Minsk razılaşmalarından atəşkəs çağırışlarına: Sülh, yoxsa yeni müharibəyə hazırlıq? – ÖZƏL

"Rusiya-Ukrayna münaqişəsi 2014-cü ildə Ukraynada demokratiya ideyası adı altında ABŞ tərəfindən həyata keçirilən proseslərdən sonra daha da gərginləşməyə başladı".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, ABŞ-nin 2014-cü ildə Ukraynaya bu müdaxiləsindən sonra bölgədə geosiyasi proseslər köklü şəkildə dəyişdi. Hakimiyyətə gətirilən radikal qüvvələr regional sabitliyi pozdu, xalq tərəfindən seçilmiş prezident devrildi. Hətta 2015-ci ilin fevral ayında, səhv etmirəmsə, ABŞ-nin o dövrdəki prezidenti Barak Obama açıq şəkildə etiraf etdi ki, Ukraynada hakimiyyətin dəyişdirilməsində ABŞ-nin rolu olub. Yəni xalq tərəfindən seçilmiş prezident faktiki olaraq ABŞ tərəfindən devrildi.

Ekspert qeyd edib ki, hakimiyyətə gətirilən radikal qüvvələr Ukraynada yaşayan rusdilli əhaliyə qarşı son dərəcə amansız münasibət sərgilədilər. Xatırlatmaq yerinə düşər ki, Odessada rusdilli əhalinin hüquqlarının məhdudlaşdırılmasına etiraz olaraq keçirilən aksiya zamanı etirazçılar Həmkarlar İttifaqının binasına doldurularaq yandırıldı. Bu hadisələr Avropanın gözü qarşısında, Roma Papasının məlumatlı olduğu bir dövrdə baş verdi. Lakin nə Roma Papasından, nə də Avropa İttifaqından ciddi bir reaksiya gəldi. Əksinə, radikal qüvvələr dolayısı ilə müdafiə edildi və məsuliyyətdən yayınmalarına şərait yaradıldı. Təbii ki, Ukraynada rusdilli əhaliyə qarşı həyata keçirilən təzyiqlər və təqiblər münaqişənin başlanmasının əsas səbəblərindən biri oldu.
2015-ci ildə Donetsk və Luqansk məsələsinin sülh yolu ilə həlli üçün Minsk razılaşmaları mövcud idi. Lakin bu razılaşmalar Ukrayna tərəfindən pozuldu və Volodimir Zelenskinin hakimiyyətə gəlməsindən sonra faktiki olaraq ləğv edildi. Hətta Almaniyanın keçmiş kansleri Angela Merkel açıq şəkildə etiraf etdi ki, Minsk razılaşmaları Ukraynanı silahlandırmaq və münaqişəyə hazırlamaq üçün vaxt qazanmaq məqsədi daşıyırdı. Deməli, əsas məqsəd Ukraynada hərbi əməliyyatların şiddətlənməsi ssenarisini işə salmaq idi. Bütün bunlar Roma Papasının gözü qarşısında baş verirdi və o, kifayət qədər məlumatlı idi. Bilinirdi ki, bu proseslər insanlıq əleyhinə ağır nəticələrə gətirib çıxaracaq. Lakin vaxtında bu hadisələrin qarşısı alınmadı, sadəcə kənardan müşahidə etməklə kifayətlənildi.

