İsrail–Fələstin gərginliyi: Əsas fikir ayrılıqları və deportasiya siyasətinin nəticələri - ÖZƏL

"İsrail-Fələstin münaqişəsi bir əsrdən çoxdur ki, davam edir. Həll etmək üçün addımlar atılsa da, bu münaqişə dünyanın ən mürəkkəb və qarışıq münaqişələrindən biri olaraq qalmaqdadır. Məsələ o qədər kompleks xarakter alıb ki, sözügedən münaqişə həm də ən çox öyrənilən münaqişələrdən biridir. Təndiqçilər belə hesab edirlər ki, Fələstində yəhudi xalqı üçün balaca, milli bir ev yaratmaq ideyası bu günə qədər saysız-hesabsız canlar alıb. Bu ərazi dünyanın ən spesifik ərazilərindən biri olmaqla yanaşı, həm də demək olar ki, dünyanın bütün aktorlarının da uzlaşa bilmədiyi bir düyün nöqtəsinə çevrilib."

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Münaqişə tərəfləri əsas məsələlərdə hələ də fikir ayrılıqlarına malikdirlər. Əsas amil hər iki tərəfin təhlükəsizliyinin necə təmin edilməsidir. Bu baxımdan İsrail və Fələstin məsələlərin hər birinin mahiyyətinə fərqli yanaşır. Mahiyyəti hər iki tərəf özünə uyğun təsvir edir. Fələstinin narrativi İsrailin siyasətin ən sərt üzünü tətbiq edərək əziyyət çəkən yerli xalq ideyasında gizlidirsə, İsrailin versiyası isə torpaqsız xalqın tarixi vətənini geri alması və düşmənlərdən özünü müdafiə etməsi ideyası üzərində qurulub. Mübarizə sadəcə hərbi, siyasi baxımdan deyil, iqtisadi və ideoloji cəhətdən, insan hüquqları və humanitar məsələlər üzərindən də gedir. Bu məqamda qeyd etməliyik ki, İsrail tərəfindən azad edilən fələstinlilərin əksəriyyəti müharibə zamanı hərbi əməliyyatlarda iştirak etmək şübhəsi ilə Qəzzada həbs olunmuş, bəziləri ittiham irəli sürülmədən saxlanılmış və əraziyə geri göndərilmişdilər. Onlardan 250-si israillilərə qarşı ölümcül hücumlara görə uzunmüddətli həbs cəzası çəkirdi. Bu məhbuslardan 154-ünə azadlıq əsas şərtlə verildi. Şərt də bu idi ki, onlar sürgünə göndərildilər və Fələstin ərazilərindəki evlərinə qayıtmadılar, son mənzil kimi Qahirəyə deportasiya edildilər. Bir qrup İsrail təhlükəsizlik mütəxəssisi bu cür əsaslandırır ki, deportasiya siyasəti azad edilmiş məhbusların militant fəaliyyətə qayıtmasının və israillilər üçün gələcəkdə təhlükə yaratmasının qarşısını almaq üçün nəzərdə tutulub. Lakin keçmiş hadisələr onu da göstərir ki, Fələstinli məhbusların xaricə deportasiyası siyasəti İsrail təhlükəsizliyi üçün gözlənilməz, uzunmüddətli nəticələrə səbəb ola bilər. Başqa qrup İsrail təhlükəsizlik analitikləri isə deyir ki, yüksək riskli məhbusların xaricə deportasiya edilməsi onların Fələstin ərazilərindəki ailələrinə və icmalarına qayıtmalarına icazə verməkdən daha yaxşıdır. Belə düşünülür ki, bu məsafə azadlığa buraxılan məhbusların HƏMAS kimi militant qruplarda əməliyyat rollarını bərpa etmək qabiliyyətini azaldır. Onu da qeyd edək ki, oktyabr ayında azad edilən və deportasiya edilən məhbuslar arasında son onilliklərdə israillilərə qarşı ən məşhur hücumlardan bəzilərinə görə məsuliyyət daşıyanlar da var.
İsrailə beynəlxalq təzyiq var. Baş nazir Benyamin Netanyahunun fəaliyyəti ən yumşaq formada desək tənqidlə müşayiət olunaraq, birmənalı qarşılanmır. ABŞ sülh gətirmək səylərini davam etdirməkdə istəkli görünsə də, balansı hələ də pozduğunu, İsrailə dəstək olduğunu açıq görmək mümkündür. Məhz siyasi balansa təsir edən ən başlıca amillərdən də biri budur ki, özü ilə digər qeyri-bərabər nisbətdə baş verən amillərə yol açır. Şübhəsiz ki, sözügedən məsələdə beynəlxalq təzyiqin də rolu var. Lakin nə İsrailin, nə də HƏMASın sakitləşəcəyini düşünmürəm. HƏMAS da bütün bu reallıqları bildiyindən danışıqlara hazırmış kimi görüntü yaradır. Bunu nəticə etibarilə strateji plan üçün nəzərdə tutulan taktiki gediş kimi də dəyərləndirmək olar. "

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31