Cənubi Qafqaz üçün tarixi fürsətlər pəncərəsi açılıb

Azərbaycan Ermənistana yeni şans verir

44 günlük Vətən müharibəsində qələbə əldə edən Azərbaycanın slüh təşəbbüsü ilə çıxış etməsi təkcə Ermənistanla müharibəyə son qoyulmasına deyil, eləcə də bütövlükdə regionda əminamanlığın bərqərar olmasına xidmət edir. Təsadüfi deyil ki, ölkəmiz regionun inkişafını və sabitliyini təmin etmək üçün təşəbbüslərini davam etdirir. Azərbaycan tərəfi hesab edir ki, regionda həm də rifah və inkişafı təmin etmək üçün münbit şərait yaranıb. Məhz bu kimi amilləri nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana səfəri zamanı mühüm bir bəyənatla çıxış edib. Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında bildirib ki, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər. Dövlətimizin başçısı qeyd edib: "Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər".
Etiraf edilməlidir ki, Azərbaycan tərəfi bu addımı atmaqla Ermənistanın müstəqil dövlət olmaq şansını artırmış olur. Məlumdur ki, Ermənistan özünü de-yuri müstəqil dövlət elan etsə də de-fakto Rusiyadan asılı vəziyyətdədir. Xüsusən ölkə iqtisadiyyatının ən mühüm sahələri Rusiyanın nəzarəti altındadır. Azərbaycan Ermənistana nəqliyyat dəhlizi verməklə bu dövlətin müstəqilliyini təmin etməklə yanaşı, ölkəyə rifah və inkişaf gətirir, ermənilərə çörək verir, xalqın çırağını yandırmış olur. Təbii ki, Azərbaycanın bu addımı Ermənistanın düşüncə sahibi olan vətəndaşları tərəfindən müsbət qarşılanır. Elə dövlət başçısı İlham Əliyevin bu bəyənatı özünü çox gözlətmədi, qarşı tərəfdən dərhal aşıqlama gəldi. Belə ki,  Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanda keçirilən "İpək Yolu" konfransı zamanı deyib ki, "siyasi baxımdan biz Naxçıvan Muxtar Respublikasından Azərbaycanın materik hissəsinə və geriyə Ermənistan ərazisindən tranziti təmin etməyə hazırıq, lakin texniki cəhətdən infrastrukturun olmaması səbəbindən hələ hazır deyilik". Paşinyan daha sonra bildirib: "Siyasi baxımdan biz Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında, eləcə də Türkiyə ilə Azərbaycanın materik hissəsi arasında dəmir yolu tranzitini təmin etməyə də hazırıq, lakin bu hissələrdə dəmir yolu təmir və ya yenidənqurma tələb edir. Əminəm ki, iki-üç il ərzində texniki məsələlər öz həllini tapacaq".
Erməni baş nazir sensasiya sayılacaq açıqlama da verib: "Yaxın vaxtlarda Ermənistan ərazisindən boru kəmərləri və Azərbaycan-Ermənistan-Türkiyə elektrik xətləri çəkiləcək. Qeyd etdiyim kimi, dəmir yolu və avtomobil yolları da qurulacaq. Bütün bunlar TRIPP proqramı çərçivəsində müzakirə olunur. Biz Türkiyə və Azərbaycanla da müvafiq danışıqlar aparırıq. Biz də bu razılaşmaların həyata keçirilməsi üçün ABŞ-la işləyirik".
Nikol Paşinyan qeyd edib ki, bütün bunların həyata keçirilməsinin ən mühüm şərti Vaşinqton sammiti nəticəsində Ermənistanla Azərbaycan arasında yaradılmış sülhdür: "Biz hazırda Azərbaycanla bu barışığı daha institusionallaşdırmaq üçün çalışırıq. Biz Vaşinqtonda paraflanmış Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və ratifikasiyası üzərində işləyirik. Eyni zamanda, bütün nəqliyyat əlaqələri mərhələli şəkildə açılaraq regionumuza tarixi dəyişikliklər gətirəcək. Bölgəmizdəki nəqliyyat layihələrinin bir-biri ilə rəqabət aparmasıyla bağlı bəzi açıqlamalar eşitmişəm. Mən bu fikirlə qətiyyən razı deyiləm, çünki bizim regionda nəqliyyat marşrutları bir-birini tamamlayır, Cənubi Qafqazın tranzit potensialını artırır. Vaşinqton Bəyannaməsinin üçüncü bəndində deyilir ki, Fars körfəzi-Qara dəniz dəmir yolu da açılacaq və bu, təkcə Ermənistanın deyil, həm də Gürcüstan və Azərbaycanın potensialını xeyli artıracaq. Ermənistanla Türkiyə arasında dialoq, Ermənistanla Azərbaycan arasında yaradılmış sülh, TRİPP layihəsi, Gürcüstan və İranın region ölkələri ilə mehriban qonşuluq münasibətləri Cənubi Qafqazı Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində ən cəlbedici tranzit marşrutuna çevirəcək. Bu o deməkdir ki, regionumuzdakı bütün ölkələrin infrastrukturu bu artan axınları idarə etmək üçün kifayət qədər olmasa da, sıxılacaq. Hazırda Cənubi Qafqaza yönəlmiş böyük beynəlxalq maraq bizim, yəni Ermənistanın sərmayə qoyduğu kapitaldır".

