Avropa üçün təhlükəli ssenari - ÖZƏL

  Ukrayna müharibəsi qlobal güc balansı məsələsidir

Rusiya-Ukrayna müharibəsi başlanğıcda Ukraynanın suverenliyi uğrunda mübarizə kimi təqdim olunsa da, proses uzandıqca əsas risk zonasının Avropa olduğu aydınlaşır. Enerji böhranı, iqtisadi durğunluq, hərbiləşmə və sosial narazılıqlar göstərir ki, müharibə Aİ-nin təhlükəsizlik və idarəetmə modelini iflasa uğradan katalizatora çevrilib. Bu baxımdan Ukrayna cəbhəsi Avropanın daxili zəifliklərinin güzgüsünə dönüb.  Bu baxımdan müharibə Ukraynanı deyil, Avropanı strateji sınağa çəkir. Rusiya-Ukrayna müharibəsi artıq təkcə Ukraynanın ərazi bütövlüyü və dövlətçiliyi məsələsi deyil. Münaqişənin uzanması Avropanın təhlükəsizlik arxitekturasını sarsıdır, Aİ daxilində siyasi parçalanmanı dərinləşdirir, iqtisadi resessiya və sosial narazılıqları artırır
Bu baxımdan Macarıctan baş naziri Viktor Orbanın Aİ-nin parçalanması və müharibəyə sürüklənməsi ilə bağlı ritorikası Ukraynadan çox Avropanın öz daxili böhranına fokuslanır. Orban müharibəni səbəb yox, nəticə kimi təqdim edir. Orbanın fikrincə, Aİ liderlər Zirvəsində verilən bəzi qərar və təkliflər Ukraynadakı müharibəni alovlandırmaq və Rusiyanı daha da təhrik etmək məqsədi daşıyır: "Bu gün Avropada iki qruplaşma var. Biri müharibə qrupu, digəri sülh qrupudur. Hazırda müharibə tərəfdarı qrup dominantdır. Brüssel müharibə istəyir. Macarıstan olaraq biz sülh istəyirik". Odur ki, Rusiya-Ukrayna müharibəsinin uzanması Avropada ciddi böhranlara  yol açır. 
1. Aİ daxilində parçalanmanı dərinləşdirən ölkələr və cəbhələr formalaşıb
Avropa İttifaqı artıq vahid siyasi orqanizm kimi deyil, fərqli təhlükəsizlik baxışlarına malik bloklar şəklində hərəkət edir. Parçalanmaya səbəb olan əsas xəttlər bunlardır:
-Macarıstan və Slovakiya müharibənin eskalasiyasına açıq şəkildə qarşı çıxır, Rusiya ilə dialoqu müdafiə edir;
-Fransa əvvəlcə sərt xətt tərəfdarı olsa da, indi Moskva ilə dialoqun zəruriliyini etiraf edir;
-Almaniya daxili siyasi böhran və iqtisadi zəifləmə fonunda liderlik rolunu itirir;
-Polşa və Baltik ölkələri isə müharibənin davam etdirilməsinin və Rusiyanın strateji məğlubiyyətinin tərəfdarıdır.
Bu ziddiyyətlər göstərir ki, Aİ-nin Ukrayna müharibəsinə dair vahid strategiyası yoxdur və bu, institusional parçalanmanı sürətləndirir.
2. ABŞ-da "America First" qüvvələri Avropa İttifaqının zəifləməsində maraqlıdır
Avropa İttifaqının daxili böhranı təkcə Avropadaxili proses deyil. ABŞ-da xüsusilə "America First" ideologiyasını dəstəkləyən siyasi və iqtisadi dairələr də mövcuddur. Onlar güclü və müstəqil Avropanı strateji rəqib kimi görür; Aİ-nin ABŞ-dan təhlükəsizlik asılılığının davam etməsində maraqlıdır; Avropanın parçalanmasını Vaşinqtonun qlobal dominantlığını qoruyan faktor sayır.
