İranda etiraz aksiyaları: hakimiyyət, yoxsa hökumət böhranı?
5 Yanvar 17:44 Siyasətİranda ötən il dekabrın 28-də başlayan etiraz aksiyası davam edir. Ölkədə yaranmış su və enerji qıtlığı, gündəlik tələbat mallarının bahalaşması, milli valyutanın dollara nisbətdə sürətlə ucuzlaşması, korrupsiyanın güclənməsi, işsizlik, əməkhaqqı və pensiyaların gecikdirilməsi, iş şəraiti və rejimi, habelə başqa həllini gözləyən çoxsaylı sosial, iqtisadi və maliyyə problemləri bu etirazın başlıca səbəbləri sayılır.
Qeyd edək ki, 2025-ci ildə İranda illik inflyasiya 40%-i üstələyib, İran rialının məzənnəsi isə psixoloji həddi keçərək, 1 ABŞ dollarına qarşı 1,45-1,50 milyon rial həddində qərarlaşıb.
Etiraz aksiyaları İranın 31 əyalətindən 26-da keçirilib. İnsanlar yanvarın 5-də Tehranın müxtəlif rayonlarında küçələrə çıxıblar. Məlumatlara əsasən, minə yaxın etirazçı həbs edilib, yaxud saxlanılıb.
Müxtəlif həmkarlar ittifaqları, təqaüdçülər və ictimai təşkilatlar birgə bəyanatla çıxış edərək etiraz aksiyalarını dəstəklədiklərini vurğulayıb və şəhərlərin mərkəzlərində mitinqlər keçirəcəklərini elan ediblər. Güc strukturlarının aksiya iştirakçılarına odlu silahdan açdığı atəş nəticəsində bir həftə ərzində azı 16 etirazçı ölüb.
Polis və bəsic qüvvələri etirazçılara gözyaşardıcı qaz tətbiq edirlər. Bir sıra şəhərlərdə, o cümlədən, Tehran əyalətinin rayonlarında dükan və bazarlar bağlanıb.Bir sıra bölgələrdə müxtəlif peşə sahibləri də aksiyanı dəstəklədiklərini bildiriblər. Daha çox ərəblər yaşayan Xuzistan bölgəsində müəllimlər və təhsil müəssisələrinin əməkdaşlarını etirazlara qoşulmağa çağırıblar. Onlar ölkədəki müəllimləri və məktəb əməkdaşlarını, həmçinin mədəniyyət işçilərini milli həmrəylik nümayiş etdirərək xalq etirazlarına qoşulmağa çağırıblar.
Kürdüstan əyalətindən Müəllimlər İttifaqı İran xalqının ümummilli üsyanını dəstəkləyən bəyanatla çıxış edərək hərbçiləri və hüquq-mühafizə orqanlarını vətəndaşların hüquqlarını pozan əmrləri yerinə yetirməkdən imtina etməyə və xalqın tərəfində durmağa səsləyib.
İranın futbol üzrə yığma komandasının keçmiş baş məşqçisi Məhəmməd Mayelikoxan ölkədə xalqın vəziyyətinin ağır olduğunu vurğulayaraq xalqı hakimiyyətə qarşı ümummilli etiraz aksiyasına qoşulmağa çağırıb.
Müxtəlif ictimai-siyasi təşkilatlar, birliklər ümumiran etirazlarını dəstəklədiklərini bildiriblər.
Aksiya iştirakçıları "Bahalıq, inflyasiya - xalqın bəlasıdır!", "Xaməneiyə ölüm!" kimi şüarlar söyləyiblər. Müxtəlif şəhərlərin küçə divarlarına bu sloqanlar yazılıb.
Bu, İranda sosial, iqtisadi və maliyyə vəziyyətinin pisləşməsi səbəbindən keçirilən ilk etiraz aksiyası deyil. Hökumət əleyhinə 2017-ci il dekabrın sonunda başlayan, 2018-ci ilin ortalarına qədər davam edən etiraz aksiyaları keçirilib. Ərzaq qiymətlərinin artmasına qarşı sosial etirazlarla başlayan nümayişlər qısa müddətdə siyasi xarakter alıb. Etirazçılar İslam Respublikasının rəhbərliyinə, rejimə qarşı çıxıblar.
Onda da iqtisadi problemlər, korrupsiyanın yüksək səviyyəsi və teokratik rejim etiraz aksiyalarının əsas səbəbləri sayılıb.
Ötən 8 il ərzində hakimiyyət irəli sürülən narazılıqların aradan qaldırılması istiqamətində heç bir ciddi addım atmayıb.
Onda islahatçı sayılan Həsən Ruhani prezident idi. Hadisələr onun "günah keçisi" olacağını və istefaya göndəriləcəyini ehtimal etməyə əsas verirdi. Ancaq Ruhani hökuməti etirazlara qarşı müqavimət göstərə bildi. Problemlər isə həll edilmədən qaldı.
2025-ci il iyunun 13-də İsrailin İrana hücumu İslam Respublikasının iqtisadi, maliyyə, sosial, mədəni vəziyyətini bir az da ağırlaşdırıb. Ölkə iqtisadiyyatı ağır vəziyyətə düşüb. Xarici sərmayə cəlbində çətinlik yaşanır. Əsasən, Çin və Hindistan, müəyyən dərəcədə Rusiya İranın neft və təbii qaz sektoruna sərmayə qoyub. Ancaq bu da onların strateji tərəfdaşlıq istəklərini təmin edəcək səviyyəyə uyğun gəlmir.
