“Bazar günü iş olsun!” - Fazil Mustafanın təklifi əmək bazarında nəyi dəyişəcək? Açıqlama
20:02 Siyasət"Bazar günü iş olsun!"
Bu təkliflə millət vəkili Fazil Mustafa çıxış edib.
Millət vəkili qeyd edib ki, bir sıra Avropa ölkələrində olduğu kimi, sürüşkən iş rejiminə keçid məsələsi ciddi şəkildə nəzərdən keçirilməlidir:
"Məsələn, bəzi ölkələrdə iş saatları səhər 7:00-da başlayıb, 16:00-da başa çatır. Bəzi sektorlar isə bazar günü fəaliyyət göstərməklə daha çevik vətəndaş müraciətlərini qəbul edə bilirlər. Banklar və digər xidmət sahələri bu modelə uyğunlaşdırıla bilər".
Deputatın bu təklifi xeyli müzakirə yaradıb. Qeyd edək ki, son vaxtlar bir sıra inikaşf etmiş ölkərdə olduğu kimi 4 günlük iş həftəsi modeli müzakirə olunur. Artıq bir sıra ölkələrdə 4 günlük iş həftəsi modeli pilot mərhələdən çıxaraq real praktikaya çevrilməkdədir. Məsələn, iş yükünün çox, intizamın sərt, rəqabətin yüksək olduğu Yaponiya kimi bir ölkədə 4 günlük sistemə keçid edilib. Bu sistem tədricən modernləşən Asiya ölkələrində də geniş müzakirə olunur. Çünki artıq aydın olur ki, "çox işləmək" həmişə "yaxşı işləmək" anlamına gəlmir. Əmək mühiti və işçilərin psixoloji vəziyyəti məhsuldarlığın ən az texnologiya qədər müəyyənedici amilinə çevrilib. İşçi gün ərzində ofisdə neçə saat oturduğu ilə yox, hansı nəticə ortaya qoyduğu ilə ölçülməlidir. Bu səbəbdən 4 günlük iş həftəsi qlobal rəqabətlilik üçün yeni bir mərhələ hesab edilir.
Bəs deputatın təklif etdiyi bu sistem barəsində mütəxəssislər necə düşünür?
Mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov Musavat.com-a danışıb.

Hüquqşünas qeyd edib ki, bəzi müəssisələrdə şənbə, bazar, hətta bayram günləri adi iş günü kimi hesab oluna bilər:
"Biznes subyektləri öz iş qrafiklərini mövcud qanunvericilik çərçivəsində istədikləri kimi qurmaq hüququna malikdirlər. Yəni əsas şərt qanunvericilikdə nəzərdə tutulmuş maksimal iş saatlarının aşılmamasıdır. Bu şərt gözlənildiyi təqdirdə, sahibkar iş gününün başlanğıc və bitmə vaxtını özü müəyyən edə bilər. Məsələn, müəssisədə iş saatının səhər 07:00-da başlayıb 16:00-da bitməsi, yaxud fərqli vaxt aralığında təşkili tamamilə mümkündür və bunun üçün qanunvericilikdə hər hansı dəyişiklik edilməsinə ehtiyac yoxdur.
Eyni zamanda, vaxtla bağlı çevik iş rejimini tətbiq edən müəssisələrin sayı kifayət qədər çoxdur. Belə müəssisələrdə şənbə, bazar, hətta bayram günləri adi iş günü kimi hesab oluna bilər. Burada əsas prinsip növbəli iş sistemidir. Növbə bazar gününə də düşə bilər, şənbə gününə də, eləcə də digər qeyri-iş günlərinə də təsadüf edə bilər. Bu baxımdan qanunvericiliklə bağlı hər hansı problem mövcud deyil, çünki bu cür iş rejimləri artıq mövcud hüquqi çərçivə daxilində fəaliyyət göstərir və uzun illərdir tətbiq olunur.
Sadəcə olaraq, ölkəmizdə iri müəssisələrin sayı nisbətən az olduğuna görə bu cür iş rejimlərini hər kəs gündəlik həyatında müşahidə etmir. Halbuki neftayırma zavodları, dəmir yolu kimi həyat təmin edən sahələr, tibb müəssisələri, eləcə də hüquq-mühafizə orqanları onsuz da şənbə, bazar və hətta bayram günlərində işləyən strukturlardır. Bu sahələrdə növbəli iş sistemi illərdir mövcuddur və normal qəbul olunur. Yəni əslində söhbət etdiyimiz mexanizmlər artıq Azərbaycanda tətbiq edilir və yeni bir anlayış deyil".
Sahib Məmmədov bildirib ki, dövlət sektorunda belə eksperimentlərin aparılması müəyyən çətinliklər yarada bilər:
"Çünki dövlət sektorunda institusional məsuliyyət, xidmətin fasiləsizliyi və vətəndaşlara göstərilən xidmətlərin vaxtında təmin olunması əsas prioritetlərdəndir. Bununla belə, dövlət sektorunda da müəyyən elastiklik nümunələri mövcuddur. Məsələn, bəzi dövlət orqanları işçilərlə kollektiv müqavilələr bağlayıb və ailə öhdəlikləri olan şəxslər, xüsusilə azyaşlı övladı olan əməkdaşlar üçün xüsusi şərait yaradıblar. Belə hallarda həmin şəxslərə işə bir saat gec gəlmək imkanı verilir, məsələn, övladını uşaq bağçasına və ya məktəbə aparandan sonra işə başlaya bilirlər, lakin gün ərzində yenə də tam 8 saatlıq iş norması yerinə yetirilir.
Bu onu göstərir ki, dövlət orqanları da prinsip etibarilə həmkarlar ittifaqları ilə razılaşmaqla iş qrafiklərində nisbi dəyişikliklər edə bilərlər. Lakin burada əsas şərt ondan ibarətdir ki, bu dəyişikliklər dövlət orqanının funksiyalarının icrasına, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinə və fasiləsizliyinə mane olmamalıdır. Dövlət və büdcə təşkilatlarının belə çevik qrafiklərə keçməsi üçün əlavə normativ qaydalar, tənzimləyici mexanizmlər və inzibati prosedurlar tələb oluna bilər. Bu isə asan məsələ deyil, amma müəyyən çərçivədə dəyişikliklərin edilməsi mümkündür. Məhz bu səbəbdən mən bu məsələdə hansısa radikal yeniliyin tərəfdarı deyiləm.
Məsələn, Fransada bayram günlərinin sayı nisbətən azdır və istirahət günü əsasən bir günlə məhdudlaşır - bu, həmin ölkənin əmək bazarına və sosial modelinə xas xüsusiyyətdir. Digər tərəfdən, elə ölkələr var ki, orada uzunmüddətli məzuniyyətlər, daha çox istirahət günləri və fərqli iş rejimləri mövcuddur və bu da tamamilə normal qəbul olunur. Yəni bu məsələdə vahid və universal model yoxdur.
Bu baxımdan Fazil Mustafanın təklif etdiyi yanaşmada pis heç nə yoxdur. Sadəcə olaraq, onun səsləndirdiyi mexanizmlər artıq faktiki olaraq mövcuddur və tətbiq olunur. Ola bilsin ki, Fazil Mustafa əmək bazarının gündəlik praktikası ilə dərindən məşğul olmadığı üçün bu nüansları nəzərdən qaçırıb. Lakin bir daha qeyd etmək lazımdır ki, Azərbaycanda bazar günləri də daxil olmaqla müxtəlif iş rejimləri artıq mövcuddur və bu baxımdan hər hansı fundamental problem görmürəm".