Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb

8800

İstiqamət: Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
 
TDT QHT-lərin Həmrəylik Forumunun Bakıdа keçirilməsi Azərbaycanda bu sektorun inkişaf göstəricisidir

Müasir dövrün ən çox işlədilən terminlərdən biri də "vətəndaş cəmiyyəti" ifadəsidir. Bu ifadənin hər hansı ölkə daxilində işlədilməsinin səviyyəsi dövlət hakimiyyətinin formasını müəyyən etmək üçün təsəvvürlər sistemi yaradır. Vətəndaş cəmiyyəti quruculuğundan söhbət gedirsə, demək demokratik dəyərlərin mövcudluğundan danışılır. İnkişaf nəticəsində əldə edilmiş, müəyyən meyarlara cavab verən cəmiyyət anlaşılır ki, bu da tərəqqidə daha yüksək pillədir. Dövlət müstəqilliyinin bərpa edilməsindən keçən qısa bir dövrdə Azərbaycanda vətəndaş cəmiyyəti, hüquqi dövlət və demokratik siyasi quruluşun bərqərar olması istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilib.
"Ekoloq-2010" ekoloji maarifləndirmə ictimai birliyinin sədri Səlim Balayev qeyd edib ki, vətəndaş cəmiyyəti- dövlət və kommersiya fəaliyyətinə nisbətən müstəqil olan ayrı-ayrı fərdlərin və qrupların öz maraqları və dəyərləri naminə əməkdaşlıq etdiyi ictimai sferadır: "Başqa sözlə, vətəndaş cəmiyyəti təmsilçiləri müstəqil insanlardır. Öz fəaliyyətləri ilə yaşadıqları ölkələrdə hüquqi dövlət və demokratik cəmiyyət quruculuğu prosesinə töhfələr verirlər. Azərbaycanda vətəndaş cəmiyyəti hüquqi dövlətin əsaslarından biri hesab olunur, çünki onun inkişafı dövlət quruculuğu və demokratik islahatların davamı üçün mühüm şərtdir. 70 il sovet rejimini yaşayan Azərbaycan dövləti 1991-ci ildə təkrar müstəqilliyinə qovuşduqdan sonra qısa zaman kəsiyində vətəndaş cəmiyyəti institutları reallaşa bilməzdi. Bunun üçün ölkədə hüququn aliliyi təmin edilməli, sabit ictimai münasibətlər sistemi qurulmalı, beynəlxalq təcrübə öyrənilməli və bir sıra digər vacib mərhələlər keçilməli idi. Çünki vətəndaş cəmiyyəti birbaşa hüquqi dövlətin yaranması və inkişafı ilə bağlıdır. 1995-ci ildə hazırlanmış ilk milli Konstitusiyamiz demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlətin yaradılması ilə bağlı prinsipləri özündə ehtiva etdi. Əsas Qanunun qəbul edilməsilə ölkəmiz hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda yeni bir mərhələyə qədəm qoydu". 

            Vətəndaş cəmiyyəti hüquqi dövlətin əsası kimi

Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsinə dair qəbul edilən Milli Fəaliyyət Proqramı əslində vətəndaş cəmiyyətinin inkişafını hədəfləyir: "Elə bu məqsədlə də  2021-ci ildə Prezidentin imzaladığı sərəncamla  2007-ci ildən mövcud olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ləğv edilərək, əvəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxs yaradıldı. Agentliyin fəaliyyət sahələri qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinədək genişləndirildi. Bu gün artıq  Azərbaycanda dövlət qeydiyyatından keçən qeyri-hökumət təşkilatlarının(QHT) sayı 4000-i ötüb. Doğrudur, onların heç də hamısı aktiv fəaliyyət göstərmirlər. Amma rəsmi rəqəmlərə görə hər il 1000-dən artıq QHT müxtəlif qrant layihələrinin qalibləri olurlar, yerli və beynəlxalq layihələri uğurla icra edirlər. Hazırda QHT sədrləri arasında parlamentin üzvündən tutmuş,  müxtəlif nazirlik və komitələrdə yaradılan İctimai Şuralarda, eləcə də hakim partiyanın İdarə Heyətində üzv olan da var".
         