Bu baxımdan Aİ daxilində müharibə tərəfdarları ilə sülh tərəfdarları arasındakı qarşıdurma transatlantik maraqların toqquşmasının bir hissəsidir. Viktor Orban da hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin əsas səbəbi Qərbi Avropanın siyasi, iqtisadi və sosial çöküşüdür. "Bu çöküş 2000-ci illərin ortalarında başladı və maliyyə böhranından sonra daha da sürətləndi. 20 il əvvəl Aİ-nin iqtisadi gücü ABŞ-ın gücünə yaxın idi, lakin bu gün ABŞ gücləndikcə Avropa geriləyir", - o qeyd edib. 
Avropanın Ukraynadakı müharibədə iştirakının əsasını məhz bu reallıq təşkil edir. Bu da Aİ daxilində parçalanma prosesini gücləndirir. Ona görə də amerikalı miyarder  İlon Maskın bir  müddət əvvəl Aİ-yə qarşı çıxışları təsadüfi deyil
Amerikalı milyarder İlon Maskın Avropa Birliyinin "ləğv edilməli olduğu" və suverenliyin milli dövlətlərə qaytarılması ilə bağlı bəyanatları sadəcə şəxsi fikir deyil. Onun bu fikirləri ABŞ-da yüksələn sağ-populist və anti-qlobalist xəttlə üst-üstə düşür; Aİ-nin demokratik legitimliyini şübhə altına alır; Avropa daxilində mərkəzdənqaçma tendensiyalarını gücləndirir. Mask faktiki olaraq Aİ-nin ideoloji dayaqlarına zərbə vuran informasiya aktoru rolunda çıxış edir və bu da Avropanın siyasi sabitliyini daha da sarsıdır.
Aİ Rusiya ilə birbaşa müharibəyə sürüklənə bilərmi?
Hazırkı proseslər göstərir ki, Avropa İttifaqı rəsmi olaraq müharibə istəməsə də,  Kremlə qarşı çəkindirici siyasət yürütməsi, öz gələcək təhlükəsizliyi ilə bağlı  tutduğu mövqe  zəruri faktiki olaraq müharibəyə yaxınlaşdıran addım kimi dəyədləndirlir. Ukraynaya hərbi dəstəyin genişləndirilməsi; Rusiya aktivlərinin müsadirəsi təşəbbüsləri; Moskva ilə birbaşa dialoqun kəsilməsi bunu şərtləndirən amildir. Bu strategiya Aİ-ni dolayı müharibə tərəfdaşı statusundan birbaşa risk zonasına gətirir. Əgər eskalasiya nəzarətdən çıxarsa, Avropa Rusiyanın cavab zərbələrinin əsas hədəfinə çevrilə bilər.
Rusiya danışıqlarla istədiyini ala bilməsə, genişmiqyaslı müharibə təhdidi ilə şərt diqtə edə bilər
Rusiya üçün Ukrayna müharibəsi yalnız regional deyil, qlobal güc balansı məsələsidir. Əgər Moskva danışıqlar yolu ilə strateji məqsədlərinə nail ola bilməsə müharibənin coğrafiyasını genişləndirməklə təzyiqi artırmaq, nüvə və konvensional eskalasiya riski ilə Qərbi qorxutmaq, genişmiqyaslı müharibə ehtimalını masaya qoyaraq şərtlərini diktə etmək yolunu seçə bilər. Bu isə Avropa üçün ən təhlükəli ssenaridir. Çünki Aİ nə hərbi, nə siyasi, nə də psixoloji baxımdan genişmiqyaslı müharibəyə hazır deyil.
Bütün bu amillər onu deməyə əsas verir ki, Rusiya-Ukrayna müharibəsi fonunda Avropa üçqat təhlükə ilə üz-üzədir: daxili parçalanma, xarici təsir və manipulyasiya, və genişmiqyaslı müharibə riski. Əgər Avropa İttifaqı sülhü strateji məqsəd kimi müəyyən etməzsə, müharibə təkcə Ukraynanı deyil, Avropanın öz siyasi gələcəyini məhv edə bilər.

Mürtəza Bünyadlı
Siyasi şərhçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31