Qazaxıstanlı ədəbiyyatşünas: Türk xalqlarının mədəni birliyi dil və poeziyadan başlayır

Türk xalqlarının ümumi mədəni kodu poeziyada və ədəbiyyatda, eləcə də adət-ənənələrdə və folklorda daha aydın təzahür edir. Vaxtilə biz vahid xalq olmuşuq, məhz buna görə də dilimizdə, adət-ənənələrimizdə, dünyagörüşümüzdə və mədəni yaddaşımızda bu gün də asanlıqla tanınan ümumi elementlər qorunub saxlanılıb.

Bu fikirləri AZƏRTAC-ın müxbirinə müsahibəsində qazaxıstanlı yazıçı, ədəbiyyatşünas, professor Erkinbey Sarikbey bildirib.

Onun sözlərinə görə, bu kodlar musiqi ənənələrində, epik əsərlərdə, atalar sözlərində, xalq mahnılarında izlənilir və müasir ədəbiyyatla poeziyada da yaşamaqda davam edir. Qazax və Azərbaycan poeziyasında ümumi mədəni kodlar xüsusilə azadlıq, ölkədaxili birlik, milli özünüdərk və tarixi taleyə dair mövzularda daha qabarıq şəkildə nəzərə çarpır.

Müsahibimiz vurğulayıb ki, Türk dünyasının ümumi mədəni kodu bu gün yalnız humanitar sahədə deyil, həm də dövlətlər arasında real qarşılıqlı fəaliyyətdə - iqtisadi və sosial əməkdaşlıq müstəvisində özünü göstərir.

"Məsələn, Qazaxıstan və Azərbaycanın son görüşləri zamanı hər iki ölkənin rəhbərləri mədəni, elmi və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetiriblər. Aprel ayında keçirilmiş danışıqlarda hər iki dövlətin ticarətin genişləndirilməsi, istehsal kooperasiyasının qurulması və infrastruktur layihələrinin, ilk növbədə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi niyyətində olduğu vurğulanıb", - deyə professor qeyd edib.

Onun sözlərinə görə, ötən il bu dəhliz vasitəsilə daşınan yüklərin həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb, perspektivdə isə bu göstəricinin 10 milyon tona yüksəldilməsi planlaşdırılır. Bundan əlavə, Aktau limanında və Azərbaycanın Ələt limanında yeni konteyner və yük terminalları inşa edilir. Bu layihələr təkcə ticarət və logistikanı yaxşılaşdırmır, eyni zamanda müasir texnologiyaların tətbiqi, rəqəmsal transformasiya və iqtisadi inteqrasiya yolu ilə Türk dünyasının ümumi inkişaf strategiyasına töhfə verir.

"Bu gün ölkələrimizin ümumi mədəni kodları yalnız ədəbiyyat və poeziyada deyil, iqtisadi qarşılıqlı fəaliyyətdə və logistika sahəsində də özünü göstərir, türk xalqlarının vəhdətinin qorunmasına xidmət edir. Hazırda türkdilli şairləri ən çox birləşdirən amillər onların yaradıcılığındakı tematik və ideya yaxınlığı, eləcə də xüsusilə gənclər arasında fəal ədəbi əlaqələr və təcrübə mübadiləsidir. Azadlıq, ölkədaxili birlik, milli özünüdərk, tarixi-mədəni irsin qorunması, yeni dövrə baxış və qloballaşma şəraitində şəxsiyyətin yerinin axtarışı kimi mövzular türk xalqlarının poeziyası üçün ümumidir. Məhz bu tematik ümumilik türkdilli ədəbi məkanı vahid mədəni sahəyə çevirir və müasir türk şairlərinin yaradıcı həmrəylikdə iştirakını nümayiş etdirir", - deyə E.Sarikbey bildirib.

