Vilayəti əl çəkmir - “Qurani-Kərimdə Qafqaz...”

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Qafqaz bölgəsinin İran üçün qədimdən bəri böyük əhəmiyyət daşıdığını iddia edib. Bu barədə o, X sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə,  Qurani-Kərimdə haqqında təriflə danışılan Zülqərneynin, böyük təfsir alimi Allamə Təbətəbainin də vurğuladığı kimi, Böyük Kir (Kuroş) olduğu fikrinə işarə edərək Herodotun yazısına istinadla bildirib: "Kuroş dövründən etibarən Qafqaz İranın təhlükəsizlik kəməri olub. Onlar bu bölgədə barbar tayfaların hücumlarının qarşısını almaq üçün bir sədd inşa edib".

Göründüyü kimi, İranın dini rəhbərliyinin Zəngəzur "ağrısı" davam edir. Baxmayaraq ki, prezident Məsud Pezeşkian hökuməti məsələdə daha obyektiv və mötədil mövqe ortaya qoyub. Bununla yanaşı, İranın mühafizəkar qanadı ilə hökumətin regional proseslərə münasibətində kəskin fərq müşahidə olunur. Bu da Zəngəzur dəhlizi ilə bağlı hələ də yekdil rəyin olmamasından irəli gəlir. Bu yol isə "Tramp marşrutu" adlanacaq və ABŞ ilə Ermənistan arasında əldə edilmiş razılaşmadır. Yəni İran Azərbaycana deyil, Ermənistana mövqeyini bildirməlidir. 

Ən əsası isə bu dəhlizin açılmasından İran da yararlana bilər. Amma Vilayəti arqument tapa bilmədiyi üçün indi də müsəlmanların müqəddəs kitabından tutaraq Cənubi Qafqazla bağlı fikir bildirmək istəyib. Ancaq Qurani-Kərimdən sitat gətirərək regionla bir əlaqə axtarmaq özü də qeyri-ciddilikdir. 

Bəs İran rəhbərliyi niyə Qafqazı özünün "təhlükəsizlik kəməri" kimi təqdim edir? Zəngəzur məsələsi İranın rəsmi ideoloqları və dini rəhbərliyi üçün niyə "ağrı" olaraq qalır? İranın Qafqaz siyasətində dini ritorikanın (Qurani-Kərim, Zülqərneyn, tarixi mənbələr) istifadəsinin əsas məqsədi nədir? Bu cür bəyanatlar İran-Azərbaycan münasibətlərinə necə təsir edə bilər?

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi | Modern.az

Ceyhun Məmmədov

Olaylar.az xəbər verir ki, deputat Ceyhun Məmmədov "Yeni Müsavat"a bildirib ki, Azərbaycan hər zaman həm İran, həm də Rusiya üçün strateji əhəmiyyət daşıyıb: "Bu, tarix boyu belə olub və belə də qalacaq. Əbəs deyil ki, məhz bu torpaqlar uğrunda İran-Rusiya, Rusiya-Türkiyə müharibələri baş verib. Hazırda məsələnin həm İran, həm də Rusiya üçün ən narahatlıq doğuran tərəfi Zəngəzur dəhlizinin açılmasıdır. Çünki bu dəhliz Türk dünyasının bütövləşməsinə, inteqrasiyanın güclənməsinə xidmət edir. Bu isə illərlə Azərbaycanı Orta Asiyadan və Türkiyədən uzaq saxlamağa çalışan İran və Rusiyanın planlarını alt-üst edir. Elə buna görə də onlar bütün güclərini səfərbər edirlər ki, Türk dünyası tam olaraq birləşməsin və bu prosesin qarşısı alınsın. Yəni əsas səbəb budur".

Deputatın sözlərinə görə, ikinci səbəb isə iqtisadi amillərlə bağlıdır: "İran hesab edir ki, dəhliz açılarsa, yükdaşımaları artıq onun ərazisindən deyil, Azərbaycandan həyata keçiriləcək. Bu da iqtisadi baxımdan İrana mənfi təsir göstərə bilər. Lakin prezident Pezeşkianın yanaşması daha realistdir. O, bir müddət əvvəl haqlı olaraq bildirmişdi: necə ola bilər ki, İsrail uzaq məsafədən gəlib Azərbaycanla əlaqə qura bilir, amma İran qura bilmir?! 

Yəni kimin istəyib-istəməməsindən asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq və buna İran mane ola bilməyəcək. Pezeşkian mühafizəkar dairələrə mesaj vermək istəyir ki, bu siyasətlə yalnız münasibətlərə zərər vururlar, inkişafı əngəlləyirlər. Buna sübut kimi son günlər Azərbaycanda paylaşılan bir fotoya diqqət çəkilir - İran Prezidenti Ermənistana gedəndə erməni bayrağını sinəsinə taxır, Belarusa gedəndə bu ölkənin bayrağını taxır, amma Azərbaycana gələndə Azərbaycan bayrağını taxmır. Bu, İran dövlətinin şovinist siyasətindən irəli gələn açıq-aşkar bir mövqedir".

C.Məmmədov Qafqaz siyasətini Quranla əlaqələndirmək məsələsinə isə bu cür mövqe bildirib: "Bu, dini camiəyə yönəlmiş təbliğat xarakteri daşıyır. Məlumdur ki, İran öz ideologiyasında və siyasətində din amilindən çox məharətlə istifadə edir. Biz bunu illərlə müşahidə etmişik. Belə dini istinadlar əslində İranın nəzarətində olan dini qrupları bu proseslərə cəlb etmək, onları səfərbər etmək məqsədi daşıyır. Bunu sosial mediada da açıq şəkildə görmək mümkündür".

Deputat qeyd edib ki, bu cür bəyanatlar Azərbaycan-İran münasibətlərinə ciddi zərbə vurur: "Bilindiyi kimi, son dövrlərdə münasibətlərdə müəyyən gərginlik yaranmış, daha sonra bu gərginlik qismən aradan qalxmışdı. Ancaq İran rəsmilərinin son açıqlamaları və ritorikası münasibətlərin normallaşmasına, inkişafına ciddi mane olur. Bu, həm də regiondakı əməkdaşlıq imkanlarına xələl gətirir. Ona görə də bu siyasətə son qoymaq daha məqsədəuyğun olardı. İran da bunu nəzərə almalıdır, çünki belə yanaşmalar münasibətlərin inkişafına yalnız zərər vurur. Zəngəzur dəhlizi isə açılmalıdır. Çünki artıq bu prosesdə böyük güclər, o cümlədən ABŞ da iştirak edir və bu layihənin qarşısını almaq mümkün deyil. İran rəsmiləri mütləq bunu nəzərə almalı, öz Qafqaz siyasətində ciddi dəyişikliklər etməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31