"Balasanyanın istinad etdiyi sənədin artıq hüquqi qüvvəsi yoxdur" – Əli Mustafa – ÖZƏL
17:42 SiyasətXocalı qətliamının törədilməsində iştirak edən, Qarabağdakı qovulmuş separatçıların keçmiş rəhbərlərindən Vitali Balasanyan, ermənilərin bir gün yenidən Qarabağa qayıda biləcəyinə ümid etdiyini bildirib. O, 10 noyabr sənədinin ləğv edilmədiyini və tətbiq olunacağına ümid etdiyini qeyd edib.
Balasanyan təhlükəsizlik zəmanəti verilərsə, geri qayıtmağa hazır olduğunu da deyib.
"Vitali Balasanyan bir cəlladdır, qaniçən bir cinayətkardır. O, erməni faşistidir, insanlığa qarşı ağır cinayətlər törətmiş bir şəxsdir. Mən düşünürəm ki, Azərbaycan hökuməti onun Qarabağda törətdiyi cinayətlərə, Xocalı soyqırımında iştirakına və yüzlərlə, minlərlə azərbaycanlının qanını tökməsinə görə həbs edilməsi istiqamətində ciddi addımlar atmalıdır. O, mütləq şəkildə Azərbaycana gətirilməli və digər hərbi cinayətkarlarla bir sırada dayanaraq cəzalandırılmalıdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bu şəxs Qarabağda ilk gərginlik başlayandan bəri orada törədilən vəhşiliklərin təşkilatçılarından biri olub. Əsgəran bölgəsindəki ilk hücumdan tutmuş, azərbaycanlı tələbələrə qarşı zorakılıq, qadınların, qızların təhqir edilməsi və zorlanması, Xocalıda törədilən kütləvi qətllər, bütün bunlarda onun imzası var. Hətta o dövrdə öldürülən insanların qızıl dişlərinin belə çıxarılması kimi iyrənc və qeyri-insani əməllər bu şəxsin və onun dəstəsinin törətdiyi cinayətlərdir. Bunları biz bilməliyik və ictimaiyyətə də açıq şəkildə çatdırmalıyıq.
Ekspert qeyd edib ki, onun istinad etdiyi "müavin sənədi" deyilən on minlik sənədin artıq heç bir hüquqi qüvvəsi yoxdur. Çünki həmin sənəd heç bir parlamentdə təsdiqlənməyib, o cümlədən Azərbaycan parlamenti tərəfindən də qəbul edilməyib. Digər tərəfdən, həmin sənədin imzalandığı dövrdə mövcud olan şərait indi artıq yoxdur. Beynəlxalq hüquqa görə, bir sənədi əsaslandıran şərtlər aradan qalxarsa, o sənədin hüquqi qüvvəsi də itir. Deməli, həmin sənəd bu gün üçün tamamilə qüvvəsini itirib. Bu səbəbdən, Qarabağa ermənilərin qayıdışı məsələsi barədə məhz bu cinayətkarın danışması ən azı absurd görünür. Əgər bu barədə kiminsə danışmağa haqqı varsa, o, müharibədən sonra sülh və barışıq tərəfdarı olan şəxslər ola bilər. Amma Vitali Balasanyan kimi bir hərbi cinayətkarın bu haqda fikir bildirməsi, ümumiyyətlə, Azərbaycan xalqına, Qarabağda şəhid olan minlərlə insanın ruhuna təhqirdir. Mən hesab edirəm ki, bu şəxsin "qayıdışı"ndan deyil, onun Azərbaycana gətirilərək törətdiyi cinayətlərə görə cəzalandırılmasından danışmaq lazımdır. Bu, çox vacib məsələdir. Başqa cür, yəni onun və onun kimilərin Qarabağa "qayıdışından" söhbət gedə bilməz. Bu məsələ artıq qapanıb. Əgər hansısa mərhələdə, hansısa səviyyədə ermənilərin Qarabağa qayıdışı məsələsi müzakirə olunacaqsa, o halda Qərbi Azərbaycandan didərgin düşmüş azərbaycanlıların da doğma torpaqlarına - Qərbi Azərbaycana qayıdışı məsələsi eyni paketdə müzakirə olunmalıdır. Bu məsələ yalnız birlikdə baxıla bilər, ayrı-ayrılıqda yox.
"Təhlükəsizlik təminatları məsələsinə gəlincə, Azərbaycan Respublikasının suveren ərazisində hər hansı təhlükəsizlik təminatını yalnız Azərbaycan dövləti verə bilər. Burada heç bir üçüncü və ya beşinci tərəfin müdaxiləsinə yol verilə bilməz. Əgər Azərbaycan dövləti hansısa şəxslərin və ya icmaların ərazimizdə yaşamasına təhlükəsizlik təminatı vermək qərarına gələrsə, bu, yalnız dövlətin öz suveren qərarı ola bilər. Kənar qüvvələrin xahişi, təzyiqi və ya iddiası ilə belə qərar verilə bilməz.
Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Qarabağda bir milyondan çox azərbaycanlının evi-eşiyi dağıdılıb. Qərbi Azərbaycandan didərgin salınmış yüz minlərlə azərbaycanlının əmlakı, mal-mülkü talan edilib. Belə bir fon qarşısında, Qarabağdan qaçan 20-30 min erməninin hər hansı "qayıdış iddiası"nın ciddi müzakirəyə çıxarılması mümkün deyil. Əksinə, həmin bölgələrdə dağıdılmış evlərin və əmlakın yenidən bərpa edilərək Qarabağda zərər çəkmiş Azərbaycan vətəndaşlarına verilməsi daha ədalətli və doğru addım olardı. Bu, həm ədalətin bərpası, həm də qayıdış məsələsinin bir dəfəlik bağlanması baxımından vacibdir," - deyə Əli Mustafa bildirib.
Siyasi şərhçi əlavə edib ki, Qarabağdan qaçanların əksəriyyəti təkcə Ermənistan vətəndaşları deyil, həm də müxtəlif ölkələrdən gəlmiş erməni silahlı dəstələrinin üzvləri, yəni terrorçular idi. Onlar Suriyadan, Livandan və başqa ölkələrdən gətirilərək orada məskunlaşdırılmışdılar. Azərbaycan Ordusunun birgünlük antiterror əməliyyatı nəticəsində bu cinayətkarlar başa düşdülər ki, törətdikləri əməllərə görə cəzalandırılacaqlar, ona görə də qaçıb getdilər. Ona görə də bu gün onların evlərinin "qorunmasından" deyil, əksinə, Qarabağda zərər görmüş azərbaycanlıların haqlarının bərpasından danışmaq lazımdır.
Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində yaşaması və ya qayıtması məsələsi isə ümumiyyətlə müzakirə mövzusu ola bilməz. Bu barədə danışmaq və ya hansısa iddianı rəsmiləşdirmək üçün nə hüquqi, nə də mənəvi əsas mövcuddur.
Sevda Dəniz