Konstitusiya və Suverenlik İli çərçivəsində “Konstitusiya Etüdləri” silsiləsindən – I yazı

Konstitusiya və ictimai iştirakçılıq: dövlətin hesabatlılıq fəlsəfəsi

Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlət idarəçiliyinin həm hüquqi, həm də mənəvi bünövrəsini formalaşdıran sənəddir. Onun dəyəri təkcə dövlətin quruluşunu müəyyən etməsində deyil, insan və vətəndaş hüquqlarının təminatını ali məqsəd kimi təsbit etməsindədir. Müasir dövlətin legitimliyi yalnız iqtisadi və siyasi göstəricilərlə deyil, vətəndaşın hüquqlarının qorunması və qərarvermə proseslərində iştirak səviyyəsi ilə müəyyən olunur. Konstitusiyanın 1-ci maddəsində "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır" norması təsbit edilmişdir. Bu prinsip dövlətin idarəetmə fəlsəfəsini müəyyən edir. Hakimiyyət xalqdan qaynaqlanır və xalq qarşısında məsuliyyət daşıyır.
Konstitusiyanın 12-ci maddəsində dövlətin ali məqsədi dəqiq göstərilmişdir: "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir." Bu norma hüquqi baxımdan dövlətin fəaliyyət fəlsəfəsini müəyyən edir. Burada iki əsas istiqamət nəzərə çarpır: birincisi, dövlətin məqsəd yönümlülüyü -
bütün orqanların və qərarların məqsədi insan hüquqlarının təminatıdır; ikincisi, sosial ədalət və rifah prinsipi - "layiqli həyat səviyyəsi" ifadəsi sosial dövlət anlayışının konstitusion təsbitidir. Bundan əlavə, beynəlxalq müqavilələrin tətbiqinə dair müddəa insan hüquqlarının qorunmasını beynəlxalq hüququn ümumi prinsipləri ilə birləşdirir. Beləliklə, dövlətin mahiyyəti iqtisadi gücdə deyil, hüquqların təminat səviyyəsində və sosial rifah göstəricilərində əks olunur.
İctimai iştirakçılıq məhz bu məqsədlərin həyata keçirilməsini təmin edən əsas mexanizmlərdən biridir. O, vətəndaşların və ictimai institutların dövlətin qərar qəbuletmə, icra və qiymətləndirmə proseslərində iştirakını hüquqi əsasda reallaşdırır. 2013-cü ildə qəbul olunmuş "İctimai iştirakçılıq haqqında" Qanun bu sahədə mühüm mərhələ oldu. Qanuna əsasən, dövlət orqanlarında ictimai şuralar yaradılır, qanun və qərar layihələri ictimai müzakirəyə çıxarılır, qeyri-hökumət təşkilatları və müstəqil ekspertlər dövlət siyasətlərinə dair təklif vermək hüququna malikdirlər. Bu mexanizmlər dövlətlə vətəndaş arasında qarşılıqlı məsuliyyət və etimad münasibətlərini möhkəmləndirir, idarəetmənin şəffaf və hesabatlı xarakter almasına şərait yaradır.
Konstitusiyanın 54-cü maddəsi hər bir vətəndaşa dövlət idarəçiliyində iştirak hüququ verir. Bu norma formal deyil, dövlətin legitimliyinin əsas dayağıdır. Vətəndaş hüquqları dövlətin fəaliyyətinə hüquqi sərhəd qoyursa, ictimai iştirakçılıq həmin sərhədlər daxilində dövlətin hesabatlı fəaliyyətini təmin edir. İştirakçılıq prinsipi dövlətin idarəçilik mədəniyyətini dəyişir - "idarə edən və idarə olunan" münasibətindən "ortaq məsul tərəflər" modelinə keçidi ifadə edir.
Azərbaycan təcrübəsində ictimai iştirakçılıq artıq dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilmişdir. QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsü, "ASAN xidmət" və Rəqəmsal hökumət platformaları, eləcə də dövlət orqanları yanında ictimai şuralar vətəndaş iştirakçılığı üçün praktiki mexanizmlər formalaşdırmışdır. Bu institutlar qərarların hazırlanması və icrasında ictimai rəyin və ekspert fikrinin nəzərə alınmasını təmin edir, dövlət orqanlarının fəaliyyətinə ictimai etimadı artırır.
Beynəlxalq təcrübə də göstərir ki, ictimai iştirakçılıq müasir dövlətin idarəetmə keyfiyyətinin əsas göstəricisinə çevrilib. Estoniyada elektron müzakirə platformaları, Finlandiyada açıq məlumat siyasəti, Cənubi Koreyada vətəndaşların elektron təklif sistemi bu yanaşmanın müxtəlif modelləridir. Azərbaycan isə bu istiqamətdə özünəməxsus model quraraq ictimai iştirakçılığı sosial dövlət və şəffaf idarəetmə prinsipləri ilə sintez etmişdir.
Gələcək konstitusional mərhələdə ictimai iştirakçılığın ayrıca prinsip kimi təsbiti məqsədəuyğun görünür. Belə bir norma ictimai nəzarəti hüquqi səviyyədən konstitusional dəyər mərhələsinə qaldırar və dövlətin hesabatlılıq fəlsəfəsini sistemləşdirərdi. Dövlət idarəçiliyində vətəndaşın təklif vermək, məlumat almaq və hesabat tələb etmək hüququ artıq demokratik dəyər deyil, hüquqi dövlətin işlək mexanizmi kimi qəbul edilməlidir.
İctimai iştirakçılıq və vətəndaş hüquqları birlikdə dövlətin sosial və hüquqi məsuliyyət sistemini formalaşdırır. Hüquqlar dövlətin öhdəliklərini müəyyən edir, iştirakçılıq isə bu öhdəliklərin icrasını təmin edir. Azərbaycan bu istiqamətdə möhkəm institusional baza yaradıb və "Konstitusiya və Suverenlik İli" bu inkişafın nəzəri və praktik əsaslarını daha da möhkəmləndirir. Dövlətin legitimliyini qoruyan əsas amil məhz bu balansdır - hüquqların reallığı, sosial rifahın təminatı və vətəndaşın qərar proseslərində iştirakı. Bu balans hüquqi dövlətin dayanıqlığını, cəmiyyətin etimadını və dövlət idarəçiliyinin səmərəliliyini təmin edən konstitusion əsasdır.

Əliməmməd Nuriyev
Konstitusiya Araşdırmalar Fondunun prezidenti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31