Vətəndaş cəmiyyətinin beynəlxalq əməkdaşlığı

QHT sədri bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətlərinin fəaliyyəti üçün yaradılan geniş imkanlar onların həm ölkə daxilində, həm də beynəlxalq arenada aktiv fəaliyyətinə şərait yaradır: "Bakıda "Gülüstan" sarayında Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçirildi. TDT formatında ilk dəfə təşkil olunan forumu hətta Türk dünyası QHT-lərinin Zirvə toplantısı da adlandıranlar oldu. Belə ki, toplantıda  Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası və Macarıstandan olan 500-dək QHT nümayəndələri iştirak edirdilər. Bakıda başlayan və bir gün sonra Naxçıvanda davam edən həmrəylik forumu əslində Türk dünyası QHT-lərinin yeni bir platformasının yaradılması istiqaqmətində atılmış ilk addım oldu, TDT ölkələri vətəndaş cəmiyyətləri arasında gələcək əməkdaşlığın bünövrəsini qoymuş oldu. Bu forum, həm də Türk dünyasının vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsindən xəbər verirdi. Təkcə bu fakt Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərimizin beynəlxalq əməkdaşlıq imkanları barədə reallığı əks etdirir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun ilk dəfə Bakıda keçirilməsi sözsüz ki, Azərbaycanda QHT sektorunun inkişaf göstəricisi idi. Belə ki, indiyədək  Azərbaycan QHT-ləri müxtəlif beynəlxalq platformalar çərçivəsində beynəlxalq əməkdaşlıq yarada bilmişdilər. Buna misal olaraq  Bakıda keçirilən COP-29 çərçivəsində Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə baş tutan beynəlxalq konfransı zamanı Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının yaradılması barədə təşəbbüsü güclü dəstək qazandı. Bununla əlaqədar 140-a yaxın ölkədən 1000 nəfərdən çox QHT təmsilçisi və ictimai fəal birgə bəyanat imzaladı. Bunun davamı olaraq bu ilin aprelində 100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyasının Qlobal Cənub QHT Platformasını təsis etdilər. Artıq növbə Türk dünyasının QHT-lərini də bir araya gətirmək, onları vahid bir platformada birləşdirməyə çatmışdı. Çünki Prezident İlham Əliyevin siyasətində Türk dünyasının birliyinin gücləndirilməsi mühüm yer tutur. Digər tərəfdən isə, son illər ölkəmizin QHT sektorunda həyata keçirilən islahatlar, qlobal və regional əməkdaşlıq təşəbbüsləri və vətəndaş cəmiyyəti institutlarının fəallaşması türk dövlətləri ailəsi üçün artıq model kimi qəbul olunurdu".  
Onun sözlərinə görə, Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciət forumun əsas siyasi mesajı oldu: "Forumun rəsmi açılış mərasimində Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin forum iştirakçılarına məktubunu oxudu. Azərbaycan Prezidentinin forum iştirakçılarına ünvanladığı müraciətin tribunadan səsləndirilməsi bu təşəbbüsün rəsmi səviyyədə nə qədər yüksək qiymətləndirildiyini göstərirdi.
Məktubda bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşadığını vurğulayan dövlət başçısı daha sonra qeyd edirdi ki, Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır: "2026-cı ildə 100 illiyi keçiriləcək Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyası məsələləri ilə bağlı yarımçıq qalmış işlərinin QHT-lərin yaxından iştirakı ilə müasir çağırışlara uyğun davam etdirilməsi də xüsusi aktuallıq kəsb edir. Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər.Əminəm ki, forum zamanı quracağınız əməkdaşlıq əlaqələri Türk dünyasında həmrəyliyin, birliyin və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Əslində isə Azərbaycan Prezidentinin bu fikirləri TDT-yə üzv ölkələrin QHT-lərinin gələcək əməkdaşlığı üçün bir Yol Xəritəsi idi.
Bu gün əminliklə söyləmək olar ki, Azərbaycanda artıq  güclü vətəndaş cəmiyyəti formalaşıb. Qeyri-hökumət təşkilatları milli proqramların hazırlanması və həyata keçirilməsində yaxından iştirak edirlər. Etiraf edilməlidir ki, son zamanlar QHT-lər vətəndaşların sosial, siyasi və mədəni hüquqlarının həyata keçirilməsində daha çox yardımçı olmağa cəhd göstərirlər. Bunun nəticəsidir ki, artıq çoxsaylı qeyri-hökumət təşkilatları qanunların aliliyinə, şəffaflığın təmin olunmasına ictimai nəzarətin həyata keçirilməsi sahəsində xeyli ixtisaslaşıblar. Bu baxımdan cəmiyyətin demokratikləşməsində QHT-lərin rolunu inkar etmək, görməzdən gəlmək vətəndaş cəmiyyətlərinin fəaliyyətinə ədalətsiz yanaşma olardı".

Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31