Bundan başqa, son illər İranın Qəzza zoğalı, Suriya və Livanda uğursuzluqları onun siyasi mənada da iflası sayılır.
Baş verənlər Tehran hakimiyyətinin daxildə nüfuzdan düşməsinə təkan verib. 12 günlük müharibə bu prosesi gücləndirib.
Bahalıq, qıtlıq, inflyasiya, işsizlik, bütün sahələr üzrə islahatlar aparılmaması, su, elektrik enerjisi sahələrində böhran və başqa səbəblər hakimiyyətə qarşı etirazlara, onun müəyyən mənada sınağa çəkilməsinə səbəb olub. Hökumət isə vəziyyəti yaxşılığa doğru dəyişməkdə aciz görünür. Elə indiki Prezident Məsud Pezeşkian and içəndən bir ay sonra "işləməyə qoymurlar" deyə açıqlama vermişdi. Onun təyin etdiyi müavini Məhəmməd Cavad Zərifin çox qısa zamanda istefaya göndərilməsi də hakimiyyətdaxili vəziyyətin göstəricisi sayılırdı.
Ötən ilin dekabrında İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf bəyan etmişdi ki, Pezeşkian hökuməti iqtisadi böhran və davam edən inflyasiya problemini həll etməzsə, parlamentarilər impiçment məsələsini gündəliyə daxil edəcəklər: "Gündəlik tələbat mallarının qiymətlərin dayanmadan artması əhali üçün əsas problemlərdən birinə çevrilib, xarici valyuta və qızılın bahalaşması isə qiymətlərin artması üçün səbəblərdən və ya bəhanələrdən biridir".
Bundan bir neçə gün sonra Məsud Pezeşkian büdcə layihəsini və hökumətin iqtisadi proqramını parlamentə təqdim etmişdi.
Qalibafın çıxışı, ölkədə bütün maliyyə və iqtisadi problemlərlə bağlı hökuməti müəyyən mənada tənqid etməsi, islahatların aparılmamasına tez-tez işarə etməsi hakimiyyət daxilində mövcud vəziyyətdən çıxış yolu axtarıldığını göstərir. Bütün problemlərin həll edilməməsində təqsirkar hökumət sayılır.
Məsud Pezeşkian və Məhəmmədbaqer Qalibaf etirazçılarla danışıqlar aparmağın vacibliyini, onların tələblərini eşitməyə hazır olduqlarını bildiriblər. Ancaq indiyədək etiraz aksiyasının təmsilçiləri ilə heç bir görüş keçirilməyib. Belə düşünmək olar ki, aksiyanın konkret təşkilatçıları hələ məlum deyil.
Ötən ilin martında iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himməti istefaya göndərildi. Ancaq ölkə iqtisadiyyatı düşdüyü ağır vəziyyətdən çıxa bilmədi. Bu günlərdə isə o, Mərkəzi Banka direktor təyin edildi. İqtisadiyyat və maliyyə sahələrində uğur əldə edə bilməyən Himməti milli valyutanı inflyasiyadan xilas etmək üçün nə edə bilər? Belə ehtimal etmək olar ki, kadr yerdəyişməsi, yaxud kabinetdə kadr islahatı böhrandan çıxış yolu olmayacaq.
Odur ki, İrandakı doqquzgünlük etiraz aksiyalarını aşağıdakı kimi sistemləşdirmək olar:
-hakimiyyətdaxili ziddiyyətin təzahürü;
-mühafizəkarlarla islahatçılar arasında qarşıdurmanın artması;
-İran İnqilab Keşikçilərinin Qvardiyasının hələ də ölkəyə tam nəzarət etməsi;
-Monarxistlərin bölücü şüarlarla çıxış etməsi;
-Hədəfin bütövlükdə hakimiyyət olmasından yayındırılması;
-Dəyişiklik etmək, iqtisadiyyatı dirçəltmək və başqa islahatlar aparmaq üçün heç bir səlahiyyəti olmayan hökumətin - Nazirlər Kabinetinin ittiham olunması;
-Aksiyaların bütövlükdə İranı əhatə etməsinin qarşısının alınması üçün hadisələrlə bağlı etnik faktorun qabardılması;
-İran hakimiyyətinin etirazçılara qarşı odlu silah tətbiqi, aksiyaları zorakı yollarla yatırmaqla güc nümayişi;
-etiraz aksiyaları təşkilatçılarının naməlum olması;
-hakimiyyətin bu nümayişlərdən yararlanması;
-İslam Respublikası rəhbərliyinin bir az da zəifləməsi;
-hakimiyyətlə cəmiyyət arasında uçurumun dərinləşməsi;
-hökumət böhranı kimi görünən vəziyyətin əslində hakimiyyətin vəziyyəti olaraq dəyərləndirilməsi və başqaları.
Bu hadisələr İran rəhbərliyinə bütün istiqamətlərdə islahatların aparılmasının zəruriliyini bir daha isbatlayır. Əks halda, böhranın daha da dərinləşərək Sepah başda olmaqla güc strukturlarını da əhatə edəcəyi qaçılmaz görünür...
Sədrəddin İsmayılov
Report