Dünya azərbaycanlılarının həmrəyliyi Zəfərin əldə edilməsində mühüm faktor kimi
13:40 Siyasətİstiqamət: Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması tarixi bir gün olsa da milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir. Xüsusən, ən müxtəlif səbəblərdən dünya ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına təkan verir. Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Son iki yüz ildə ilk dəfə olaraq indiki İran ərazisində və Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar Araz çayını keçərək görüşdü. 1989-cu il dekabrın 31-də Türkiyənin İstanbul şəhərində ilk dəfə keçirilən Ümumdünya Azərbaycanlıları Konqresi və 1990-cı ildə Türk Dünyası Araşdırmalar Vəqfinin təşəbbüsü ilə Kayseridə I Millətlərarası Böyük Azərbaycan Konqresi azərbaycanlıların həmrəyliyi istiqamətində atılmış ilk mühüm siyasi addımlar idi. Tədbir iştirakçıları bir sıra beynəlxalq birliklərə müraciət qəbul etdi. Bu tədbirlərdə ilk dəfə olaraq 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik və milli birlik günü kimi qeyd edilməsi ideyası irəli sürüldü. Bütün bu baş verən hadisələrin fonunda 31 dekabr Azərbaycanın tarixinə Milli Həmrəylik Günü kimi daxil oldu.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dekabrın 31-də qeyd olunması təsadüfi deyildir. Ötən əsrin 80-ci illərinin axırlarında keçmiş ittifaq məkanında gedən proseslər Azərbaycanda milli oyanış hərəkatının geniş vüsət almasına gətirib çıxartdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və o vaxtkı Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi "Meydan hərəkatı"nın əsasını qoydu. Həmin günlər göstərdi ki, xalqımız müstəqil olmağa, azad yaşamağa layiqdir. Belə bir vaxtda azərbaycanlıların vətən naminə həmrəyliyinə, birliyinə ehtiyac yarandı.
Həmrəylik Gününün rəsmiləşdirilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31- nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultay dünya azərbaycanlılarının birləşdirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində mühüm hadisəyə çevrildi. Qurultayda Ümummilli Liderin "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bugün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"- müdrik kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilib.
Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilib. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sayır.
Azərbaycanlıların həmrəyliyi, birliyi yönümündə həyata keçirilən bu və ya digər tədbirlər artıq öz səmərəsini verir. Belə ki, Azərbaycan diasporu beynəlxalq aləmdə milli maraqlarımızın təmin olunmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında böyük təsir gücünə malik bir qüvvəyə çevrilib. Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, onların təşkilatlandırılması və güclü Azərbaycan diasporunun formalaşdırılması respublikamızda dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti İham Əliyevin yürütdüyü siyasət bu gün də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün Azərbaycan dövləti üçün aktuallığını saxladığını nümayiş etdirir. Dövlət başçısı hesab edir ki, bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir: "Yaşadıqları ölkələrin ictimai-siyasi həyatında onların təsiri getdikcə daha artıq hiss olunur. Məmnunluq hissi ilə qeyd edirəm ki, Müstəqil Dövlətlər Birliyi ölkələrində, Avropada, Amerikada Azərbaycan icmaları və cəmiyyətləri əvvəlki dövrlərlə müqayisədə xeyli səmərəli fəaliyyət göstərirlər. Lakin o da xüsusi vurğulanmalıdır ki, onların geniş imkanları, istifadə olunmamış potensialı vardır və bu potensialdan milli maraqlar naminə maksimum yararlanmaq lazımdır.
Hazırda azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranmışdır. Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bütün dünyada yaşayan soydaşlarımız qarşısında parlaq perspektivər açılmışdır. İndi biz dünya azərbaycanlılarının ümumbəşəri və mili-mədəni hüquqlarının, beynəlxalq konvensiyalarda təsbit edilmiş insan haqlarının qorunmasını təmin etmək üçün daha təsirli vasitələrə malikik. Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının Vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin iqtisadi, mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri görəcəkdir".
Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, xalq-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı. Ölkəmizin İkinci Qarabağ müharibəsindəki tarixi ədalətin Zəfər çalmasında hər bir soydaşımız əlindən gələni əsirgəmədən yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərdi. Digər ölkələrdə yaşayan azərbaycanlılar isə yaşadıqları ölkələrdə qətiyyətlə haqq səsimizi ucaltdılar, ədaləti müdafiə etdilər. Bu tarixi qələbəni bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi həmçinin güclü ordumuzun və xalqımızın həmrəyliyi, birliyi oldu.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.