Rusiya-Azərbaycan münasibətlərində Mehrabyanın narahatlıqları əsassızdır-Elşən Manafov - ÖZƏL

Erməni politoloq Ruben Mehrabyan bildirib ki, Rusiya-Azərbaycan münasibətlərində "soyuq müharibə" bitsə də, Moskva Cənubi Qafqazda "hibrid savaşı" Ermənistan vasitəsilə davam etdirir. Mehrabyan qeyd edib ki, Moskva 8 avqust Vaşinqton razılaşmalarına ehtiyatla yanaşır və Azərbaycanın Ermənistanı təzyiq altında saxlayacağına ümid edir. O, həmçinin 2026-cı ildə sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizi layihəsinin region üçün həlledici olacağını vurğulayıb. Politoloq Paşinyanın seçkiləri uduzması halında rusiyapərəst qüvvələrin sülh prosesini dəyişdirə biləcəyini bildirib.
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib: 
" Ruben Mehrabyan Ermənistan politoloqları arasında Rusiyaya qarşı sərt mövqeyi ilə seçilənlərdəndir. Rusiya-Türkiyə və ya Rusiya-Azərbaycan münasibətlərində hər hansı istiləşmə, münasibətlərdə qarşılıqlı maraqlar kontekstində atılan addımlar Mehrabyan kimi politoloqlar tərəfindən adətən narahatlıqla qarşılanır. Bununla belə, Mehrabyanın Rusiya-Türkiyə münasibətlərindəki yaxınlaşmanın strateji deyil, daha çox taktiki maraqlardan irəli gəlməsi ilə bağlı fikirləri ilə razılaşmamaq olmur. Rəsmi Ankara geosiyasi maraqlarından çıxış edərək Rusiya ilə avraziyaçılıq məfkurəsi ətrafında əməkdaşlıq etsə də, Qərblə avroatlantizm mövqelərində eyni səngərdə durur və Mehrabyana görə bu, Ermənistana nicat verən faktorlardandır.
Mehrabyan Paşinyanın Ermənistanın Qərbə inteqrasiya ilə bağlı mövqeyini dəstəkləyənlərdəndir, zira o, Qərbin donor təşkilatları ilə bağlıdır, direktiv və təlimatları ordan alır. Avrasiya İqtisadi Birliyində Ermənistanın təmsilçiliyi onun iqtisadi və dövlət maraqlarına cavab versə də, Mehrabyan Avropa Birliyinə inteqrasiyanın tərəfdarı olub, Rusiya ilə əməkdaşlıqdan uzaq olmağı üstün tutur və buna görə də daim erməni müxalifətinin hədəfindədir.
Onun Azərbaycanın Rusiya tərəfindən bəlli qüvvələrin təsiri altında guya ki, rəsmi İrəvanı şantaj və ya təhdid etməsi ilə bağlı mövqeyi gerçəklikdən uzaq və təhriflə dolu bir ismarıcıdır. Bunun əksi olduğunu göstərən dəlillər rəsmi Bakının İrəvanla sülh müqaviləsinin imzalanmasını tezləşdirmək üçün bir tərəfli şəkildə Ermənistan ətrafında nəqliyyat blokadasını aradan qaldırması, Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana çatdırılması üçün qəbul etdiyi qərardır. Bunu Paşinyan da Tiflisdəki çıxışında alqışlamışdır.
Rusiya Zəngəzur dəhlizinin açılması və fəaliyyət göstərməsinin əleyhinə deyil. Bunu 2020-ci ildə Kremlin moderatorluğu ilə Moskvada 10 noyabrda imzalanmış müqavilənin məlum 9-cu maddəsi də sübut edir, zira burada söhbət regionda nəqliyyat kommunikasiya xətlərinin açılmasından gedir ki, bu, Rusiyanın da maraqlarına cavab verir. Belə ki, məlum dəhliz Rusiyaya Azərbaycan üzərindən Ermənistanla daha sıx əlaqələrin qurulmasına (dəmir yolları vasitəsilə) şərait yaradacaq. Lakin Rusiya Moskva müqaviləsinin məlum mətnində dəhliz üzərindən yük daşınmalarına Rusiya sərhədçilərinin nəzarət edəcəyi ilə bağlı tərəflərlə razılıq əldə etmişdi. Paşinyan isə Qərbdən aldığı təlimatlara rəğmən uzun müddət bu prosesin reallaşmasını ləngidə bildi, daha sonra isə Vaşinqtonla razılığa gələrək regionun gələcək geosiyasi arxitekturasına təsir göstərə biləcək layihə ətrafında Vaşinqtonla ortaq məxrəcə gəldi. Bu isə regionla bağlı bəlli razılaşmaların gələcək müqəddəratını təhlükə altında qoyur, zira regionun təhlükəsizlik problemlərinin həllinə dair 3+3 formatı bu razılaşmaların mahiyyətindən fərqli məna kəsb edərək, regionun problemlərinə bölgədən kənar dövlətlərin müdaxiləsini məqbul bilmirdi. Xəzərin hüquqi statusu ilə bağlı razılıqlar da bunu nəzərdə tutur.
Rusiyada yaxşı anlayırlar ki, Zəngəzurdakı razılaşmalar Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivi, habelə Mərkəzi Asiya bazarları uğrunda Qərblə Çin, həmçinin Rusiya arasında gedən geosiyasi qarşıdurmada Qərbin xeyrinə işləyə biləcək faktorların güclənməsinə səbəb ola bilər. Rusiya isə Çinlə, həmçinin İranla yanaşı, onun lehinə olmayacaq bu şəraitin formalaşmasından sığortalanmaq istəyir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31