Aktau faciəsindən bir il ötür: Aviasiya təhlükəsizliyi, yoxsa siyasi güvən sınağı? – ÖZƏL
14:49 Siyasət"Bir il öncə - dekabrın 25-də, yeni təqvim ilinə sayılı günlər qalmış, J2-8243 Bakı-Qroznı reysi ilə bağlı baş verən faciə bütövlükdə bğlgənin aviasiya təhlükəsizliyi arxitekturu üçün ciddi sarsıntı oldu".
Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib: Çeçenistana uç, amma Qazaxıstanda eniş et... - bu da talenin bir gərdişiydi... Qoca tarix Yer üzündə, suda, quruda, havada... nələrə, nələrə tanıq olub... Məgər 1 il öncə belə bir dəhşətli hadisəni yaşamaq bizim nəsibimiz imiş... Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən məcburi qəza enişi 38 insanın həyatına son qoydu, 29 nəfər yaralandı. Bəli, bu, bizimçün statistika ifadəsi ola bilməz - bu, bölgəsəl təhlükəsizlik sistemində görünən və görünməyən çatların acı göstəricisidir.
Ekspert bildirib ki, 2024-cü il dekabrın 25-də baş verən hadisə bölgə ölkələri arasında aviasiya təhlükəsizliyi üzrə bilgi alış-verişinin, hava məkanlarının idarə edilməsi mexanizmlərinin və fövqəladə hallara çevik reaksiya sistemlərinin yenidən nəzərdən keçirilməsini zəruri etdi. Özəlkiklə qarşıdurma riskləri yüksək olan və ya geosiyasi gərginliklərin təsir dairəsində qalan hava marşrutlarında mülki aviasiyanın təhlükəsizliyinin ayrıca, toxunulmaz sahə kimi qorunması məsələsi aktuallaşdı.
"Bu qəza göstərdi ki, dünyada hava təhlükəsizliyi artıq təkcə texniki məsələ olmaqdan çıxıb; o, hərbi-siyasi risklərin, bölgəsəl koordinasiyanın və beynəlxalq hüquqi məsuliyyətin kəsişmə nöqtəsində dayanır. Hadisədən sonra Azərbaycan-Rusiya münasibətlərində müəyyən emosional və siyasi həssaslıq müşahidə olundu. Bu da təbiidir: çünki insan itkiləri ilə sonuclanan hər bir hadisə ictimai rəydə suallar doğurur. Rəsmi Moskvanın açıqlamalarında hadisənin səbəbləri ilə bağlı "ehtiyatlı", dolayı və qeyri-müəyyən ifadələrdən istifadə olunması bizim toplumda və ekspert çevrələrində, əlbəttə, rahatsızlıq yaratdı," - deyə yazar əlavə edib.
Türkoloq qeyd edib ki, tərəfdaşlıq yalnız siyasi sənədlərlə olmur, o, böhran anlarında göstərilən şəffaflıq və məsuliyyət davranışı ilə ölçülür. Bu anlamda, rəsmi Moskvanın mövqeyi Azərbaycan ictimai rəyində "yetərli açıqlıq varmı?" sualını gündəmə gətirdi. Tərəfdaşlıq münasibətləri üçün ən təhlükəli məqam isə hadisənin özü yox, onun kommunikasiyasında yaranan boşluqlardır.
"Beləliklə, bu faciə bir daha sübut etdi ki, bölgədə güvən mühiti konkret hadisələrə verilən konkret, dürüst və vaxtında reaksiyalarla möhkəmlənir; onu yalnız siyasi açıqlamalarla təmin etmək mümkün deyil. Azərbaycan üçün əsas prinsip apaydın və dəyişməzdir:
- insan yaşamının ali dəyər kimi qorunması,
- hadisənin obyektiv və beynəlxalq standartlara uyğun araşdırılması,
- tərəfdaş ölkələrdən eyni səviyyədə məsuliyyət və şəffaflıq gözləntisi. - Bunlar, beynəlxalq hüququn inkarı mümkünsüz prinsipləridir.
Tərəfdaşlıq məhz bu sınaqlardan keçərək ya möhkəmlənir, ya da formal çərçivədə qalır. Kreml ötən 1 il içində beynəlxalq hüquqa, qonşuluq hüququna yetərli dərəcədə əməl etmədi; ancaq Azərbaycan öz prinsiplərindən dönmədi və əlbəttə, bizim işimiz haqq işidir.
Bu hadisə bölgə üçün aviasiya təhlükəsizliyi və siyasi güvənin yenidən kalibrlənməsi baxımından ciddi dərs olaraq qalmaqdadır," - deyə araşdırmaçı-yazar sonda vurğulayıb.
Şəhidlərimizin ruhu şad olsun!
Dövlətimiz zaval görməsin!
Lamiyə Cəbrayılova