"Ukrayna da, Rusiya da, Avropa ölkələri də xristian dünyasına mənsub dövlətlərdir. Mənim fikrimcə, Avropa İttifaqı və Avropa sivilizasiyası bəşəriyyət üçün təhlükəli bir siyasi modelə çevrilib. Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi və bu gün faktiki olaraq Ukraynada gedən üçüncü böyük qlobal qarşıdurma Avropa mərkəzli siyasətin nəticəsidir. Bu müharibələrin başlanğıcı xristian dünyasının mərkəzində - Avropa İttifaqının daxilində baş verir. Bu, Avropa sivilizasiyasının siyasi fəaliyyətinin nəticəsidir. Nəticədə milyonlarla insan həyatını itirib. Roma Papası bütün bu münaqişələrin baş verdiyi dövrdə susqun mövqe sərgiləyib və Ukraynada baş verən proseslərin alovlanmasına faktiki olaraq göz yumub. Bu münaqişənin kökündə dini motivlər yoxdur. Burada əsas amil siyasi maraqlardır. Ukraynada da slavyan xalqı yaşayır, Rusiyada da. Bu, iki qardaş xalq arasında gedən bir savaşdır və dini əsaslara söykənmir. Hər iki tərəf eyni dinə etiqad edir.
Bu səbəbdən münaqişəni dini dəyərlər prizmasından qiymətləndirmək doğru deyil. Məsələ Amerikanın strateji planının tərkib hissəsi kimi dəyərləndirilməlidir. Bu münaqişənin başlanması ABŞ-nin geosiyasi strategiyasının nəticəsidir," - deyə siyasi şərhçi əlavə edib. 

A. Məsiyev bildirib ki, humanitar çağırışlar, haradan gəlməsindən asılı olmayaraq, istər xristian, istər müsəlman dünyasından hər zaman alqışlanmalıdır. Burada dinin rolu yoxdur. Sadəcə humanist yanaşma əsas olmalıdır. Təəssüf ki, bu münaqişədə humanist dəyərlər ikinci plana keçib, çünki siyasi maraqlar daha üstün tutulur.
Münaqişəni başladan güc mərkəzləri humanist dəyərlərdən uzaqlaşaraq prosesi sırf siyasi maraqlar üzərində qurublar. Nəticədə Rusiya-Ukrayna münaqişəsi dünya iqtisadi və siyasi sistemini ciddi şəkildə sarsıdır.
Roma Papası tərəfindən atəşkəslə bağlı çağırışlar səslənsə də, real atəşkəsin əldə olunacağına inanmıram. Çünki atəşkəs qarşı tərəfin güclənməsinə xidmət edir. Avropa İttifaqı da Ukrayna üçün qeyri-şərtsiz atəşkəsi dəstəkləyir, lakin bu, problemin köklü həlli demək deyil. Bu sadəcə növbəti hərbi əməliyyatlara hazırlıq üçün vaxt qazanmaqdır.

Ekspertin sözlərinə görə, Rusiya tərəfi də bu səbəbdən qeyri-şərtsiz atəşkəsi qəbul etmir və münaqişənin köklü həllində maraqlıdır. 2015-ci ildə Almaniya, Fransa və Rusiya tərəfindən imzalanmış Minsk razılaşmalarının məqsədi də Ukrayna daxilində baş verən hadisələri sülh yolu ilə həll etmək idi. Lakin sonradan etiraf edildi ki, bu razılaşmalar Ukraynanı silahlandırmaq üçün vaxt udmaq məqsədi daşıyıb.
Atəşkəs humanitar baxımdan müsbət addım sayılsa da, siyasi motivlərdən kənar deyil. Çünki hər bir atəşkəs növbəti müharibəyə hazırlıq mərhələsi ola bilər. Biz bunu 30 il Azərbaycan-Ermənistan münaqişəsində, eləcə də İsrail-Fələstin qarşıdurmasında açıq şəkildə görmüşük. Bu səbəbdən məsələnin görüntü naminə deyil, köklü həlli vacibdir. Mövcud reallıqlar onu göstərir ki, bu münaqişədə Rusiya həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan üstün tərəfdir. Ona görə də münaqişənin həlli beynəlxalq hüquqdan daha çox reallıqlara əsaslanacaq. Dünya siyasəti ideal beynəlxalq hüquq normaları ilə deyil, güc balansı ilə tənzimlənir. Kim güclüdürsə, onun şərtləri qəbul olunur. Tarixdə bunun çoxsaylı nümunələri var. Bu baxımdan atəşkəs problemi həll etmir, sadəcə növbəti hərbi mərhələyə keçid üçün fasilə yaradır.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31