Məsələyə münasibət bildirən siyasi şərhçi Pərviz Mirizadə qeyd edib ki, böyüklük sözlə deyil, məhz əməllə olur. Azərbaycan ərazisindən Ermənistana taxıl keçidinə icazə verilməsi Vaşinqton görüşündə əldə olunan müsbət dinamikanın davamı olmaqla bərabər, daha dərin qatlarda Nikol Paşinyan və komandasına ünvanlanmış bir jestir: "Proseslərə daha əhatəli rakursdan yanaşarsaq, Bakı artıq beş ildir ki, regionda oyunqurucu statusuna yiyələnib. Yəni, Cənubi Qafqaz geosiyasi maraqların toqquşduğu məkan olsa da, Azərbaycan faktoru danılmaz reallıq kimi öz təsir gücünü hər gün daha da artırır. Bölgədə varlıq göstərmək istəyən istənilən xarici oyunçu mütləq şəkildə ölkəmizlə uzlaşmağı bacarmalıdır. Buna qədər Fransa, Bayden Amerikası, Avropa Birliyi kimi güclər Azərbaycana əks mövqeydə dayanaraq regiona nüfuz etmək cəhdləri etsələr də, nəticə göz qabağındadır.  Yekun da hər biri təşəbbüslərinin uğursuzluğu ilə barışmalı oldular.
Lakin, Ermənistan amili hər zaman regionun zəif halqası hesab olunub və bu üçüncü qüvvələrin bu ölkəyə təsir etmək imkanları kifayət qədər genişdir. Buna səbəb illərlə aparılan yalnış siyasət və nəticəsiz düşmənçilik fəaliyyətidir. Ancaq 44 günlük İkinci Qarabağ Müharibəsi ənənəvi narrativləri dəyişdi və Nikol Paşinyana erməni cəmiyyətinə həqiqətləri aşılamaq üçün tarixi fürsət yaratdı. Bu nədən ibarətdir? Cavab çox sadədir. Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan müstəqil olmaq imkanları yoxdur və digər güclərin istəkləri çərçivəsində erməni insanın həyatlarını itirmə ehtimalı hər zaman üçün aktualdır.
Bilindiyi kimi,  hazırda Cənubi Qafqaz üçün tarixi fürsətlər pəncərəsi açılıb. Obrazlı şəkildə ifadə edərsək, böyük ticarətlərin perspektivləri regiona yeni bir nəfəs gətirir. Azərbaycan bununla bağlı bütün təşəbbüsləri dəstəkləyir və aktiv iştirakçı kimi çıxış edir. Həmçinin Nikol Paşinyan administrasiyası da bu mövqeydən çıxış edir. Lakin erməni müxalifəti  köhnə düşüncələrin əsiri olaraq qarşıdan gələn seçkilərdə müsbət dinamikanı tozlu gündəliklə əvəzləməyə çalışır. Təbii ki, onlar bu prosesdə tək deyil. Kreml bütün imkanlarını səfərbər edərək Ermənistanda yenidən özünə sadiq hakimiyyət formalaşdırmağa çalışır. Belə həssas məqamda Prezident İlham Əliyevin Qazaxıstanda səsləndirdiyi fikirlər, Ermənistana yüklərin daşınmasına icazə verilməsi Paşinyan hökumətinə seçicilər qarşısında sülh gündəliyinin uğurlu nəticələrini təqdim etmək üçün bir jestir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31