Bakı yeni nəqliyyat qovşağı olur: Şimal-Cənub və Araz Dəhlizlərinin strateji əhəmiyyəti – ÖZƏL

Azərbaycan, Rusiya və İran Bakıda "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin Qərb istiqamətinin effektivliyini artırmaq üçün Anlaşma Memorandumu imzalayıb. Bu, uzunmüddətli əməkdaşlığa mühüm təkan verir.
Qərb seqmenti məsafə və infrastruktur baxımından ən optimal sayılır. Hazırda bu seqmentdə Rəşt-Astara dəmir yolu (162 km) yeganə tamamlanmamış hissədir. Tikintiyə 2026-cı ilin martında başlanılması və təxminən dörd ilə tamamlanması planlaşdırılır.
Əlavə olaraq, Araz dəhlizi (İran ərazisindən keçən avtomobil marşrutu) gələn il istifadəyə verilməlidir. Bu marşrut Zəngəzur dəhlizinə paralel olacaq və Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək. Dəhlizin tam reallaşması regional iqtisadi əlaqələri gücləndirəcək.

"Bu, həm Araz dəhlizinin, həm də Şimal-Cənub dəhlizinin Qərb seqmentinin tikilməsi, istifadəyə verilməsi qlobal ticarət yollarının bölgəmizdən keçməsi baxımından önəmlidir. Digər tərəfdən, Azərbaycan da bu önəmli ticarət yollarından birbaşa istifadə etməyə və onlardan faydalanmağa çalışır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Əli Mustafa deyib. Ekspert bildirib ki, Şərq-Qərb ticarət yolunun, yəni Orta Dəhlizin Xəzər üzərindən keçərək Azərbaycan vasitəsilə Avropaya aparılması və eyni zamanda bu yolun bir hissəsinin, yəni Zəngəzur dəhlizinin, Araz dəhlizinin həm də Şimal-Cənub ticarət yolu ilə birləşməsi strateji olaraq Azərbaycanın mövqeyini xeyli gücləndirir. Yəni, Azərbaycan bir ticarət qovşağına çevrilir. Həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinin məhz Azərbaycanda kəsişməsi, keçidinin olması ölkəmizin strateji əhəmiyyətini artırır və bölgə dövlətlərinin Azərbaycana qarşı olan qeyri-konstruktiv yanaşmalarını da müəyyən qədər zəiflədir.
Ticarət yolları qonşu dövlətlərin münasibətlərini inkişaf etdirir, əməkdaşlığı gücləndirir, bəzən də təhlükəsizlik mexanizmi kimi çıxış edir. Eyni zamanda bu marşrutlar və ticarət yolları böyük güclərin strateji maraqlarında olduğu üçün onların mövcudluğu bizim təhlükəsizliyimizin təminatlarından biri sayılır. 

Əli Mustafa qeyd edib ki, konkret olaraq, Şimal-Cənub dəhlizinin üç segmenti qeyd olunur: şərq istiqaməti, transxəzər istiqaməti və qərb seqmenti. Ümumiyyətlə, Şimal-Cənub dəhlizi Hindistandan və İran körfəzindən başlayıb Rusiyaya, Baltikyanı ölkələrə və Şimalı Avropaya qədər uzanan strateji yoldur.
Düzdür, Rusiya-Ukrayna savaşı müəyyən qədər bu marşrutun tam işləməsinə maneələr yaradır. Amma bütün hallarda bu yol gələcək dünya ticarət yollarının ən əhəmiyyətli istiqamətlərindən biridir və bugün Azərbaycanın bu yolların inşasında oynadığı rol ölkənin strateji maraqlarına xidmət edir.

"Araz dəhlizi məsələsinə gəldikdə isə, xatırlasaq, Azərbaycan və İran bu dəhlizin inşası ilə bağlı razılığa gəldiyi zaman Zəngəzur dəhlizi ətrafında ciddi problemlər var idi. Xüsusilə Ermənistan və İran tərəfi müəyyən maneələr törədirdilər və Zəngəzur dəhlizinin açılması sual altına düşmüşdü. Belə bir şəraitdə Azərbaycan və İran razılığa gəldilər ki, Araz üzərindən keçməklə Orta Dəhlizə alternativ bir yol inşa etsinlər və bu dəhlizin bir hissəsi həmin istiqamətdən keçsin.
Bu yol həm də Azərbaycanla Naxçıvan arasındakı əlaqəni təmin edir, Azərbaycan-Türkiyə münasibətlərini gücləndirir və ümumilikdə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasındakı ticarət əlaqələrini dəstəkləyir. Bildiyim qədərilə Araz dəhlizi ilk mərhələdə avtomobil yolu kimi nəzərdə tutulur, Zəngəzur dəhlizindən isə dəmir yolunun keçməsi ilə bağlı razılaşma mövcuddur. Zəngəzurdan dəmir yolunun, Arazdan isə avtomobil yolunun keçməsi alternativlik yaradır," - deyə ekspert əlavə edib.

Siyasi şərhçinin sözlərinə görə, ümumiyyətlə, Zəngəzur dəhlizi Ermənistanın əlində bir təzyiq mexanizminə çevrilə bilirdi və siyasi alət kimi istifadə olunurdu. Ona görə də Araz dəhlizinin alternativ olaraq mövcudluğu Azərbaycanın siyasi, iqtisadi və ticari maraqlarına uyğundur. Həmçinin nəzərə alsaq ki, yol İran ərazisindən, xüsusilə Güney Azərbaycan bölgəsindən keçir, bu da hər iki Azərbaycan arasında əlaqələri gücləndirən bir layihədir. Bu səbəbdən Araz dəhlizi hər baxımdan Azərbaycanın maraqlarına xidmət edir.
Zəngəzur dəhlizi açılana qədər Araz dəhlizinin işə düşməsi mümkündür. Verilən məlumata görə, 2026-cı ildə bu dəhliz fəaliyyətə başlaya bilər. Bu isə o deməkdir ki, Zəngəzur dəhlizinin 2028-2029-cu illərə qədər açılmasını gözləmədən biz artıq Araz dəhlizindən istifadə edərək Naxçıvana gedib-gələ biləcəyik və Orta Dəhlizin həmin seqmenti də işə düşəcək.

"Başqa bir məqam da budur ki, gələcəkdə Orta Dəhliz üzrə illik 36-40 milyon ton yük daşınması nəzərdə tutulur. Bu qədər böyük həcmdə yükün daşınması üçün Zəngəzur dəhlizi təkbaşına kifayət etməyə bilər. Bu baxımdan Araz dəhlizi həm də Zəngəzur dəhlizinin çatdıra bilməyəcəyi yüklərin bir hissəsinin daşınmasını təmin edəcək. Ticarət və logistika baxımından bu, çox əhəmiyyətlidir.
Bundan əlavə, Araz dəhlizi İran və Azərbaycan arasında münasibətləri yumşaldır, ticari-iqtisadi əlaqələr üçün əlavə imkanlar yaradır və Şimal-Cənub dəhlizində Azərbaycanın rolunu və istifadə imkanlarını da gücləndirir. Mən düşünürəm ki, Araz dəhlizi Zəngəzur dəhlizinə alternativ yaratmaq məqsədi ilə deyil, əksinə, onların arasında sağlam rəqabət yaradaraq hər iki dəhlizin daha effektiv işləməsinə şərait yaratmaq üçün vacib bir layihədir," - deyə siyasi şərhçi sonda vurğulayıb.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31