"Kütlə qurucu deyil, dağıdıcıdır": İrandakı impiçment təşəbbüsünün pərdəarxası məqamları- ÖZƏL
16:41 Siyasətİranda prezident Məsud Pezeşkianın istefası mövzusu yenidən gündəmə gəlib. Parlament sədri Məhəmmədbağır Qalibaf iqtisadi böhran, bahalıq və inflyasiyaya görə məsuliyyəti Pezeşkian hökumətinin üzərinə qoyaraq impiçmentlə hədələyib. Buna cavab olaraq islahatçı qüvvələr bu addımı presedent hesab edərək hakimiyyət qolları arasında gərginliyin artdığını bildiriblər.
Eyni zamanda İran Fəhlələrinin Azad Həmkarlar İttifaqı maaş artımının cəmi 20 faiz nəzərdə tutulmasına etiraz edərək ümumxalq tətillərinə çağırış edib və gələn il daha ağır sosial-iqtisadi vəziyyət olacağı barədə xəbərdarlıq edib.

Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" İranda prezident Məsud Pezeşkianın impiçment təşəbbüsü ilə çıxış edən Məhəmməd Bağır Qalibaf İran siyasətində mühafizəkar cəbhənin nüfuzlu nümayəndələrindən biri, "Ədalətli və mütərəqqi İran" partiyasının rəhbəri, ölkənin qanunverici orqanının-parlamentin sədridir. Tehran meri olmuş, 2005-ci ildən bəri İranda keçirilən prezident seçkilərində prezidentliyə namizəd kimi dəfələrlə çıxış etmiş, göstərdiyi ən yüksək nəticə seçici səslərinin 16,4%-ə qazanması olmuşdur. Bununla belə Qalibafın prezidentin istehfa tələbi ilə çıxış etməsi İranın müasir siyasi tarixində görünməmiş hadisədir. Hərçənd, İranda inflyasiyanın məlum səviyyəyə adlaması və bunun ölkənin sosial iqtisadi durumunda doğurduğu böhran acı həqiqətdir və bunu prezident Pezeşkian da artıq bir neçə dəfə etiraf edib, başqa məsələdir ki, iqtisadi böhranın səbəblərinə münasibətdə İran siyasi elitasında islahatçı və
mühafizəkar düşüncə tərəfdarları sırasında baxışlarda kəskin fərqlər mövcuddur.
Pezeşkian İran prezidentləri sırasında ilk siyasətçidir ki, ölkənin üzləşdiyi problemlərin səbəbini mühafizəkarların dövlət idarəediciliyinə təsir imkanları ilə əlaqələndirir. Pezeşkiana görə dövlətin idarəetmə sistemində ciddi struktur islahatları aparılmadan, ölkəni təcrid durumundan çıxarmaq, sanksiyaların ləğvinə nail olmaq mümkün olmayacaq, Qərblə yeni formada münasibətlərə getmək lazımdır ki, bu İrana yeni texnoloji avadanlıqların gətirilməsinə, iqtisadiyyatda modernləşmənin sürətlənməsinə, ən əsası isə İrana öz neft və qazını sərbəst şəkildə dünya bazarlarına çıxarmağa şərait yarada, Qərblə münasibətlərin qarşıdurma deyil, etimad müstəvisi üzərində qurulmasına imkan verə bilər. Mühafizəkar qanad isə əksinə, idarəedicilikdə stuktur islahatlarına getmədən problemlərin kadr islahatları ilə həllini tapacağını güman edir.
Hökumətdə iqtisadi sosial sferanın idarəediciliyi ilə bağlı məsələlər prezidentin səlahiyyətlərində olsa da, xarici siyasətdə ölkə maraqlarına cavab verə biləcək kardinal dəyişikliklərin həyata keçirilməsi prezidentin səlahiyyətlərinə aid deyil, bu olmadan isə ölkənin maliyyə bank sistemindəki problemləri aradan qaldırmaq mümkün olmayacaq, zira bu problemlərin həlli sanksiyaların yumşaldılmasından keçir. Pezeşkian prezident seçkilərinə qatılanda heç şübhəsiz bütün bunları bilməmiş deyildi, lakin görünür bu dəyişikliklərin həyata keçirilməsi təşəbbüsü ilə çıxış etmək üçün o prezident vəzifəsinə gəlmək və yülsək kürsüdən islahatlar təşəbbüsü ilə çıxış etməyi vacib bilmişdir. Hakimiyyətin mühafizəkar
qanadı, nomenklatura isə struktur islahatlarının perspektivdə onları iqtidardan kənarda qoyacağını düşündüyündən Pezeşkianı hədəfə almağı qət edib. Bu missiyanın Qalifaba tapşırılması hökumətin sosial iqtisadi duruma görə seçicilər və parlament qarşısında məsul olması baxımından anlaşılandır, hərçənd maraqlı məqam odur ki, Qalibafın rəhbəri olduğu partiya parlamentdə azlığı təmsil edir, Pezeşkian isə islahatçıların parlamentdə üstünlük təşkil etdiyi siyasi partiyanın təmsilçisidir, deməli impiçment yolu ilə belə Pezeşkianın parlament vasitəsilə istehfaya göndərilməsi qeyri mümkündür.
Hazırkı şəraitdə siyasi böhranın daha da, dərinləşməsinə yol verməmək üçün mühafizəkarlar Qalibafın bəyanatından islahatçılara xəbərdarlıq olaraq
istifadə etməyə qərar veriblər. İran Fəhlələrinin Azad Həmkarlar İttifaqını impiçmentlə bağlı çağırışlara cəlb etməklə isə mühafizəkar qanad öz korporativ maraqlarına görə kütlə psixologiyasından istifadə etməyə qərar verib. Kütlə isə Lebonun "Kütlə" əsərində qeyd etdiyi kimi, qurucu deyil, dağıdıcı düşüncənin daşıyıcısıdır".
Zeynəb Mustafazadə