Vahid türkdilli poeziya məkanının formalaşmasından danışan professor son illərdə ədəbi təşkilatların və antologiyaların türk xalqları arasında poetik əlaqələri nəzərəçarpacaq dərəcədə möhkəmləndirdiyini qeyd edib.

"Belə ki, 2017-ci ildə Əkbər Qoşalı və İntiqam Yaşarın rəhbərliyi ilə "Dünya gənc türk yazarlar birliyi" təşkilatı müasir qazax ədəbiyyatının yeni istiqamətləri və poetik axtarışlarını əks etdirən "Yeni qazax poeziyası antologiyası"nı nəşr edib. 2018-ci ildə Astanada işıq üzü görən "Yeni dövr Azərbaycan poeziyası antologiyası" isə türkdilli poeziyanın mövzu və formal xüsusiyyətlərinin ümumiliyini əyani şəkildə nümayiş etdirib. 2021-ci ildə "Yeni qazax poeziyası antologiyası"nın Azərbaycan dilinə tərcümə olunması iki xalq arasında poetik körpünü daha da möhkəmləndirib", - deyə müsahibimiz əlavə edib.

Ədəbiyyatşünas, həmçinin müasir türkdilli poeziyanın inkişafında beynəlxalq ədəbi festivalların və onlayn platformaların roluna diqqət çəkib.

"Türk Dünyası Poeziya Festivalı", "Gənc Türk Yazarlar Forumu" kimi layihələr, eləcə də sosial şəbəkələrdəki poetik səhifələr və bloqlar gənc türkdilli müəlliflərə öz əsərlərini geniş auditoriyaya çatdırmağa imkan yaradır və onların yaradıcılıq təcrübəsini birləşdirir. Bu proseslər türkdilli poeziyanın vahid ədəbi məkan kimi inkişafına töhfə verir və ümumi türk mədəni kodlarının poetik sözə təsirini gücləndirir", - deyə E.Sarikbey vurğulayıb.

Qazaxıstan və Azərbaycan poeziyasında daha yaxın mövzulara toxunan professor vurğulayıb ki, mərkəzdə azadlıq, ölkə və ya xalq birliyi, milli özünüdərk, tarixi taleyə münasibət və mədəni irsə hörmət dayanır. Bu motivlər hər iki xalqın ədəbiyyatında əsrlər boyu formalaşmış mənəvi və tarixi varisliyin təzahürü kimi qəbul olunur: "Son 20-25 ildə hər iki ölkədə yeni üslub xətti formalaşıb və gənc şairlər öz əsərlərində getdikcə daha çox azadlıq və müstəqillik, cəmiyyətdəki sosial və mədəni dəyişikliklər, eləcə də gənclərin müasir düşüncə tərzi və dünyagörüşü ilə bağlı məsələləri qaldırırlar".

O, həmçinin qeyd edib ki, Azərbaycan şairləri milli tarixlə müasir həyat arasındakı əlaqənin, sosial ədalət və bərabərlik mövzularının, şəxsiyyətin cəmiyyətdəki rolunun poetik dərkində əhəmiyyətli təcrübə toplayıblar. Qazaxıstanın gənc şairləri isə müstəqillik qazanmış xalqın mənəvi inkişafı ideyaları, milli mədəniyyət və ənənələrin qorunması, gənclərlə cəmiyyət arasında dialoq, eləcə də aktual sosial problemlərin bədii mənalandırılması kimi ümumi motivlər vasitəsilə ədəbi əlaqələri möhkəmləndirirlər.

"Bundan əlavə, hər iki ölkənin poeziyasında səsləşən təbiət obrazları və lirik motivlər diqqət çəkir. Çöllər, dağlar, çaylar və tarixi məkanlar təkcə bədii detal kimi deyil, həm də milli özünüdərk və mədəni birliyin rəmzləri kimi çıxış edir. Bu obrazlar Qazaxıstan və Azərbaycanın ədəbiyyatında tarixi-mədəni kodların birləşməsində mühüm rol oynayır", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31