƏL
6 Yanvar 16:55 Siyasət"Trampın son dövrlərdə verdiyi açıqlamalar birmənalı qarşılanmır. Müəyyən insanlar, siyasətçilər və siyasi xadimlər onu təqdir edir, bəziləri isə narazılıqlarını açıq şəkildə ifadə edirlər. Elələri də var ki, heyrət və təəccüb içində baş verənləri anlamağa çalışırlar".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, Trampın özünəməxsus xarizması var. Biz bunu onun Ukrayna prezidenti ilə görüşlərində də gördük. Zelenskini reallıqla üzləşməyə, mövcud vəziyyəti qəbul etməyə sanki necə məcbur etdiyini xatırlayırıq. Hətta Avropadakı müxaliflərinin belə Trampa qarşı necə siyasi texnologiyalar işlədiyini müşahidə etdik. Onlar Trampla necə danışmaq, necə anlaşmaq lazım olduğu barədə tövsiyələr verdilər və müxtəlif yanaşmalar sərgilədilər.
"Konkret olaraq Venesuela məsələsinə gəldikdə, bu hadisəyə münasibət bildirməmək mümkün deyil. Fakt ondan ibarətdir ki, Tramp Venesuela prezidentini ABŞ-yə gətirməyə nail oldu, onun çoxqatlı təhlükəsizlik sistemini yararaq Nyu-York məhkəməsi qarşısına çıxardı. Bu hadisə dünyada ciddi çaşqınlıq və müəyyən qorxu yaratdı. Xüsusilə avtoritar rejimlərin liderləri bu prosesdən narahat oldular.
Düzdür, bu mövqeni açıq şəkildə ifadə edənlərdən biri Kolumbiya prezidentidir. Gustavo Petro Maduro hadisəsindən sonra ardıcıl şəkildə etiraz edir, Maduronu müdafiə edir və Trampın bu addımlarını qətiyyən qəbul etmir. Təbii ki, o da Trampın reaksiyası və siyasi təzyiqləri ilə üzləşdi və Tramp buna cavabsız qalmadı. Məsələn, Tramp Kolumbiyanı daha açıq şəkildə hədəfə gətirdi, eyni zamanda İrlandiyanın ABŞ-yə verilməsi məsələsini də gündəmə çıxardı. Bu yanaşma artıq çoxqütblü dünya nizamının formalaşması ilə bağlıdır. Tramp yavaş-yavaş Amerikanı yalnız öz qitəsində möhkəmləndirməyə çalışır. O, dəfələrlə bildirib ki, ABŞ bütün dünyanın jandarmı olmaq istəmir. Bunun üçün nə resursları, nə də zamanı kifayətdir. Digər tərəfdən, bu rol Amerikaya həddindən artıq yük gətirir. Tramp indi əsasən Amerika qitəsinə nəzarət etmək niyyətindədir. O, Amerika qitəsini öz maraq dairəsinə daxil etməklə oradakı imkanlardan və resurslardan istifadə edərək ABŞ-ni gücləndirmək istəyir. Latın Amerikası ölkələri kifayət qədər zəngindir: böyük neft ehtiyatlarına, nadir torpaq elementlərinə və digər strateji təbii sərvətlərə malikdirlər.
Ekspert qeyd edib ki, ümumilikdə Latın Amerikası ABŞ sənayesinin ehtiyac duyduğu bir çox resurslarla zəngindir. Üstəlik, hazırda həmin bölgədə Rusiya və Çinin təsiri xeyli dərəcədə artıb. Son illər xüsusilə Çin Latın Amerikası ölkələri ilə iqtisadi əməkdaşlığı dərinləşdirib, kreditlər verib, limanlar inşa edib, sənaye müəssisələri yaradıb və iqtisadi təsirini genişləndirib.
Təbii ki, bütün bunlar Trampın və ABŞ-nin maraqlarına uyğun deyil. O, bu qitədən Çinin və Rusiyanın təsirini sıxışdırıb çıxarmağa çalışır və bölgədə əsas söz sahibinin ABŞ olmasını istəyir.
"Bu siyasətə reaksiyalar da qaçılmazdır. Bəziləri etiraz edir, bəziləri susur, bəziləri isə Trampın mövqeyini dəstəkləyir. ABŞ-nin müttəfiqləri onun bu addımlarını anlayışla qarşılayır və dəstək verir.
Amerikaya qarşı olan qüvvələr isə etirazlarını açıq şəkildə bildirirlər. Konkret olaraq Çin, Kolumbiya etiraz edir, Kuba narazılıq nümayiş etdirir. Yeri gəlmişkən, Trampın Kuba ilə bağlı da planları var. O açıq şəkildə bəyan edir ki, Kuba uzun müddət Venesuelanın hesabına ayaqda qalıb və artıq ABŞ-nin oraya birbaşa müdaxilə etməsinə ehtiyac yoxdur. Onun fikrincə, Kuba özü-özünə çökəcək. Əslində, uzun illər ABŞ-nin yaxınlığında Kuba kimi solçu, sosialist bir dövlətin mövcudluğu Amerika üçün arzuolunan olmayıb. İndi isə Trampın baxışına görə, orada rejimi dəyişmək və bütövlükdə Latın Amerikanı ABŞ-ın təsir dairəsinə daxil etmək planı mərhələli şəkildə həyata keçirilir. Bu siyasətə etiraz edən dövlətlər də zamanla mövqelərini yumşaltmağa məcbur qalacaqlar. Latın Amerikası ölkələri çalışacaq ki, yaranmış vəziyyətdə öz siyasətlərini ABŞ ilə uzlaşdırsınlar və Vaşinqtonun siyasi kursuna uyğun davranış sərgiləsinlər. Digər böyük dövlətlər isə mövcud vəziyyətdən faydalanmağa cəhd göstərəcəklər. Avropa ölkələri isə hələlik Trampı müəyyən formada dəstəkləyə bilərlər - ta ki, bu siyasət onların geosiyasi maraqlarına toxunana qədər. Xüsusilə əgər Tramp Qrenlandiyanı Danimarkadan almağa çalışarsa, bu halda Avropa ilə ABŞ arasında ciddi fikir ayrılıqları yarana bilər. Hətta NATO-nun gələcəyi ilə bağlı sualların ortaya çıxması da istisna deyil," - deyə ekspert sonda qeyd edib.
Lamiyə Cəbrayılova