Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb etdi- ÖZƏL

"Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Sözügedən Sərəncama əsasən, 17 oktyabr Füzuli Şəhəri Günüdür". "Olaylar" xəbər verir ki, bunu YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva deyib: "2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Hərbi əməliyyatların elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və "keçilməz" adlandırdığı ön müdafiə xətti yarıldı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə "Dəmir yumruq" əməliyyatını uğurla davam etdirən ordumuzun əsgər və zabitləri oktyabrın 17-də mühüm strateji əhəmiyyətə malik Füzulini işğaldan azad etdi. Prezident İlham Əliyev bu xoş xəbəri "Twitter" səhifəsindən xalqımıza çatdırdı: "Bu gün Azərbaycan Ordusu Füzulidə Azərbaycan bayrağını qaldırdı. Füzuli bizimdir. Qarabağ Azərbaycandır!" Füzulinin azad edilməsi Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyünü daha da gücləndirdi. 44 günlük Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi.
Füzuli uğrunda döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən oldu.  Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında kitablar yazılacaq. 30 il ərzində düşmən təmas xəttində  möhkəm istehkam qurmuşdu. Bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etdi.
2020-ci il noyabrın 26-da   "Füzulinin azad olunmasına görə" medalı təsis olunub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub. Odur ki, torpaqlarımızın azad edildiyi tarixlə yanaşı, işğal günlərini də unutmuruq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31